HEYDƏR ƏLİYEV - MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİ DAİM UCA TUTAN LİDER TƏHLİL
Xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 18 il ötür. Lakin buna baxmayaraq, bir əhəmiyyətli amil hər zaman mövcudluğunu qorumaqdadır: O, bu gün də, gələcəkdə də Azərbaycan xalqının qəlbində yaşayacaq, yaşadılacaq. Çünki öz müqəddəs əməli sayəsində Vətəni, xalqı uğrunda yorulmadan çalışmış Dahi Şəxsiyyət, Fenomen İnsan Heydər Əliyev ömrünü dövlətçiliyin inkişafı, Azərbaycanın tərəqqisi üçün şam kimi əritdi. Onun bir amalı var idi - qurduğu mütərəqqi dövləti beynəlxalq aləmdə tanıtmaq, lider ölkələrdən birinə çevirmək. Və bu amal gerçəkliyə çevrilib. Çünki Ümummilli Lider Heydər Əliyev yolu bu gün Onun ən layiqli davamçısı, Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir, yaşadılır. Çünki Heydər Əliyev ideyası əbədi və dönməzdir.
Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
1969-CU İLİN TARİXİ İYUL PLENUMU- HEYDƏR ƏLİYEVİN RESPUBLİKA RƏHBƏRİ TƏYİN EDİLMƏSİ İLƏ AZƏRBAYCANIN TARİXİNDƏ SÜRƏTLİ İNKİŞAF DÖVRÜ BAŞLAYIB
1969-cu ilin tarixi iyul plenumu - Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlərindən söhbət açanda ilk öncə 1969-1982-ci illərə, onun Sovetlər birliyi dövründə respublikamıza rəhbərlik etdiyi vaxtlara nəzər yetirmək vacibdir. Həmin illərdə yaşamış dövlət və sənət xadimləri, təsərrüfat adamları, ziyalılar daim Ulu Öndərimizlə bağlı xatirələrində belə görkəmli şəxsiyyətin müasiri olmaqdan qürurlandıqlarını bildirir və qeyd edirlər ki, onun Azərbaycana rəhbərliyi ölkəmizin tarixində əsaslı dönüş nöqtəsi olub. O vaxta kimi Azərbaycan adlı respublika nəinki dünya, hətta ittifaq miqyasında o qədər də tanınmırdı. Halbuki respublikamız ittifaqda zəngin yerüstü, yeraltı sərvətləri ilə seçilib. Amma respublikamızın adı ucqar milli əyalətlərdən biri kimi çəkilirdi. Məhz 1969-cu ilin tarixi iyul plenumunda Heydər Əliyevin respublika rəhbəri təyin edilməsi ilə Azərbaycanın tarixində sürətli inkişaf dövrü başlayıb. Qısa vaxt ərzində onun təşəbbüsü ilə mühüm sənaye müəssisələri Azərbaycanın şəhərlərində inşa edilib, təsərrüfat, elm və təhsil sahələrində qətiyyətli islahatlar həyata keçirilib.
Azərbaycan xalqının xilaskar oğlu Heydər Əliyevin ikinci hakimiyyət dövrü isə müstəqillik qazandığımız çox çətin və mürəkkəb illərə təsadüf edir. 1990-cı illər Azərbaycanın tarixinə ağır faciələrin yaşandığı bir dövr kimi daxil olub. Həmin vaxt Sovetlər birliyi süqut edəndə 15 ittifaq dövləti sırasında Azərbaycan yeganə ölkə oldu ki, ərazisinin 20 faizi işğal edildi, 20 mindən çox şəhid verdik, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşdü. Sovet rejiminin qəddarlığı sayəsində Azərbaycanda baş verən 20 Yanvar qırğınlarından sonra Heydər Əliyev doğulduğu Naxçıvana qayıtdı və burada xalqın iradəsi ilə Ali Məclisə rəhbərlik etməyə başladı. Məhz onun qətiyyəti və fədakarlığı sayəsində bu diyarda ölüm-itki olmadı, insanlar müdrik rəhbərin ətrafında sıx birləşərək onun timsalında xilas yolunu tapdılar.
17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu, bu yolda heç bir çətinlikdən, qadağadan qorxub çəkinmədi. Yalnız xalqına, millətinə sonsuz sədaqəti, məhəbbəti olan liderlər belə qətiyyətli addımlar atmağa qadirdilər.
1993-CÜ İL 15 İYUN - BÖYÜK XİLASKARLIQ QAYIDIŞI
Bu, o illər idi ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşmişdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı. Beləliklə, 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş verirdi.
Ümummilli lider Heydər Əliyev müstəqilliyimizin həmin mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü ağır və dözülməz vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
QURTULUŞDAN İNKİŞAFA: MÜDRİK SİYASƏTİN UĞURLU NƏTİCƏLƏRİ
İyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ümummilli Lider problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir. Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günüdür. Qurtuluş günü Azərbaycanın xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.
HEYDƏR ƏLİYEVİN GÖRMƏK İSTƏDİYİ AZƏRBAYCAN
Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir. Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb.
Ulu Öndərin Anım gününü qeyd etdiyimiz bu günlər tarixi günlərdir. Bu günlər Azərbaycan xalqı dövlətçilik tariximizin ən şərəfli səhifələrinin yazılmasına şahidlik edərək Zəfər gününü qeyd edir. Ümummilli Liderimizin torpaqlarımızın işğaldan azad olunması istiqamətində əsasını qoyduğu işin Onun layiqli davamçısı olan möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla başa çatdırılması zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın ən böyük qələbəsidir. Xalq-iqtidar-ordu birliyi şanlı qələbəmizi, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü əsasında həllini təmin etmiş oldu. Nə qədər ki Azərbaycan xalqı var, ulu öndərimizin parlaq xatirəsi daim qəlbimizdə yaşayacaq, onun mübariz əməlləri yüz illər bundan sonra da nəsillərə örnək olacaqdır.
HƏMİD PƏNAHOV,
YAP Qazax rayon təşkilatının sədrinin səlahiyyətlərini icra edən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB