“Media haqqında” qanun yeni imkanlar və yeni mərhələ deməkdir” - POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ
“Layihədən görünür ki, qəbul ediləcək yeni qanun media sahəsində daha effektiv fəaliyyətin təşkili üçün əlavə imkanlar yaradacaq”. Bu fikirləri “Media haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi ilə bağlı SİA-ya verdiyi açıqlamasında politoloq Yusif Bağırzadə deyib.

Politoloq qeyd edib ki, heç şübhəsiz, tarixi qələbəmizlə yekunlaşan Vətən müharibəsinin başa çatmasından qısa müddət sonra Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın imzalanması, Medianın İnkişafı Agentliyinin yaradılması və “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırığın verilməsi milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet təşkil etməsinin göstəricisidir və özündə dövlətin siyasi iradəsini təcəssüm etdirir.
“Təbii ki, “Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni imkanlar və yeni mərhələ deməkdir. Belə ki, “Media haqqında” qanun layihəsinin hazırlanmasında məqsəd informasiya təhlkəsiziliyini artırmaq, medianın fəaliyyətini inkişaf etdirmək və stimullaşdırmaqdan ibarətdir. Qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınmaqla, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılıb, 800-yə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunubdur.
Azərbaycanda media barəsində qanunvericiliyin qəbulundan 22 il keçib. Məlum olduğu kimi hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun 1999-cu ildə qəbul olunub və bu müddət ərzində qanuna 79 dəfə əlavə və dəyişikliklər edilməsinə baxmayaraq hələ də bir sıra məqamların açıq qalması səbəbilə qanun müasir çağırışlara cavab vermirdi. İndiki Qanun Layihəsinə baxdıqda isə görürük ki, layihə media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir. Digər tərəfdən vahid Reyestr jurnalistlərin və media subyeklərinin dairəsini müəyyənləşdirməklə onların inkişafına da dəstək verəcək. Reyestrə daxil edilmiş jurnalistlərə vəsiqənin verilməsi nəzərdə tutulur.
Media reyestrinə daxil edilmiş jurnalistlərə vahid jurnalist vəsiqəsinin təqdim olunması könüllülük prinsipi əsasında həyata keçirilsə də, media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Ancaq onu da qeyd edim ki, Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə bilər. Media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəstdirlər.
Layihənin demokratik məzmununu şərtləndirən məqamlardan biri də sosial şəbəkələrin və blogerlərin fəaliyyətində sərbəstliklə bağlıdır, beləki, yeni qanun layihəsi onların fəaliyyətini tənzimləmir. Həmçinin, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət də bu Qanunun təsir dairəsinə daxil deyil. İnternet televiziyaların lisenziya almaq üçün müraciət etməsi də məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün isə dövlət orqanlarından hər hansı bir icazənin alınması tələb olunmur. Sadəcə məlumat verilməsi nəzərdə tutulur ki, bu da yeni bir prosedur deyil. Beləki, çap mediası subyektlərinin fəaliyyətə başlamazdan əvvəl bu barədə məlumat verməsi istiqamətində artıq çoxillik təcrübə mövcuddur. Sadəcə hazırda bu məlumatların sistemləşdirilməsi, müvafiq yanaşmanın onlayn media subyektlərinə də tətbiq olunması və sistemləşdirilmiş məlumatlar bazasının Media Reyestri adlandırılması nəzərdə tutulubdur. Media Reyestrinin məqsədi media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçilərinin hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır.
“Media haqqında” qanun layihəsi dövlət-media münasibətlərində əsas elemetlərdən biri kimi hüquqi mənzərənin dəqiqləşməsinə də öz töhfəsini verəcəkdir. Beləki, qanun, jurnalistika peşəsinin ciddi mahiyyət qazanmasına təkan verəcək, ictimaiyyətdə jurnalistikaya və jurnalistlərə qarşı formalaşmış neqativ təsəvvürlərin aradan qaldırılmasına şərait yaradacaq, ictimaiyyət və media arasında qarşılıqlı etimadın güclənməsini təmin edəcəkdir.
Media Reyestrinin aparılması nəticəsində keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirləri həyata keçirmək mümkün olacaq, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.
Layihədən gördüyümüz digər bir məqam isə müəllif hüquqlarının qorunması ilə bağlıdır. İnformasiyaya dair tələblərin müəyyənləşdirilməsi, eyni zamanda ciddi medianın yaralı yeri olan müəllif hüquqlarının qorunmasına hüquqi təminatın verilməsi media subyektləri arasında sağlam rəqabət mühitinin formalaşmasına imkan verəcək. Media subyektlərinin istehsal etdikləri məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcək ki, bu da media subyektlərinin bir-birlərinin xəbərlərinə istinad etmədən tirajlaması ilə bağlı mövcud olan vərdişləri aradan qaldırılacaq, xəbər uğrunda mübarizə və xəbər yaratmaq bacarıqlarının inkişafını təşviq edəcək.
Son olaraq qeyd edim ki, Qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır”, deyə politoloq Yusif Bağırzadə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB