Prezident İlham Əliyev: "Dünya Azərbaycanlılarının Həmrəylik Günü soydaşlarımızın vətən sevgisini, xalqımızın tarix və mədəniyyətinə hörmətini, dövlətimizə və azərbaycançılıq ideyalarına sədaqətini əks etdirir "
Milli birliyimizin rəmzinə çevrilmiş 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün hər il bütün soydaşlarımızın ən əziz bayramlarından biri kimi qeyd edilməsinə bir neçə gün qalıb. 31 dekabrda millətimizin varlığının, qüdrətinin mühüm günü olan Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü keçirməklə, həm də yeni 2022-ci ili qarşılayırıq. Bu gün Azərbaycan türklərinin öz birliyinə doğru birinci uğurlu addımı atdığı gündür! Azərbaycan türkünün öz doğma yurdu Azərbaycanın birliyi uğrunda ilk açıq həmrəylik günüdür! Bu gün gələcək Azərbaycan birliyinin ilk carçısıdır!
Təsadüfi deyil ki, 1991-ci ildən başlayaraq, ilk dəfə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə əvvəl Naxçıvanda, sonra isə bütün ölkə miqyasında hər il 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi xüsusi qeyd edilir.
"Bizim vəzifəmiz, Azərbaycan dövlətinin vəzifəsi ondan ibarətdir ki, bütün ölkələrdə yaşayan azərbaycanlılara mümkün olan qayğını, diqqəti göstərsin, onların həyatı ilə maraqlansın və dövlətimizlə ayrı-ayrı ölkələrdə olan Azərbaycan icmaları arasında əlaqələri daha da inkişaf etdirsin. Azərbaycanın xaricində yaşayan azərbaycanlılar isə gərək indi müstəqil Azərbaycan ilə daha sıx əlaqələr qursunlar. Bunlar hamısı dünyada olan bütün azərbaycanlıların birliyinin, həmrəyliyinin təmin olunması üçün əsas şərtlərdir"- bu sözlərin müəllifi olan Ulu Öndər Heydər Əliyevi Azərbaycan xalqının, bütövlükdə, dünyanın ən böyük şəxsiyyətlərindən biri adlandıranlar tamamilə haqlıdırlar.
AZƏRBAYCANÇILIQ İDEYASININ DAVAMÇISI
Bizi, Azərbaycan Respublikasının vətəndaşlarını və dünya azərbaycanlılarını birləşdirən ideya, dəyər azərbaycançılıqdır. Bu dəyər Azərbaycan dövlətini qorumaqdır, vətəndaşlarımızın və dünyadakı soydaşlarımızın həmrəyliyidir, birliyidir. Hər il qeyd etdiyimiz, bu il qalib ölkənin vətəndaşları kimi qarşıladığımız Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür, Azərbaycançılıq. Hər il dekabrın 31-i - bu tarixi günü böyük həvəs və coşqu ilə qeyd edirik. Birliyimizin, həmrəyliyimizin rəmzi gününə çevrilən bu tarix dünyanın bütün yerlərində yaşayan azərbaycanlıları bir bayraq altında toplayır. Tarix dəfələrlə sübut edib ki, milli birliyi formalaşdırmaq, eyni hədəf uğrunda mübarizəni təmin etmək üçün böyük liderlərə ehtiyac duyulub. Bu müqəddəs missiyanı həyata keçirən müstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyev çoxmilyonlu Azərbaycanlıları birləşdirmək istəyi, arzusu, amalı ilə bu tarixi hadisənin bünövrəsini qoymuşdur.
31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə ilə qeyd olunduğunu bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılarının vahid ideologiya ətrafında sıx birləşməsinin Ulu Öndərin adı ilə bağlı olduğunu qeyd edərək demişdir: "Dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərmişdir. Hələ 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilmişdir”.
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə 2001-ci il mayın 23-də Heydər Əliyevin imzaladığı sərəncamla 2001-ci il 9-10 noyabr tarixində Bakıda Dünya Azərbaycanlılarının I qurultayı keçirildi. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev dünya azərbaycanlılarının milli birliyinin və həmrəyliyinin təmin edilməsi, Azərbaycan dövləti və dünya azərbaycanlılarının əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsı zərurəti, o cümlədən, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması, inkişaf etdirilməsi haqqında fikirlərini bildirmişdir. "Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!" - müdrik rəhbərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.
İLHAM ƏLİYEVİN FƏALİYYƏT KONSEPSİYASI - DÜNYA AZƏRBAYCANLILARININ VAHİD İDEYA ƏTRAFINDA BİRLƏŞDİRMƏK
Belə ki, Prezident İlham Əliyevi xalqın sevimlisinə çevirən amillər sırasında təbii ki, onun tariximizə, şanlı keçmişimizə, müstəqilliyimizin simvolu olan dövlət atributlarına hörmət və ehtiram da xüsusi yer tutur. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyət konsepsiyası dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi üçün strateji xətdir və verdiyi bütün vədləri gerçəkləşdirir: “Biz 30 ilə yaxın idi ki, həmişə deyirdik ki, gün gələcək doğma ata-baba torpaqlarımıza qayıdacağıq. Deyirdik ki, gün o gün olsun torpaqlarımızı erməni üzdəniraqlarından, vəhşilərindən, şərəfsizlərindən azad edək. Ancaq indi Prezidentimizin uzaqgörən, qətiyyətli siyasəti nəticəsində biz bu gün həmin torpaqları erməni üzdəniraqlarından, alçaqlarından geri almışıq. Böyük qələbəni al qanı ilə yazan şəhidlərimizin intiqamının alınması ilə əldə edilən zəfəri, qalibiyyəti Azərbaycan xalqına bəxş etməklə Ali Baş Komandan İlham Əliyev həm də həyatını Azərbaycana həsr edən, "Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur" - deyən Ulu Öndərin arzusunu reallaşdırdı.
Birlik və həmrəylimizi dünyaya bir daha bəyan edən 44 günlük Vətən müharibəsində xalq-ordu-iqtidar birliyi şanlı Qələbənin əldə edilməsində mühüm rol oynadı. Döyüş meydanında, diplomatiyada, informasiya müharibəsində birlik və həmrəylik göstərən Azərbaycan xalqı Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Dağlıq Qarabağ öz əzəli xalqına geri qaytarıldı. Prezident İlham Əliyevin 18 il ərzində qətiyyətli və düşünülmüş şəkildə yürütdüyü siyasət öz bəhrəsini verdi və bu günlər hamımız mübarək zəfərin bir illik təntənəsini yaşayır, bütövlüyümüzün və birliyimizin sevincini bölüşürük. Böyük fəxarət və qürur hissi ilə qeyd edirik ki, haqq savaşımızda Azərbaycan regionda yeni siyasi reallığın müəllifi kimi bir daha sübut etdi ki, ölkəmizlə heç zaman güc dilində danışmaq, ona hansısa şərtləri diqtə etmək qeyri-mümkündür.
Prezident İlham Əliyevin xalqa müraciətində dediyi kimi: “Fəxrlə deyə bilərəm ki, bu gün Azərbaycan həmişəkindən daha güclüdür. Bizim gücümüz tək iqtisadi və hərbi qüdrətimizlə deyil, həm də sıx birliyimizlə ölçülür. Ona görə də harada yaşamağımızdan asılı olmayaraq, milli birlik və həmrəylik ideyaları, bizi birləşdirən əsas dəyərlər kimi, hər birimizin düşüncəsinə hakim kəsilməlidir”.
Bir sözlə, bu gün şanlı qələbə ilə sonlanan “44 günlük Vətən müharibəsi”ndə nümayiş etdirdiyimiz “Dəmir Yumruq” həmrəyliyi - Azərbaycan birliyinin ilk carçısıdır! Gəlin, bir olaq, həmrəy olaq! Çünki - BİZ BİRLİKDƏ GÜCLÜYÜK...
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB