Beynəlxalq oyunçular yeni reallıqları qəbul etməklə, gələcəyi ona uyğun qururlar - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

Beynəlxalq oyunçular yeni reallıqları qəbul etməklə, gələcəyi ona uyğun qururlar - DEPUTAT MÜNASİBƏT BİLDİRİB

“Ermənistan qisas almaq cəhdlərindən vaz keçmir və bu ölkənin siyasi spektrində revanşizm əlamətləri görünür. Prezident İlham Əliyevin İspaniyanın “El Pais” nəşrinə müsahibəsində səsləndirdiyi bu fikirlər postmünaqişə dövründə bölgənin rifahına mane olan əsas faktorun dünya ictimaiyyətinə çatdırılması idi. Ermənilərin dövlət sərhədində törətdikləri hərbi təxribatların, Azərbaycana qarşı əsassız iddiaların açıq şəkildə bölgədə gərginliyi artırmağa yönəldiyi bir daha bəyan olundu. Çünki sərhəd məsələsi ilə bağlı reallıq bundan ibarətdir ki, iki ölkə arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat qeyd edib ki, ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz idi: "Qar əriməyə cari ilin may ayında başladı və dərhal Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu” deyən dövlət başçısı İspaniya mətbuatı vasitəsilə növbəti dəfə bu məsələyə aydınlıq gətirdi. Amma Azərbaycanın əsas mesajı həm də bundan ibarətdir- bütün təhdid yarada biləcək cəhdlərin qarşısı alınacaq. Təbii ki, rəsmi Bakı sülhün tərəfdarıdır. Dövlət başçımızın da söylədiyi kimi, Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini hələ ki, izləyir. Bütün təhlükələr dərhal aradan qaldırılacaq. Sülh razılaşmasına gəlincə, cənab Prezident Azərbaycanın bu məsələyə hazır olduğunu bir daha bəyan etdi. Lakin Ermənistan rəhbərliyinin heç bir cavab verməməsi də onların sülh istəmədiyini göstərir. Bununla belə, dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və qəbul edir. Azərbaycan ümid edir ki, Avropa tərəfdaşları Ermənistanı reallıqları qəbul edərək, hazırki destruktiv mövqeyin gələcəyinin olmamasına inandıra biləcəklər".

Millət vəkili əlavə edib ki, bu mənada Azərbaycan prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bu yay regiona səfərini məhsuldar qiymətləndirib: "Eyni zamanda paralel olaraq hazırda hər iki ölkənin müdafiə nazirləri arasında birbaşa əlaqənin yaradılması ilə bağlı olan təşəbbüs də işləyir. Dağlıq Qarabağın qondarma statusu ilə bağlı və ya buna bənzər hər hansı müzakirələrə qayıdış isə yoxdur. Bu məsələdə Azərbaycanın mövqeyi tamamilə açıq və aydındır- Dağlıq Qarabağ münaqişəsi həll olunub. Beynəlxalq oyunçular artıq yeni reallığı qəbul edib və gələcəyi bu yeni reallığa əsaslanaraq qurmağa çalışırlar. Ermənistan Azərbaycana qarşı istənilən düşmənçilik əməllərindən, ərazi iddialarından çəkinməlidir.
Bu gün yeni reallığın əsas tələbi normallaşma prosesini sürətləndirməkdir. Dövlət başçımız “El Pais” nəşrinə müsahibəsində bir daha bəyan etdi ki, Ermənistanın inkişafı üçün yeganə yol Azərbaycan və Türkiyə ilə əlaqələrin normallaşdırılması, qonşu olmaq və ərazi iddialarından çəkinmək məqsədilə insanları inandırmaq üçün mühüm addımların atılmasından keçir. Bu istiqamətdə ictimai rəy formalaşdırılmalıdır.
Rəsmi Bakının əsas və haqlı tələblərindən biri də uzun illər davam edən işğaldan və düşmənçilikdən sonra beynəlxalq oyunçuların prosesə birmənalı şəkildə dəstək nümayiş etdirməsi zərurətilə bağlıdır.
Prezident İlham Əliyevin diqqətə çatdırdığı daha bir vacib məqam Azərbaycanın humanitar məsələlərə yanaşması ilə bağlı idi. Dövlət başçımız bir daha ikinci Qarabağ müharibəsi başa çatandan sonra Ermənistandan qabaq bütün hərbi əsirləri azad etdiyimizi xatırlatdı. Ermənistanın “hərbi əsir” adı ilə təqdim etməyə çalışdığı terrorçulara gəlincə, bu məsələdə beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Prezident İlham Əliyev də bəyan etdi ki, hazırda saxlanılan şəxslər hərbi əsir hesab edilə bilməzlər, çünki onların əksəriyyəti noyabrın sonunda, müharibə başa çatandan demək olar ki, 20 gün sonra işğaldan azad edilmiş ərazilərə terror aktları törətmək üçün göndəriliblər. Azərbaycan isə bu vaxta qədər 100-dən çox saxlanılan şəxsi azad edib. Cinayət törədənlər isə mühakimə olunublar. Bu cür proseslər Azərbaycan qanunvericiliyi çərçivəsində, ədalət və humanizm üzərində qurulmalıdır".

K.Nurullayeva vurğulayıb ki, İspaniya mətbuatına müsahibə zamanı dövlət başçımızın beynəlxalq ictimaiyyətin diqqətini yönəltdiyi ən önəmli məsələlərdən biri də Ermənistanın hərbi cinayətləri ilə bağlı oldu: "Vaxtilə işğal altında olan ərazilərdə ermənilər tərəfindən minlərlə minanın basdırıldığını xatırladan Ali baş Komandan yalnız müharibədən sonra Azərbaycanın 200 nəfər vətəndaşının minaya düşərək həlak olduğunu və ya yaralandığını qeyd etdi. Təqdim olunan mina xəritələrinin qeyri-dəqiqliyi isə müharibə cinayətlərinin davam etdiyini göstərir. Bu məsələdə beynəlxalq miqyasda Ermənistana qarşı qınaq olmalı və qarşı tərəf öz hüquqi məsuliyyətini dərk etməlidir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə