Gəncədə Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib - FOTOLAR

Vətən üçün yaşanılan ömürlər unudulmur, yaddaşlara əbədi həkk olurlar. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Turxan Rizvan oğlu Məmmədov kimi. Gəncənin Şəhidlər xiyabanda keçirilən anım tədbirində Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Turxan Rizvan oğlu Məmmədovun xatirəsi ehtiramla yad edilib. SİA-nın verdiyi məlumata görə, millət vəkili Pərvin Kərimzadə, şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının əməkdaşları, idarə və təşkilatlarının nümayəndələri, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları və digər ictimaiyyət nümayəndələri qəhrəman Turxan Rizvan oğlu Məmmədovun məzarını ziyarət ediblər.

Anım mərasiminin iştirakçıları bildiriblər ki, şəhidlər təkcə valideynlərinin əzizi deyil, hər bir azərbaycanlının, Azərbaycanı sevənlərin əzizi, doğmasıdır. Onlar Azərbaycan tarixində, xalqımızın yaddaşında əbədi yaşayacaqlar. Azərbaycanın qəhrəmanlıq tarixinin Zəfər dolu salnaməsini yazan şəhidlər ölməzdirlər, xalqımız var olduqca onlar da yaşayacaqlar.

Anım mərasimində şəhidlərin ailə üzvləri göstərdikləri diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.

Qeyd edək ki, Turxan Rizvan oğlu Məmmədov Gəncə şəhərində anadan olub, bu şəhərdə təhsil alıb. Hərbi xidmətini başa vurduqdan sonra bərbər kimi çalışırdı.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibənin ilk günündən könüllü olaraq cəbhəyə gedib. sentyabrın 29-da Murovdağ döyüşləri zamanı Gamışdağ istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqla döyüşərək torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib. Turxan Məmmədovun uzun müddət nəşi tapılmayıb. 08.12.2020-ci il tarixində Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Turxan Məmmədov ölümündən sonra "Vətən uğrunda", “Kəlbəcərin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...