Svyatoslav Andrianov: “Rusiya İrəvana təzyiqdən əl çəkməyəcək” - ŞƏRH
Qarabağ münaqişəsi heç vaxt Rusiya ilə Qərb arasında qarşıdurma platforması olmayıb. SİA xəbər verir ki, bu sözləri Rusiya Siyasi Təhlil və İnformasiya Təhlükəsizliyi Mərkəzinin direktoru, Almaniya İqtisadi İnkişaf və Xarici İqtisadi Əlaqələr üzrə Federal İttifaqının (BWA) Senatının üzvü Svyatoslav Andrianov “Caliber” analitik mərkəzinə şərhində deyib.
Ekspert qeyd edib ki, hazırda hər şey Aİ-nin Qarabağ probleminin həlli üçün Rusiya ilə sinxron hərəkət etmək niyyətində olduğu görünür: “Hazırda belə görünür. Noyabrın 24-də Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə Qarabağ üzrə üçtərəfli sazişlərin müddəalarının həyata keçirilməsi, o cümlədən dinc həyatın bərqərar edilməsi, Azərbaycanda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində atılan addımlar barədə məlumat verib. Cənubi Qafqaz və noyabrın 26-da Soçidə Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyan arasında üçtərəfli formatda bu məsələlər müzakirə olunub.
Dekabrın 14-də Avropa Şurasının prezidenti Azərbaycan prezidenti və Ermənistanın baş naziri ilə görüşdə Aİ-nin sərhədlərin delimitasiyası və demarkasiyasına dəstək üçün hər iki ölkəyə məsləhət və texniki yardım göstərməyə hazır olduğunu bəyan edib. Öz növbəsində Əliyev və Paşinyan Avropa İttifaqını Qarabağla bağlı sazişlərin icrasına sadiq qalacaqlarına əmin ediblər. Brüsselin 2020-ci il noyabrın 9-da, eləcə də bu ilin 11 yanvar və 26 noyabr tarixlərində əldə olunmuş üçtərəfli razılaşmalar çərçivəsində konstruktiv fəaliyyət göstərməyə davam edib-etməyəcəyini zaman göstərəcək, hər halda Brüsselin bu məsələyə müdaxilə etmək cəhdi var. Qərb Moskva, İrəvan və Bakı arasında yuxarıda qeyd olunan qərarların icrası prosesində iştirak etmək istəyir.
Gürcüstan və Ukraynadan fərqli olaraq, Qarabağ münaqişəsi heç vaxt Rusiya ilə Qərb arasında qarşıdurma platforması yaratmayıb. Uzun illərdir ki, Moskva və Brüssel nümayəndələri sülh prosesini birgə irəlilətməyə hazır olduqlarını nümayiş etdiriblər”,- Andrianov bildirib.
Politoloq hesab edir ki, ümumiyyətlə, Aİ-nin bu istiqamətdə səylərini gücləndirmək, bununla da regionda imkanlarını genişləndirmək istəyi açıq-aydın var, ona görə ki, bir tərəfdən Cənubi Qafqaz həmişə Qərb ölkələri üçün böyük maraq doğurub, digər tərəfdən, indi onilliklər ərzində ilk dəfə olaraq regionda yeni ticarət əlaqələrinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinin real perspektivi var.
Andrianovun sözlərinə görə, ola bilsin ki, Ermənistan bütün razılaşmaları yerinə yetirməyəcək və bəlkə də bu, dərhal olmayacaq, lakin hazırda vəziyyət ümidverici görünür: “Əvvəla, yuxarıda haqqında danışdığım Brüsseldə keçirilən son sammitdə tərəflər 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmaların daha da həyata keçirilməsinə və onlara riayət olunmasına, o cümlədən münaqişənin ən sürətli həllinə yönəlmiş birgə səylərin intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqlədilər. Bundan əlavə, tərəflər Azərbaycan-Ermənistan sərhədində sabitliyin və təhlükəsizliyin səviyyəsinin yüksəldilməsi üçün səylərin göstərilməsi və Rusiyanın birbaşa yardımı ilə dövlət sərhədinin delimitasiyası ilə onun sonradan demarkasiyası üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Son sammitin nəticələrinə əsasən, Moskva nizamlanma prosesində müstəsna rolunu bir daha təsdiqlədi.
İkincisi, Ermənistanın öz öhdəliklərini yerinə yetirməsi ilə bağlı Rusiyanın ardıcıl mövqeyi var və hesab edirəm ki, Moskva yaxın gələcəkdə İrəvanın üzərinə düşən bütün öhdəlikləri tez bir zamanda yerinə yetirməsi məqsədilə ona ardıcıl təzyiqdən əl çəkməyəcək. Belə ki, məsələn, biz Laçın dəhlizi ilə bağlı məsələlərin konstruktiv həllinin, eləcə də Zəngəzur dəhlizinin yaradılmasının tərəfdarıyıq. Bundan başqa, 9 noyabr razılaşmasının əksinə olaraq, Qarabağdan qovulmuş azərbaycanlılar hələ də Rusiya sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə erməni silahlılarının qalması səbəbindən hələ də geri qayıtmayıb. İndiyə qədər kifayət qədər bu kimi həll olunmamış problemlər var, Moskva isə başa düşür ki, bu həll olunmamış problemlər, şübhəsiz ki, gələcək sülhməramlı prosesə mənfi təsir edəcək.
Üçüncüsü, son vaxtlar ermənilərin özləri də regionda, o cümlədən Ermənistanla Türkiyə arasında nəqliyyat yollarının bağlanmasının lehinə fəal şəkildə çıxış etməyə başlayıblar. Düşünürəm ki, İrəvanın özü də öhdəliklərinin vaxtından əvvəl yerinə yetirilməsində maraqlıdır, çünki ölkə rəhbərliyi yaxşı bilir ki, Ermənistan uzun illər ərzində bir sıra mühüm və perspektivli nəqliyyat və logistika layihələrinin kənarında qalıb və özünəməxsus coğrafi imkanlarından istifadə etməyib”.
Tərcümə - Elçin Bayramlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB