Ermənistanda revanşist qüvvələr bilməlidirlər ki, “dəmir yumruq” yerindədir - TƏHLİL

Ermənistanda revanşist qüvvələr bilməlidirlər ki, “dəmir yumruq” yerindədir - TƏHLİL

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bu gün işğaldan azad olunan ərazilərdə “Böyük qayıdış” üçün bütün zəruri tədbirlər ən müasir standartlara uyğun həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir, sərhədlərin etibarlı qorunması üçün bütün lazımi işlər görülür.

Ermənistan isə Azərbaycanın 44 günlük Vətən müharibəsində “dəmir yumruq”la başı əzilərək bu gün acı məğlubiyyəti ilə barışmaq istəmir və çıxış yolunu təxribatlar törətməkdə görür. Amma Ermənistan anlamır ki, həqiqətən, bu böhrandan, yaşadığı xaosun girdabından xilas olmaq istəyirsə, Azərbaycanın bölgədə sülh və əməkdaşlığın bərpası ilə bağlı təşəbbüslərinə qoşulmalıdır. Belə olmadığı halda dövlət başçımızın dediyi kimi: “Yaranmış vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Ancaq Ermənistan yenə də öz çirkin əməllərindən əl çəkmir. Dekabrın 9-u saat 15.00 radələrində Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutub. Ordumuzun bu istiqamətdə yerləşən bölmələri tərəfindən müvafiq tədbirlər görülüb. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır və Ermənistan bir daha anlamalıdır ki, məğlub Ermənistanın istənilən təxribat cəhdinin qarşısı alınacaq və ....

“Dəmir yumruq” yerindədir

Artıq seçim Ermənistanındır. Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın məsuliyyətsizliyi, savadsızlığının nəticəsidir ki, addımlarının nəyə gətirib çıxara biləcəyini düzgün təhlil edə bilmir və təxribatları ağlasığan deyil. Özgə torpağına öz torpağı kimi yanaşır, fikirləşmir ki, ədalət zəfər çalacaq, onlar etdiklərinin cəzasını çəkəcəklər. Və bu təxribatlar Ermənistan üçün yaxşı olmayan nəticələr vəd edir.Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan-Azərbaycan münaqişəsinin həll edildiyini bəyan edib. Qondarma “status” məsələsinə istinadlara gəldikdə, bu xüsusda Azərbaycanın mövqeyi dəfələrlə və ən yüksək səviyyədə bəyan edilib. Dövlət başçımız 14 iyul tarixində səsləndirdiyi çıxışında bir daha vurğuladı: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzaladığım Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib”.

Azərbaycan Prezidenti: “Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər”

“Mən bir neçə dəfə demişəm ki, biz Ermənistanla sülh müqaviləsini imzalamağa hazırıq. Yəni, bu işlərin başlanmasına hazırıq. Ancaq Ermənistan tərəfindən buna reaksiya yoxdur, rəsmi reaksiya yoxdur. Qeyri-rəsmi kanallarla bizə çatan məlumat budur ki, Ermənistan buna hazır deyil. Hesab edirəm, bu çox böyük bir səhv olacaq. Necə ki, müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib”.Bəli, Ermənistan keçmişdən və tarixdən nəticə çıxarmalıdır.O zaman belə bir sual meydana çıxır:

Təxribatların arxasındakı maraq və münaqişənin bitməməsi kimlərə lazımdır?

II Qarabağ müharabisənin başa çatmasını simvolizə edən 10 noyabr bəyannaməsinin imzalanmasından sonra Prezident İlham Əliyev dəfələrlə çıxışlarında Qarabağ münaqişəsinin həll olunaraq, tarixə qovuşduğunu, artıq yeni quruculuq mərhələsinin başladığını bildirib. Dövlət başçısı müxtəlif görüş və çıxışlarda onu da vurğulayıb ki, Azərbaycan bölgədə sabitliyin qarantı kimi çıxış edən ölkədir, Ermənistan tərəfi isə bu prosesə qeyri-adekvat reaksiya nümayiş etdirir. Məhz buna görə də, Azərbaycan tərəfi həmişə olduğu kimi, bu gün də sülh yolu ilə və danışıqlar prosesi çərçivəsində həllinin vacibliyini əsas götürür və Ermənistanın 10 noyabr bəyanatının icrasının mütləq olduğunu deməyə əsas verir. Və Ermənistanın qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir. Real vəziyyət isə belədir. Dövlətimizin başçısının dediyi kimi, “Əgər ermənilər öz çirkin planlarındanəl çəkməsələr, onlar üçün çox ağır nəticələr olacaq".Bəli, ermənilər bu çirkin əməlləri ilə ən ağır nəticə ilə üzləşəcəklər. Lakin hər kəs əmin olsun ki, 10 noyabr tarixindən sonra bölgədə yeni geosiyasi və geoiqtisadi əlaqələrin formalaşmasına start verilib, Ermənistan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirməyə vadar ediləcək. Çünki Azərbaycan Prezidenti yalnız haqq ədalət tərəfdarı kimi çıxış edir və dünya dövlətləri də bunu bilir. Tarixən ədalət qalib gəlib, Azərbaycan xalqı da düşməni yerində oturtmağa qadirdir.

Ermənistanın isə qeyri-adekvat davranışı ilk növbədə onun özü üçün zərbədir. Və hər hansısa bir təxribat olarsa, “Dəmir yumruğ”un növbəti zərbəsini alacaqlar.

Prezident İlham Əliyev yenə də diktə edən tərəfdir

Göründüyü kimi, 2020-ci il 10 noyabr üçtərəfli bəyanatla Azərbaycan Prezidenti İlham Əliyev yenə də diktə edən tərəfdir. Çünki Azərbaycan işi haqq işidir. Azərbaycan Prezidenti haqlı olaraq bəyan etdi ki, mövcud durumda situasiyanı Azərbaycan müəyyənləşdirir, şərtləri də cənab İlham Əliyev diktə edir: Ermənistan silahlı birləşmələri Azərbaycan torpağından tamamilə çıxarılmalı, Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf etməli, Azərbaycan xalqından üzr istəyərək «Qarabağ Ermənistan deyil» fikrini söyləməli və işğal edilmiş torpaqlardan erməni silahlı qüvvələrinin çıxarılması cədvəlini hazırlayıb Azərbaycana təqdim etməlidir». Əgər Azərbaycan Prezidentinin bu şərtlərinə əməl olunarsa, atəşkəs rejimi bərpa ediləcək. Paşinyan rejiminə güzəşt yoxdur. İllərdir sülh istəyən, humanist siyasət aparan Azərbaycanla artıq kimsə diktə dili ilə danışa bilməz. Çünki Azərbaycan hər zaman sülhün tərəfdarı olduğunu dünyaya bəyan edib. Ermənistan isə status-kvonun saxlanması üçün müxtəlif bəhanələr gətirib danışıqlar masasına oturmurdu. İndi Paşinyan danışıq aparmaq üçün açıq-aşkar yalvarır. Ancaq Azərbaycan Prezidenti onunla nəinki bir masada oturmaq, heç danışıq aparmaq belə istəmir. Çünki danışıqlara Paşinyanın “Qarabağ Ermənistanındır” sərsəm fikrindən sonra xitam verilib. Bu sadə gerçəkliyi artıq hamı başa düşməlidir..

Revanşistlər nəticə çıxarmasalar, dəmir yumruq işə düşəcək

Ermənistanda revanşist qüvvələr həm də bilməlidirlər ki, Azərbaycan Silahlı Qüvvələrinin güc-qüdrətinin artırılması son 18 ildə olduğu kimi, hazırda da xüsusi diqqətdə saxlanılır. Ölkə rəhbərinin göstərişlərinə əsasən, düşməndən təmizlənən ərazilərdə bərpa işləri aparılmaqla yanaşı, yeni hərbi hissələr yaradılır, hərbi arsenal müasir silahlarla zənginləşdirilir və silahlanmaya yeni pilotsuz uçuş aparatları daxil edilir, müasir hərbi infrastrukturun qurulması məsələsinə xüsusi önəm verilir. Bütün bunlar son 18 ildə güclü, müasir ordu yaradılması məsələsinə böyük əhəmiyyət verilməsinin, müasir döyüşlərin aparılmasında mühüm önəm daşıyan hərbi texnikanın alınmasının, son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahların hərbi arsenala daxil edilməsinin məntiqi nəticəsi idi. Əsgər və zabitlərimizin fiziki hazırlığı, qəhrəmanlıq gücü, döyüş ruhu hesabına Şuşanın işğaldan azad edilməsi bunun bariz ifadəsidir. Beləliklə, gündən-günə güclənən bir qüvvənin – “dəmir yumruğun” hesabına Ermənistan acı məğlubiyyət yaşadı.

Ermənistan dövləti başa düşməlidir ki, onun yeganə çıxış yolu qonşuları ilə münasibətləri normallaşdırmaqdan keçir. Bu reallığı nə qədər tez dərk etsələr, onlar bir o qədər də tez regiondakı inteqrasiya proseslərinə qoşula biləcəklər. Hər halda, onlar Vətən müharibəsində Azərbaycan Ordusunun gücünü gördülər. Dövlətimizin başçısı Prezident İlham Əliyevin də Hərbi Qənimətlər Parkındakı çıxışı zamanı bu məsələ ilə bağlı fikirləri açıq və qəti idi: “Dəmir yumruq” yerindədir, lazım olarsa, başlarıını əzərik və buna əbədi son qoyular”.

Erməni cəmiyyəti baş verən bu prosesləri diqqətlə izləməli, İkinci Qarabağ müharibəsinin dərslərindən nəticə çıxarmalı və hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir. Əks təqdirdə, “dəmir yumruq” yenidən işə düşə bilər.

Bəli, hər bir ölkənin sərhədi onun dövlət rəmzlərindən biridir. Azərbaycan Vətən müharibəsi nəticəsində sərhədlərini, ərazi bütövlüyünü tam bərpa edib və bu gün sərhədləri etibarlı şəkildə qorunur. Bu Ermənistanı ciddi narahat edir və hərdən təxribat xarakterli əməllərə cəhd edir. Amma bu ölkədə baş qaldıran həmin revanşist qüvvələr İlham Əliyevin xəbərdarlığından ciddi nəticə çıxarmalıdırlar. Əks halda bundan sonra hər hansısa bir təxribat olarsa, “Dəmir yumruğ”un növbəti zərbəsini alacaqlar.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə