21-ci əsrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir - ŞƏRH EDİLDİ

21-ci əsrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir - ŞƏRH EDİLDİ

"2021-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin 60 yaşı tamam olur. Azərbaycan dövləti öz tarixində kifayət qədər dövlət başçıları görüb və tariximizdə böyük zirvələr fəth edən dövlət başçıları olub. 19-cu əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqları xarici müdaxilə nəticəsində işğala məruz qaldı və beləliklə, "Kürəkçay", "Gülüstan", Türkmənçay" müqavilələri Azərbaycan tarixinə torpaqlarımızı işğal edən, xalqımızı əsarət altına salan müqavilələr kimi daxil oldu. Bu müqavilələr Azərbaycan xalqına xoşbəxtlik gətirmədi, tarixi Azərbaycan torpaqları iki yerə bölünərək həyatımıza Şimali və Cənubi Azərbaycan məfhumlarını daxil etdi. Bu müqavilələrdən sonra Şimali Azərbaycanın taleyi və tarixi daha acınacaqlı oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.

Onun sözlərinə görə, Çar Rusiyasının siyasətində dil, din fərqləri yerli əhaliyə müstəmləkə həyatını bəxş etdi: "Digər tərəfdən Çar Rusiyası özünə etnik dayaq yaratmaq üçün Cənubi Azərbaycandan və Osmanlı ərazisindən 10 minlərlə ermənini Şimali Azərbaycan torpaqlarına köçürdü. Bu köçürmə siyasəti də Azərbaycan xalqının sonrakı taleyinə fəlakətlər gətirdi. 1905-1906-cı illərdə Azərbaycan əhalisinə qarşı ermənilər və onlara havadarlıq edən qüvvələr tərəfindən soyqırım həyata keçirildi. Çox təəssüflər olsun ki, Azərbaycanın milli, demokratik ziyalıları "ermənilər bizdən nə istəyir?" sualına cavab tapa bilmədilər. Təbii ki, 1918-1920-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində daşnak və bolşevik qüvvələri tərəfindən həyata keçirilən soyqırım da cavabsız qaldı. Nəhayət 70 illik sovet dönəmində Azərbaycan əhalisinə qarşı və Azərbaycan Respublikasına qarşı sovet dövlətinin həyata keçirtdiyi siyasət də tam mənada ermənilərin ürəyincə oldu. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində yenidən Azərbaycan torpaqları erməni işğalına məruz qalanda tarix göstərdi ki, ermənilər heç bir zaman Azərbaycan əhalisinə dost, qonşu olmayıb. Düşmənçilik siyasəti onların həyat tərzini təşkil edib. Çox təəssüflər olsun ki, ermənilər türkə nifrət siyasətini təbliğ etdiyi zaman biz xalqlar dostluğunu və beynəlmilərçiliyi təbliğ edirdik. Son nəticədə Azərbaycan torpaqlarının 20%-i işğal olundu, bir milyon azərbaycanlı qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi. Azərbaycanın parçalanma, elan etdiyi müstəqilliyin dağılması təhlükəsi meydana çıxanda dərk etdik ki, ermənilər heç bir zaman bizə dost olmamışdır. Erməni ideoloqu Qaragen Nijde yazırdı ki, sonuncu türk kar ola, lal ola, o da yer üzündən silinməlidir. Ancaq biz bunları çox gec başa düşdük.

Nəhayət, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycan öz müstəqilliyini qoruyub saxlaya bildi. Ulu Öndər Heydər Əliyevin böyük dövlətçilik təcrübəsi və dövlət başçısı kimi fəaliyyəti hər kəsə məlumdur. Bu dövlətin memarı, müstəqil Azərbaycanın qurucusu birmənalı olaraq Ümummilli lider Heydər Əliyevdir. Ulu Öndər Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqına müraciətində elan etdi ki, zaman imkan vermədiyinə görə edə bilmədiklərini onun siyasi varisi İlham Əliyev həyata keçirəcək. Həqiqətən də 2003-cü ildən hakimiyyətə gələn Prezident İlham Əliyev Azərbaycanı dünyanın ən nüfuzlu dövlətləri səviyyəsinə qaldırmağa nail oldu. Xarici siyasət sahəsində Azərbaycanın haqq işinin müdafiəsi ilə bağlı təcrübəli bir diplomat kimi əlindən gələni etdi. Eyni zamanda Azərbaycan Ordusunun qurulmasında Ali Baş Komandan kimi mümkün olan hər şeyi edə bildi. Beləliklə bu illər ərzində Azərbaycan iqtisadi cəhətdən ən güclü dövlətlər sırasına daxil ola bildi, hərbi cəhətdən Azərbaycan Ordusu ən güclü ordular sırasına daxil ola bildi. Daxili siyasətdə Azərbaycan ümidini təkcə neft və qaza yox, qeyri-neft sektorunun inkişafı ilə bağlı İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətə bağladı və böyük uğurlar qazandı. Dağlıq Qarabağ problemini həll etmək üçün Erməmistan və ona havadarlıq edən dövlətlərlə əsl müharibəyə başladı. Hətta 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini qəbul edən dövlətlər həmin qətnamələrdən imtina etmək üçün Təhlükəsizlik Şurasının iclasında cəhd etdilər. Azərbaycanın dövlət başçısının uzaqgörən siyasəti nəticəsində Qoşulmama Hərəkatına daxil olan dövlətlər Azərbaycanın haqq işini müdafiə etdi və bədnam qətnamənin qəbul edilməsinə imkan vermədilər".

Anar İsgəndərov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, beləliklə, Ermənistan öz tərkibində və yaxud da müstəqil dövlət kimi görmək istəyəndə, "Dağlıq Qarabağ Ermənistanındır" şüarını ortaya atanda artıq Azərbaycanın dövlət başçısı birmənalı olaraq Ermənistan və onu müdafiə edən dövlətlərə cavab vermək üçün 2020-ci ilin sentyabr ayında əks-hücuma keçmək haqqında siyasi qərarını verdi. Beləliklə, İlham Əliyevin siyasi iradəsinin nəticəsi idi ki, Azərbaycan xalqı bir dəmir yumruq kimi birləşə bildi: "İkincisi Azərbaycanın dövlət başçısı hakimiyyətdə olduğu dövrdə Qarabağ probleminin səbəblərini və Qarabağ həqiqətlərini dünyaya qəbul etdirə bildi. Əgər, Ümummilli lider Heydər Əliyev tərəfindən 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanmasaydı, Azərbaycan dünyanın ən müasir silahlarına sahib ola bilməzdi, Azərbaycan əsgəri müasir dünyanın ən güclü əsgərinə çevrilə bilməzdi. “Əsrin müqaviləsi” Azərbaycan əsgərinin bütün ehtiyaclarını təmin edərək, ona qayğı və diqqəti artırdı. Azərbaycan əsgəri xalqının və Ali Baş Komandanının etimadını doğrultdu, düşməni darmadağın etdi.

İlham Əliyev Azərbaycan tarixində ən yüksək zirvəni fəth edən siyasi xadim, böyük diplomatdır. 44 günlük müharibə dövründə kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi cavablar Azərbaycanın dövlət başçısının böyük zəka sahibi olduğunu bir daha sübut etdi. Cəbhədə, diplomatiya, informasiya sahəsində qazanılan qələbələr təbii ki, 44 günlük müharibənin Azərbaycanın xeyrinə həll olunmasına və düşməni danışıqsız təslim olmağa məcbur etdi. 100 illər boyu Azərbaycanın torpaqlarını işğal edən, Azərbaycan əhalisini öz dədə-baba yurdundan didərgin salan düşmən darmadağın edildi. Azərbaycan öz tarixində ilk dəfə təkcə Ermənistan ilə yox, Ermənistanı müdafiə edən dövlətlərlə müharibəyə girməyə və müharibənin qalibi oldu. Təbii ki, bu qələbəni Azərbaycan xalqına qazandıran Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Azərbaycan bayrağı azad olunmuş ərazilərimizdə qürurla dalğalanır. 20-ci əsrin əvvəllərinə qədər Zəngəzur ifadəsi bizim hər birimizin düşüncəsində vardı. Amma 70-80 il ərzində bu ifadə tariximizdən çıxarılma üzrə idi. İlham Əliyev yenidən Zəngəzur dəhlizi, Şərqi Zəngəzur ifadələrini Azərbaycan tarixinə gətirməklə Qərbi Azərbaycanla bağlı düşüncələrimizi bir daha cana gətirdi. Azərbaycan tarixində kifayət qədər görkəmli dövlət xadimləri olub. 21-ci əsrin qəhrəmanı Ali Baş Komandan İlham Əliyevdir. Bu gün Azərbaycan xalqı qalib xalqdır. Xalqımıza bu qələbəni qazandıran İlham Əliyev cənablarıdır. Azərbaycan xalqı öz Ali Baş Komandanı ilə fəxr edir, qürur duyur. Hörmətli Prezidentimiz İlham Əliyev cənabları, 60 illik yubileyiniz mübarək olsun".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə