2022-Cİ İLƏ BÖYÜK ZƏFƏRLƏR, ARDICIL UĞURLARA DOĞRU TƏHLİL

2022-Cİ İLƏ BÖYÜK ZƏFƏRLƏR, ARDICIL UĞURLARA DOĞRU TƏHLİL

Prezident İlham Əliyev: “Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun”

Bu gün 2021-ci ilin son ayının son günlərini yaşayırıq. Bu, bir real faktdır ki, hər il başa çatarkən növbəti ilə hansı uğurlarla qədəm qoyuruq sualını qarşıya qoyuruq və bu sualı cavablandırmaq üçün ölkəmizin ictimai-siyasi, iqtisadi, sosial, mədəni, demokratik islahatlar və xarici siyasət sahəsində qazandığı uğurları bir daha təhlil etmək zərurəti duyulur. Azərbaycanın tarixinə uğurlu il kimi daxil olan 2019-cu il uğurlu il kimi də estafeti 2020-ci ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verdi.

2020-Cİ İL – ALİ BAŞ KOMANDANIN XALQA BƏXŞ ETDİYİ QARABAĞ AZƏRBAYCANDIR!

Hər il Azərbaycan hər sahədə uğurlara nail olsa da, ürəyimizdə qübar edən bir problemimiz – düşmən işğalında olan Qarabağımızın niskili var idi. 30 ilə yaxın idi ki, dilimizdən düşməyən gün o gün olsun ki... arzusu ilə yaşayırdıq. İllər idi ki, dilimizdən düşməyən istək, alqış, xəyal... İllər idi ki, həsrətində olduğumuz, ürəyimizdə qübara çevrilən, xiffətini çəkdiyimiz ata-baba torpaqlarına böyük qayıdışın arzusu, xəyalı ilə yaşamışıq... Nəhayət, sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı.

30 illik həsrətə düz 44 gün ərzində Qarabağ münaqişəsinə Ali Baş Komandanımız, Prezident İlham Əliyev cənablarının diplomatik siyasəti və rəhbərliyi ilə «İRƏLİ!» göstərişi ilə güclü Ordumuzun, Müzəffər əsgər və zabitlərimizin rəşadəti ilə Qarabağ Azərbaycandır! nidasını qoydu. Dövlət başçımız İlham Əliyev cənabları çıxışlarında da dönə-dönə vurğulayır ki, bu Qələbə Azərbaycan Ordusunun gücünü göstərdi: «Bu Qələbə bizim xalqımıza yaraşır, igid oğullarımıza yaraşır, dövlətimizə yaraşır və bu Qələbə gücümüzü göstərdi. Onu göstərdi ki, heç vaxt Azərbaycan bu vəziyyətlə barışmayacaq. Mən 17 il ərzində ölkə Prezidenti və Ali Baş Komandan kimi dəfələrlə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz sözlərimi demişdim. Demişdim, biz heç vaxt imkan verə bilmərik ki, tarixi Azərbaycan torpağında ikinci erməni dövləti yaradılsın. Demişdim ki, heç vaxt Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb və olmayacaq. Demişdim ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Demişdim ki, sülh yolu ilə mümkün olmasa, hərbi yolla bunu bərpa edəcəyik. Mənim çıxışlarım hər yerdə var, dərc edilib. Bu sözləri demişəm və buna əməl etmişəm. Ərazi bütövlüyümüzü bərpa etmişik, işğalçıları işğal edilmiş torpaqlardan qovmuşuq, ikinci erməni dövlətinin yaradılmasına imkan verməmişik, heç bir status haqqında söhbət gedə bilməz».

Göründüyü kimi, 2020-ci il nə qədər çətin keçsə də, sonda Müzəffər ordumuz Qarabağ cəbhəsində tarix yazaraq, işğal altında olan torpaqlarımız işğaldan azad edilir və edilməkdədir. Güclü Ordumuzun, Rəşadətli əsgər və zabitlərimizin qələbəsidir. Bu haqqın qələbəsidir. Bu, Azərbaycan xalqının qələbəsidir. Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilən TARİXİ QƏLƏBƏSİDİR!

2021-Cİ İL İQTİSADİ İNKİŞAFIN DAHA BİR UĞURLU DÖVRÜ OLDU

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan regionda ən güclü və suveren, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb.

Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərdi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda ölkədə həyata keçirilən fundamental islahatlar milli iqtisadiyyatın dayanıqlı inkişafını, sürətlə müasirləşməsini və əhalinin maddi rifahının davamlı şəkildə yaxşılaşmasını təmin edir. Azərbaycan 2022-2030-cu illəri əhatə edən yeni strateji inkişaf mərhələsində isə iqtisadi artımın daha dayanıqlı drayverlərinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin, innovasiya yönümlülüyünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi və azad edilmiş ərazilərin reinteqrasiyası kimi məsələləri gerçəkləşdirməyi qarşıya yeni vəzifələr kimi qoyur. Məhz bu gün Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatının bəzi parametrlərinə görə Azərbaycan dünyanın 74 inkişaf etmiş ölkəsi arasında öncül sıralardadır. Əhalinin elektrik enerjisi təchizatı səviyyəsinə görə dünya miqyasında Azərbaycan ikinci yerdədir. Hökumətin dəyişməyə cavabdehliyi, yəni islahatçı obrazı əmsalına görə Azərbaycan dünya miqyasında beşinci yerdədir. Azərbaycan Hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu yerdə, hökumətin siyasi sabitliyi təmin etməsi üzrə 11-ci yerdədir. İnfrastruktur layihələri ilə bağlı göstəricilər də yüksəkdir. Azərbaycan dəmir yol xidmətlərinin səmərəliliyi üzrə 11-ci yerdə, hava yolları xidmətlərinin səmərəliliyi üzrə 12-ci yerdə, avtomobil yollarının keyfiyyəti üzrə isə 24-27-ci yerdədir.

Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun 17,3 faizini təşkil edir. 2030-cu ilin sonuna qədər bu rəqəmin 10 faizə enməsi planlaşdırılır. Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir. Azərbaycanda 2 milyondan çox yeni iş yeri açılıb.

İLHAM ƏLİYEVİN SİYASƏTİNİN ƏSASINDA İNSAN AMİLİ

Son 18 illik prezidentlik fəaliyyəti müddətində Azərbaycan Prezident İlham Əliyevin siyasətinin əsasında insan amili dayanır və son nəticədə vətəndaşlarımızın sosial rifahının daha da yaxşılaşmasına xidmət edir. Bəzi rəqəmlərə müraciət edək. Belə ki, növbəti 2022-ci ilin dövlət büdcəsinin 46,4 faizini sosialyönümlü xərclər təşkil edir. İldən-ilə bu istiqamətdə görülən işlər üçün sosial xərclər məqsədilə ayrılan vəsaitlərdə artımlar nəzərdə tutulur. Elə növbəti ilin xərcləri də əvvəlki illə müqayisədə 13,5 faiz çoxdur. 2022-ci ilin sosial islahatları dövlət başçısının “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” 2021-ci il 16 oktyabr tarixli Sərəncamına əsasən reallaşdırılır. Yeni ildən tətbiq ediləcək bu islahatlar üçün illik əlavə 1,5 milyard manat vəsait nəzərdə tutulub. İslahatlar 2,1 milyondan çox şəxsi əhatə edəcək. Prezident İlham Əliyevin 17 dekabr 2021-ci il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırıldı. Minimum əməkhaqqı artımı dövlət və özəl sektor üzrə ümumən 800 min işçini əhatə edəcək. Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir. Vurğulamaq lazımdır ki, son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. 2022-ci il yanvarın 1-dən təkcə minimum əməkhaqqı deyil, həmçinin pensiyalar, müavinətlər və təqaüdlərdə də artımlar olacaq. Prezident İlham Əliyevin 2021-ci il dekabrın 20-də imzaladığı yeni Sərəncam və Fərmanlarla müavinət və təqaüdlərin artırılması 732 min şəxsi, o cümlədən 132 min doktorant və tələbəni əhatə edəcək. Bu müavinət və təqaüd artımları üçün illik əlavə 200 milyon manat ayrılıb.

Müstəqil Azərbaycan dövləti bu gün regionun reallaşan bütün irimiqyaslı transmilli layihələrin təşəbbüskarı, əsas iştirakçısıdır. Bakı-Tblisi-Ceyhan neft, Bakı-Tblisi-Ərzurum, TAP, TANAP qaz boru kəmərlərinin tam gücü ilə işə düşməsi Azərbaycanın, həm də dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllinə samballı töhfəsi sayılmalıdır. Pezident İlham Əliyevin vurğuladığı kimi, enerji sahəsindəki uğurlar, Azərbaycanın gələcəyi üçün tarixi məna daşıyır və vaxt keçdikcə bizim qlobal iqtisadi-siyasi sistemdə mövqelərimiz daha da möhkəmlənəcəkdir. Regional layihələrin gerçəkləşməsi bölgə ölkələrinə və xalqına sülh, əminamanlıq, rifah və iqtisadi inkişaf gətirməkdədir. Qürur hissi ilə vurğulamaq istərdik ki, öz torpaqlarının 30 illik işğalına son qoyan Azərbaycan son dövrlər bir çox meqa lahiyələr həyata keçirir. Bu baxımdan, özündə həm geoiqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyan Zəngəzur dəhlizi nəinki Azərbaycan və Türkiyə üçün, bütövlükdə Asiya regionu və türk dünyası üçün də olduqca vacib bir layihədir. Zəngəzur dəhlizi həm tarixi aspektdə, həm müasir geosiyasi reallıqlar prizmasından, həm də Cənubi Qafqazda sülh, barış və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Məhz bu səbəbdən Zəngəzur dəhlizinin işə salınması adi hadisə deyil.

2021-Cİ İL - BÖYÜK ZƏFƏRDƏN BÖYÜK DİRÇƏLİŞ VƏ YÜKSƏLİŞƏ GEDƏN QURUCULUQ YOLU

İkinci Qarabağ müharibəsində şanlı qələbədən sonra yaranan reallıq göz önündədir. Qarşıya qoyulan bir nömrəli prioritet məsələ işğaldan azad olunmuş ərazilərdə bərpa və quruculuq işləri aparmaq, yeni infrastrukturların yaradılmasına, sərmayələrin cəlb edilməsinə nail olmaq, bir sözlə, Qarabağı yenidən cənnətməkana çevirməkdir. Dövlət büdcəsi hesabına Qarabağda 2,2 milyard manatlıq sərmayənin qoyuluşu da təsdiq edir ki, işğaldan azad edilmiş ərazilərdə yaradılacaq iqtisadi infrastrukturlar dayanıqlı inkişafa böyük imkan yaradacaq. Eyni zamanda xarici dövlətlərin iri şirkətləri də bu gün işğaldan azad edilmiş torpaqlarda investisiya yatırımına böyük maraq göstərirlər. Qələbəmizdən bir il keçməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərimiz tikinti-quruculuq meydanlarına çevrilib. Bir il uzun müddət olmasa da, azad edilmiş ərazilər tamamilə dəyişib və quruculuq işləri sürətlə davam edir. Ötən dövrdə aparılan tikinti-quruculuq işlərinə nəzər salmaq kifayətdir. Belə ki, bu bir il ərzində Qarabağda 11 istiqamətli avtomobil yolu çəkilir, 3 hava limanı, 3 dəmiryolu tikilir, kommunikasiya stansiyaları qurulur və s. tədbirlər həyata keçirilir. Belə ki, “Zəfər” yolu azad olunmuş ərazilərdəki ən mühüm layihələrdən biri olmaqla Füzuli rayonundan Şuşa şəhərinə çəkilib və uzunluğu 101,5 kilometrdir. Bundan başqa, Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Ağdam, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Xudafərin-Qubadlı-Laçın, Şükürbəyli-Cəbrayıl-Hadrut, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu, Füzuli-Cəbrayıl-Zəngilan-Ağbənd, Horadiz-Zəngilan-Ağbənd dəmiryolları çəkilir, elektrik enerjisi, su təchizatı sistemləri yenidən qurulur. İşğaldan azad edilmiş Zəngilan rayonunda ilk “ağıllı kənd”, “Dost Aqropark” layihələri icra edilir. Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanda yaşayış məntəqələrinin salınması ilə bağlı planlar hazırlanıb. Bundan başqa, Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimini keçirib. Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin bərpasının, Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” konsepsiyası əsasında yaradılacaq böyük yaşayış məntəqəsinin, Zəfər və İşğal muzeylərinin, Cənubi Qafqazda ilk dəfə tətbiq olunan “Rəqəmsal Stansiya İdarəetmə Mərkəzi” elektrik şəbəkəsinin təməli qoyulub. Nəzərə alaq ki, Qarabağın hava qapısı artıq hazırdır. Füzuli Beynəlxalq Hava Limanı beynəlxalq reysləri qəbul etmək imkanına malikdir. Eyni zamanda, azad edilmiş ərazilərdə 600 kilometrdən çox avtomobil yollarının salınması və təmiri həyata keçirilir. Həmin ərazilərdə çoxsahəli və genişmiqyaslı işlər aparılır. Digər tərəfdən, Zəngəzur dəhlizinin təməli qoyuldu. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub. "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu.

Əlbəttə ki, bu gün Azərbaycanın qazandığı uğurları şərtləndirən əsas amil Prezident İlham Əliyevin düşünülmüş iqtisadi konsepsiyasının tam doğru formada icrasıdır. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.

Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı düzgün siyasət bir daha onu göstərir ki, 2022-ci il Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Belə ki, gələn ilin dövlət büdcəsi inkişafın dayanıqlı olması üçün güclü maliyyə təminatı yaradır. Büdcə layihəsində gəlir və xərclərin təhlili göstərir ki, növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə