Törədilmiş soyqırım düşmənin terrorçu xarakterindən xəbər verir

Törədilmiş soyqırım düşmənin terrorçu xarakterindən xəbər verir

44 günlük Vətən müharibəsinin başa çatmasından bir ildən artıq vaxt keçir. Məhz haqq işi adlandırdığımız Vətən müharibəsi dövründə şanlı Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal altında qalan torpaqlarımızı mənfur düşməndən azad etdi. Demək olar ki, bu, bütün dünya azərbaycanlıları üçün mühüm, əlamətdar tarixi hadisəyə çevrildi. Vətən müharibəsində bütün dünya bir daha türkün gücünün qüdrətini gördü. Azərbaycan əsgərinin şücaəti sayəsində az qala 30 ilə yaxın müddətdir ki, düşmən tapdağında inləyən dədə-baba torpaqlarımız öz azadlığına, əsl sahiblərinə qovuşdu.

Mən sadə bir vətəndaş kimi, Qarabağ müharibəsinin veteranı kimi çox xoşbəxtəm ki, bu tarixi hadisəyə şahid oldum. Müzəffər Azərbaycan ordusu “Dəmir yumruq” ilə düşmənin başını əzdi, belini qırdı. Bununla da şanlı ölkəmiz xalq, ordu, dövlət birliyinin nələrə qadir olduğunu bir daha dünyaya göstərdi.

Artıq postmüharibə dövrüdür və bu dövr işğaldan azad olunmuş ərazilərdə əsaslı abadlıq işlərinin aparılması ilə xarakterizə oluna bilər. Çox təəssüf ki, azğın düşmən Vətən müharibəsinə qədər işğal altında saxladığı torpaqlarımızı vəhşicəsinə istismar etmiş, maddi-mədəniyyət abidələrini məhv etmiş, mədəni irsimizin məhvinə çalışmışdır. “Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana ciddi maddi ziyan dəymişdir. Ermənistanın işğal etdiyi ərazilərdə 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı obyekti, 131 minə yaxın ev, 1025 məktəb, 798 səhiyyə obyekti təcavüzün qurbanı olmuşdur. Bundan əlavə 280 min hektar meşə, 1 milyon hektara yaxın məhsuldar torpaqlar, 1200 km irriqasiya sistemi işğalçıların əlinə keçmişdir... Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətində mədəni irsimizin dağıdılması xüsusi yer tutur. Bunun nəticəsidir ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın tarixi-mədəni sərvətlərinə də böyük ziyan dəymişdir. Hesablamalara görə 927 kitabxana, 100-dən artıq arxeoloji abidə, həmçinin 454 tarixi abidə və muzey, 40 mindən artıq muzey eksponatı erməni təcavüzünün qurbanı olmuşdur”.

Mübaliğəsiz deyə bilərik ki, işğal altında olan torpaqlarımızda düşmən tərəfindən mədəni irsimizə qarşı törədilmiş soyıqırım onların terrorçu xarakterindən irəli gəlir. Sevindirici haldır ki, torpaqlarımızın azad olunmağı ilə düşmənin mədəni irsimizə qarşı həyata keçirdiyi terrorun qarşısı alınmışdır. Məhz Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbənin hesabına erməni vandallarının maddi-mənəvi irsimizi məhv etmək üçün törətmiş olduqları cinayətləri dünyanın diqqətinə çatdırmaq üçün geniş imkanlar yaranmışdır. Həm işğaldan azad olunan ərazilərə təşkil olunan səfərlər, media-turlar, həm soydaşlarımızın o müqəddəs torpaqlarımızı ziyarətləri, onların gördükləri, səfər təəssüratları, eləcə də rəsmi qurumların təqdim etdiyi video-materiallar da düşmənin mənəvi irsimizə qarşı törətdiyi soyqırımın miqyasının nə dərəcədə böyük olduğu haqqında təsəvvür yaradır.

Şübhəsiz ki, Azərbaycan bu faktları dünyanın diqqətinə çatdıra bilir. Demək olar ki, Cənab Ali Baş Komandan İlham Əliyev həm işğaldan azad olunmuş ərazilərə səfəri zamanı etdiyi çıxışlarda, həm də müharibə dönəmində olduğu kimi, postmüharibə dövründə də xarici mətbuata verdiyi müsahibələrdə bu məsələyə xüsusi həssaslıqla yanaşaraq diqqətdə saxlayır, onu daha da aktuallaşdırır. Məsələn, Cənab Prezident dekabrın 14-də Brüsseldə İspaniyanın “El Pais” qəzetinə müsahibə zamanı müxbirin sualını cavablandırarkən bu məsələni bir daha diqqətə çatdırıb: “30 il ərzində Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan mədəni irsinə qarşı soyqırımı törədib. Bizim şəhər və kəndlərimiz yerlə-yeksan edilib. Avropa və dünyanın digər yerlərindən olan jurnalistlər də daxil olmaqla, minlərlə ziyarətçi onların bizim tarixi abidələrimizə, şəhər və kəndlərimizə etdiklərini öz gözləri ilə görüblər. Ağdam mövcud deyil, Füzuli mövcud deyil, tamamilə yerlə-yeksan edilib və bunlar - bütün binaların qəsdən dağıdılması və dini abidələrimizin məhvi Birinci Qarabağ müharibəsi zamanı deyil, işğal dövründə törədilib. 67 məsciddən 65-i tamamilə dağıdılıb. Yerdə qalan 2 məsciddə onlar azərbaycanlıların heysiyyətini təhqir etmək üçün donuz və inək saxlayıblar. Ona görə də, təbiidir ki, Azərbaycanda çox sayda insan, xüsusilə əzizlərini itirən, ərazilərini itirən insanların Ermənistana qarşı mənfi hissləri var. Bu, təbiidir”.

Əlbəttə, bu fikirlər Cənab Prezidentin çıxışlarında bir tezis kimi diqqəti cəlb edir. Belə ki, hələ ötən ilin noyabr ayında Ağdam rayonunda səfərdə olarkən Cənab Prezident vurğulamışdır ki, Bu gün Ağdam şəhərini dağılmış vəziyyətdə görmək çox ağrılıdır. Amma mən bir neçə il bundan əvvəl bu bölgədə olarkən, bizim səngərlərdə olarkən, o binanı binoklla görmüşəm. Bu hissləri sözlə ifadə etmək çətindir, mümkün deyil. Öz torpağımızda öz şəhərimizi, bax, o binanı binoklla uzaqdan görmək, buraya gələ bilməmək nə qədər ağrılı idi. Dəfələrlə təmas xəttində olarkən, səngərlərdə olarkən, fikirləşirdim ki, gün gələcək biz qayıdacağıq, biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik.

Çox şükür ki, biz bunu bacardıq. İşğaldan azad olunmuş ərazilərdə aparılan abadlıq, sürətli quruculuq işləri də göstərir ki, biz qısa müddət ərzində o yerləri yenidən dirçəldəcək, həyatı yenidən canlandıracağıq. Şübhəsiz ki, bu yolda hər birimiz öz işimizlə, peşəmizlə “Dəmir yumruğ”un gücünə güc qatmalı, birliyimizi qorumalıyıq.

Vahid Əsgərov

Xəzər rayonu, 323 saylı tam orta məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə