"Heç bir formatda status mövzusu yoxdur, bu, artıq tarixə çevrilib" - POLİTOLOQ AÇIQLADI

“Brüsseldə artıq 2 gün ərzində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında 2 görüş oldu. Birinci görüşdə Avropa Birliyi Şurasının sədri Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli, daha sonra isə ikitərəfli tetatet və dünən də Fransa Prezidentinin iştirakı ilə qeyri-formal səviyyədə görüş keçirildi”. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Fərhad Məmmədov deyib.

O, qeyd edib ki, bu görüşlərin dinamikası və müzakirə olunan məsələlər də irəliləyişin əldə olunması üçün çox vacib amildir. “Burada fərqli mövzular, kommunikasiyaların açılması, kommunikasiyalar üzərində dövlətlərin suvereniteti, delimitasiya və demarkasiya prosesi, Minsk qrupunun gündəliyi və s. məsələlər müzakirə olundu. Cənab Prezident hər bir məsələ ilə bağlı Azərbaycanın mövqeyini səsləndirdi və görünən odur ki, beynəlxalq qüvvələrin geosiyasi mərkəzlərində mövqeyi, Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu, çox vacib olan məqamdır, çünki yeni geosiyasi reallıqda müharibədən sonra əsasən Rusiya və Türkiyənin rolu müəyyənləşmişdi. Oktyabr aylarında İranın rolu müəyyənləşdi və 3+3 planında İran, öz yerini tutdu. İndi isə növbə Minsk qrupunun digər üzvlərinə, ABŞ və Fransaya çatıb. Gündəlikdə olan məsələlərin müzakirəsində onlar, fərqli mövzularda iştirak edirlər. Bu da Azərbaycanın marağındadır, o mənada ki, Ermənistanla olan razılaşmaların hər birinin hər bir mövzuda öz beynəlxalq vasitəçisi, şahidi var ki, əldə olunan razılıqlar həyata keçirilsin. Həyata keçirilmədiyi təqdirdə isə konkret bir dövlət, qurum var ki, onlar bu razılaşmanın qarant dövləti kimi çıxış edir. Bu, həm resurs baxımından həm də beynəlxalq diqqətin baxımından çox vacibdir. Əsas nailiyyət isə ondan ibarətdir ki, heç bir formatda status mövzusu yoxdur, bu, artıq tarixə çevrilib. Bütün məsələlər ancaq dövlətlərarası məsələlərdir, hansılar ki, Azərbaycan və Ermənistan arasında həll olunub. Üçüncü məqam isə odur ki, bütün mövzular postkonflikt dövrünə aid olan məsələlərdir və bu da böyük bir naliyyətdir. Çünki beynəlxalq gücləri də yeni geosiyasi reallığın əsas amili olan münaqişənin bitməsini təsdiqləməsidir”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...