Görüşdən çox böyük nəticələr gözləmək doğru olmaz - SƏDR MÜAVİNİ AÇIQLADI

“Brüssel görüşü əslində bir neçə baxımdan müəyyən məqamları gündəmə gətirə bilər. Birincisi, Brüssel görüşü tərəflər arasında Avropa İttifaqının vasitəçiliyi ilə həyata keçirilmiş növbəti görüş kimi xarakterizə edilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədr müavini Nazim Cəfərsoy deyib.

O qeyd edib ki, bənzər görüşlər, bənzər vasitəçilik səyləri daha əvvəl də olmuşdur. “İstər Nyu Yorkda, istərsə də Parisdə Fransanın vasitəçiliyi ilə belə görüşlər olmuşdu. Lakin bunlar XİN səviyyəsində idi. Bu görüş isə artıq ölkə liderləri səviyyəsində yüksəksəviyyəli görüş olması etibarı ilə siyasi əhəmiyyət daşıyır. Bu günə kimi müharibədən sonra Nikol Paşinyan və İlham Əliyev Rusiyanın vasitəsi ilə görüşürdülər. Bu dəfə isə Qərbin vasitəsi ilə görüş təşkil olunur, bu baxımdan görüş önəmlidir. Bu görüşün Azərbaycan və Ermənistan üçün əsas mahiyyəti manevr imkanlarının qazanması baxımından önəmli bir üstünlüyü ola biləcəyini qeyd etmək mümkündür. Digər tərəfdən isə bu görüşdə humanitar məsələlərin müzakirə olunacağını demək mümkündür. Daha çox humanitar məsələlərə qarşılıqlı güvənin və inamın təmin edilməsi, müəyyən iqtisadi layihələr üçün Avropa İttifaqının təşfiqedici rolu gündəmə gələ bilər. Lakin geosiyasi aktor kimi Avropa İttifaqı o qədər də təsirli deyil, yəni Rusiya, Türkiyə ilə müqayisə etdikdə daha geri planda qalan bir şeydi. Bu Rusiyanın, Moskvanın vasitəsi ilə əvəzləməkdən daha çox onu dəstəkləyici mahiyyəti etibarı ilə gündəmə gələ bilər. Ola bilsin bu çərçivədə müəyyən humanitar məsələlər, erməni terroristlərinin müəyyən şərtlər qarşılığında geri qaytarılması, mina xəritələrinin geri qalanlarının təslim edilməsi ilə bağlı və ya qarşılıqlı inamla bağlı müxtəlif fəaliyyətlər ola bilər. Ola bilsin ki, Brüssel görüşündə gələcək görüşlər üçün də müəyyən bir güvən ortamının formalaşdırlmasına çalışılsın.

Azərbaycan tərəfindən isə manevr imkanlarımızı artırmaq və eyni zamanda erməni təbliğatının ortaya qoyduğu Azərbaycanın növbəti imicini müəyyən mənada zəiflətmək üçün bir görüş ola biləcəyini də qeyd edirəm. Bu görüşdən çox böyük nəticələr gözləmək doğru olmaz, amma müəyyən insani xarakterli məsələlərin gündəmə gəlməsi, gələcək görüşlər üçün bazanın hazırlanmasını, ikitərəfli münasibətlərin bir parçası kimi inkişaf etdirilməsi ilə bağlı çox da böyük olmayan, xırda həmlələr kimi gündəmə gələcəyini qeyd etmək mümkündür”.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə