Güclü, qüdrətli ordusu olan hər bir dövlətin müstəqilliyi də sarsılmaz və əbədidir. Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dünyanın ən güclü 50 ordusu sırasında yer alan Azərbaycan Ordusunun həm silah arsenalı, həm də maddi-texniki bazası genişlənir, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşır, mənəvi-psixoloji hazırlığı və döyüş ruhu daha da yüksəlir. Ordumuzun bu gücə qovuşmasında xalq-ordu birliyinin mühüm rolu var. Bu gün xalqla ordu arasında möhkəm əlaqənin, sarsılmaz birliyin mövcud olması nəticəsində məğlubedilməzliyi və qələbə əzmi daha da artan Azərbaycan Ordusunun şəxsi heyəti bütün döyüş tapşırıqlarının öhdəsindən layiqincə gələrək işğal altındakı torpaqlarımızı düşməndən azad etməklə nəyə qadir olduğunu bütün dünyaya göstərdi.
Ölkə başçısının 24 dekabr 2021-ci il tarixində Hadrut qəsəbəsindəki Hərbi hissənin açılışı zamanı etdiyi çıxış bir daha Ermənistana və onların havadarlarına Azərbaycanın hərbi gücünun nümayişi idi. Son zamanlarda ölkə ərazisinin demək olar ki, hər bölgəsində yeni, müasir standartlara uyğun hərbi hissələr, hərbi şəhərciklərin salınması, hərbçilərimizin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli, 44 günlük Vətən müharibəsində ordumuzun birmənalı şəkildə üstünlüyünə və əldə edilən qələbəyə rəğmən ordu quruculuğuna ayrılan vəsaitin artırılması Azərbaycanın hərbi potensialının gücündən xəbər verir. Qoşunların maddi-texniki bazasının davamlı olaraq təkmilləşdirilməsi, döyüş hazırlığının real döyüş vəziyyətinə daha da yaxınlaşdırılması, Silahlı Qüvvələrdə mənəvi əhval-ruhiyyənin sağlamlaşdırılması, ordunun milli kadr hazırlığının uğurla davam etdirilməsi, ordunun struktur islahatlarının onun qarşısında dayanan vəzifələrə uyğun aparılması, nizam-intizamın gücləndirilməsi, şəxsi heyətə sosial qayğının daim diqqət mərkəzində saxlanması Azərbaycan Ordusunun daha da güclənməsinə imkan yaradıb.
Çıxışı zamanı dillərə dastan olan Hadrut əməliyyatından danışan Ali Baş Komandan İlham Əliyev bildirdi ki, oktyabrın əvvəlindən başlayaraq Azərbaycan Ordusu cənub cəbhəsindən irəliləyərək düşmənin gözləmədiyi istiqamətə - Hadruta yönəldi. Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başlayacaqdı. Hansı ki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi və onlar hücumu iki istiqamətdən - Laçın dəhlizindən və Qırmızı Bazar istiqamətindən gözləyirdilər. Oktyabrın 7-dən başlayaraq ağır artilleriya döyüşləri başladı, oktyabrın 9-də isə Azərbaycan qoşunları qəsəbə yaxınlığında yerləşən strateji əhəmiyyətli kəndləri və yüksəklikləri nəzarət altına aldılar. Hərbi-strateji əhəmiyyəti baxımından Hadrutun azad edilməsi 44 günlük savaşın taleyini müəyyən etdi.
Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Azərbaycan oğulları Ermənistanı döyüş meydanında məhv etdi. Ermənilərin uzun illər yaratdıqları mifi darmadağın oldu. Onlar öz ordusu haqqında yalan məlumat ötürərək mif yaratmışdılar, guya Ermənistan ordusu yenilməz ordudur. Cəmi 44 gün ərzində Ermənistan ordusu darmadağın oldu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi.
Vətən müharibəsində düşmən qarşısında güclü ordu gördü. Qələbədən sonra istər beynəlxalq təşkilatlar, istər dünyanın konfliktologiya üzrə mütəxəssisləri, istərsə də hərbi ekspertləri etiraf edirlər ki, Azərbaycanın hərbi potensialı Ermənistanın hərbi potensialından qat-qat güclüdür, ali hərbi məktəblərdə belə Azərbaycanın döyüş taktika və strategiyası təhlil edilir, ətrafında müzakirələr aparılır. Bu gücün təminatçısı ordu quruculuğunun dövlət üçün əsas prioritet məsələlərdən olması, Müzəffər Ali Baş Komandanın orduya diqqəti və qayğısı, şəxsi nümunəsi, bilavasitə ordu quruculuğu prosesində formalaşan, inkişaf edən ordu ilə xalqın birliyinin dönməzliyidir. Öz ad gününü doğma Şuşada, Hadrutda əsgərlərlərin yanında qeyd edən cənab Prezidentin xalqa müraciəti hər bir vətəndaşda böyük ruh yüksəkliyi yaratdı.
Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB