Bölgənin ən perspektivli mövqeyə və gücə malik ölkəsi Azərbaycandır - EKSPERT RƏYİ

Bölgənin ən perspektivli mövqeyə və gücə malik ölkəsi Azərbaycandır - EKSPERT RƏYİ

“Müharibədən dövlətlərin daha da güclənərək çıxdığına dair tarixdə çox az nümunələr var. Məsələn ikinci Dünya Müharibəsindən bütün Avropa dövlətləri, həmçinin SSR-i özü də demək olar ki, siyasi, iqtisadi, sosial infrastruktur baxımından tam dağılmış vəziyyətdə çıxdı. Müharibədən sonra Sovet İttifaqı tərkibindəki müxtəlif respublikalarda dəhşətli aclıqlar başladı. Bu müharibədən təkcə ABŞ güclənərək çıxdı ki, bunun da öz səbəbləri var”. Bu fikirləri SİA-ya açıqlamasınd “Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, bütün bunların fonunda siyasi, müharibədən iqtisadi, sosial infrastruktur baxımından güclənərək çıxan az nümunələrdən biri Azərbaycandır: “Həqiqətən Azərbaycan 44 günlük Vətən müharibəsində nəinki qalib gəldi, hətta bu müharibədən qat-qat güclənərək çıxa bildi. Təsadüfi deyil ki, ölkə başçısı 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə əlaqədar xalqa müraciətində bir neçə dəfə güclü, güclənən Azərbaycan ifadəsini işlətməklə məhz bu nüanslara işarə etdi. Müharibədən sonrakı 1 il ərzində isə ölkəmiz öz gücünü müxtəlif sahələrdə daha da artırmaqda davam edir. Müharibədən öncə bizim ölkəmiz dünya nəzərində diqtə altında olan, torpaqlarını itirmiş, istənilən diqtə şərtinə boyun əyməyə məhkum və məcbur edilmiş miskin bir ölkə kimi görünürdüsə, 44 günlük müharibə ərzində bu fikirlər köklü sürətdə dəyişdi. Artıq Azərbaycan özünün daxili və xarici maraqlarına uyğun güclü diqtə mövqeyinə qədər yüksəlmiş bir ölkədir. Sözsüz ki, bu Azərbaycanın gücünün nümayişidir”.

A.Quliyev vurğulayıb ki, Azərbaycanın güclənməsi və güclü dövlətə çevrilməsi 44 günlük müharibədən sonra öz gücü hesabına yaratdığı reallıqdır: “Düzdür, bəzən bəzi dairələr hələ də müzakirə edirlər ki, Qarabağ müharibəsi doğurdanmı sona qədər həll olunub? Əlbəttə, Ermənistanın 5-10 il sonrakı siyasəti barədə proqnoz vermək çətindir. Həm də nəzərə alsaq ki, bu ölkənin özünün müstəqil siyasəti yoxdur. Amma nə qədər ki, Azərbaycanın bu gün cənab Prezidentin də nəzərdə tutduğu gücü var və bu güc dayanmadan artırılacaq, o ana qədər bu güc potensialı sözügedən məsələləri həll etməkdə əsas rol oynayacaq. Bu gün dünyada hər kəs qəbul edir ki, bölgənin ən perspektivli mövqeyə və gücə malik ölkəsi Azərbaycandır”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə