Baş verənlərə görə hakimiyyət qədər, erməni cəmiyyəti də məsuliyyət daşıyır - DEPUTAT ŞƏRH ETDİ

"Ermənistanda ağır sosial və siyasi böhranın kökündə bu ölkənin yarıtmaz idarəçiliyi və cəmiyyətin özünün təcavüzkar ideologiyaya aludəçiliyi dayanır. İşğal və təcavüz faktoru ilə ərazi əldə etdiyini, gücləndiyini düşünən və 30 il ərzində xalqı da bu yalanlara inandıran rəsmi İrəvan müharibədən sonra artıq reallığı gizlətməkdən məhrum olub". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, hakimiyyətdə kimin olmasına baxmayaraq Ermənistanda sistemin özü saxtakar və təcavüzkar mahiyyət daşıdığı üçün mövcud iqtidar məğlubiyyətdən sonra da xalqı aldatmaq yolunu seçdi: "Bu dəfə Ermənistan hakimiyyəti müharibənin nəticələrinin gizlədilməsi yolu ilə sosial gərginliyin qarşısını alacağını düşünür. Lakin, söhbət insan taleyindən gedirsə, təbii ki, hansısa məhv edilmiş işğalçı əsgərin cəsədinin uzun müddət gizlədilməsi mümkün deyil. Baxın, 1 il əvvəl başa çatmış müharibədə məhv edilən erməni əsgərlərinin cəsədləri hələ də tam şəkildə yaxınlarına təhvil verilməyib və yaxud yeni öldürüldüyü iddia olunan cəsədlərdəki çürüntülər meyitin köhnə olduğunu deməyə əsas verir. Erməniləri də qəzəbləndirən məhz belə faktlardır. Digər tərəfdən şəhid ailələrinə və qazilərə münasibəti Azərbaycan ilə müqayisə edən ermənilərin dövlətə təzyiqi daha da artırması naəlac və yardımlardan başqa heç bir resursu olmayan hakimiyyəti çıxılmaz vəziyyətə salıb".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, mövcud vəziyyətin ən əsas təqsirkarları, cinayətkar Koçaryan-Sarkisyan cütlüyü isə bu vəziyyətdən Paşinyana qarşı maksimum istifadə edir və çürümüş əsgər cəsədləri üzərindən hakimiyyəti yenidən ələ keçirmək istəyirlər: "Bu məsələdə erməni cəmiyyətinin özünün də təqsiri böyükdür. Yaxın tarixdən bəllidir ki, Paşinyan deputat olarkən, hökumətə işğala son qoymağa çağırış etmişdi. Lakin, Koçaryan-Sarkisyan cütlüyünün sifarişini canla-başla yerinə yetirən erməni cəmiyyəti isə o zaman onu linç etdi. Daha sonra, Paşinyan özü də eyforiyaya qapılsa da, müharibə ərəfəsi yenə də reallığı anlayıb baş nazir kimi parlament qarşısında müharibə ilə bağlı dinləmə keçirdi. Təbii ki, xarici yardımlardan asılı qalan Ermənistanın çoxşaxəli və planlı inkişaf yolu keçən, gündən-günə güclənən müstəqil Azərbaycan qarşısında davam gətirəcəyi ağlabatan deyildi. Lakin, bununla belə təcavüzkar ruhda, Azərbaycan və türk düşmənçiliyinə az qala din səviyyəsinə çatdıran erməni cəmiyyəti bu reallığı görmək istəmədi. Əlbəttə bu işdə "məğlubedilməz erməni ordusu" mifinin də rolu az olmadı. Amma miflər xalqın taleyini həll etmir. Beləliklə, əminliklə demək olar ki, bu gün baş verənlərə görə hakimiyyət qədər erməni cəmiyyəti də məsuliyyət daşıyır".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə