Əcnəbi ekspertlər: Sülh müqaviləsi imzalanana qədər sərhəddə gərginlik davam edəcək - ŞƏRHLƏR

Əcnəbi ekspertlər: Sülh müqaviləsi imzalanana qədər sərhəddə gərginlik davam edəcək - ŞƏRHLƏR

2-ci Qarabağ Müharibəsinin başa çatmasından bir ildən çox vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi üzərində işləməkdən imtina edir və birgə bəyanata baxmayaraq, nəqliyyat şəbəkələrinin açılması və sərhədlərin delimitasiyası prosesinə başlamağa tələsmir. Baxmayaraq ki, Soçidə keçirilən görüşün sonunda da belə qərar qəbul edilib. Nəticədə, Azərbaycan ordusu sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlı qərarı yaxınlaşdıra bilib. Həll edilməmiş sərhəd məsələsi Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında müntəzəm toqquşmalara gətirib çıxarır ki, onlardan da ən böyüyü bu il noyabrın 16-da baş verib.

Ötən gün Ermənistan tərəfinin Kəlbəcər istiqamətində törətdiyi silahlı təxribat nəticəsində Ermənistan Müdafiə Nazirliyi bir hərbçinin itkisini, daha 8 hərbçinin isə yaralandığını etiraf edib.

Tanınmış xarici hərbi ekspertlər “Caliber” analitik mərkəzinə Ermənistan-Azərbaycan sərhədində son toqquşmalar fonunda yaranmış vəziyyətlə bağlı münasibət bildiriblər. Ekspertlərin şərhlərini oxucularımıza təqdim edirik.

Rusiyalı hərbi ekspert Vladislav Şurıqin:

-Müharibə bitib, amma sərhəd işləri başa çatmayıb və müvafiq olaraq belə bir vəziyyət yaranır. Ermənistanın müdafiə obyektləri Azərbaycan bölmələrinin mövqelərinə yaxındır. Bu, müharibə bitdikdən sonra, bütün müqavilələr imzalanana qədər normal vəziyyətdir. Hesab edirəm ki, bütün bunlar xəritələrdə nəzərə alınacaq və təbii ki, qüvvələrin ayrılması, sərhədlərin demarkasiyası aparılacaq ki, bu da müharibənin bitməsinə şərait yaradacaq.

Müharibə bütün sənədlər imzalanandan və demarkasiya xətti çəkiləndən sonra bitəcək, ona görə də indi bir-birini təhrik etməmək çox vacibdir, çünki bu vəziyyətdə dost olmayan xalqların yaxınlığı müəyyən toqquşmalara və zorakılıq partlayışlarına gətirib çıxara bilər ki, bu da heç kimə lazım deyil.

Rusiyalı hərbi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko:

-Hazırda biz görürük ki, Azərbaycan vəziyyətə və sərhədə nəzarət edir, çünki keçid məntəqələri və müvafiq olaraq Azərbaycan hərbçiləri dominant yüksəkliklərdədir. Bu, vəziyyətlərin hər hansı mümkün kəskinləşməsi zamanı və ya hadisələr fors-major vəziyyətə düşərsə, onların mühüm taktiki üstünlüyü deməkdir.

Erməni keçid məntəqələrinin texnikasına gəlincə, onlar kifayət qədər primitiv və taktiki cəhətdən çox savadsız icra olunublar. Buna görə də, bu halda, onun varlığının təyin edilməsindən başqa bir şey deyil. Real döyüş şəraitində bütün üstünlüklər Azərbaycan silahlı qüvvələrinin tərəfindədir.

Ukraynalı hərbi ekspert, ehtiyatda olan polkovnik Oleq Jdanov:

-Mövcud vəziyyət bitməmiş münaqişənin nəticəsidir. Azərbaycanla Ermənistan arasında tam hüquqlu sülh müqaviləsi imzalanmayana qədər vəziyyət elə qalacaq. Azərbaycan düşmənin mövcud nəzarət-buraxılış məntəqələrini öz ərazisindən nə qədər tez qovsa və sərhəd xəttinə atəş nəzarətini tam ələ keçirməsə, hər şey eyni axarda olacaq, yəni vəziyyət partlayış həddində qalacaq. Hətta Azərbaycan ordusunun dayaq məntəqələri sisteminin dərinliklərində Ermənistan Silahlı Qüvvələrinin təxribat və kəşfiyyat fəaliyyəti də mümkündür. Hərbi baxımdan bu, sadəcə olaraq, qəbuledilməzdir. Hesab edirəm ki, Baş Qərargahınız bunun aradan qaldırılması üçün çalışır. Yarımçıq qalmış münaqişənin vəziyyəti yuxarıda dediyim kimi sülh müqaviləsi imzalanmayana və Azərbaycanla Ermənistan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesi həyata keçirilməyənə qədər davam edəcək.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə