Beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini görməzdən gəlir - DEPUTAT AÇIQLADI

"Təəssüf ki, 30 il davam etmiş beynəlxalq və regional sülhə, təhlükəsizliyə ciddi təhlükə olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn norma və prinsiplərinin kobudcasına pozulmasının bir nümunəsi olmasına baxmayaraq, insan hüquqlarını ali dəyər kimi qəbul edən dünya ictimaiyyəti və Aİ, AŞPA, ATƏT kimi beynəlxalq təşkilatlar Ermənistanın işğalçılıq siyasətini görməzdən gəlir, 1 milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətində yaşamasına ciddi reaksiya verməyiblər". Bu sözləri SİA-ya açıqlamasında deputat Ülviyyə Həmzəyeva deyib

Onun sözlərinə görə, Avropa Şurası rəsmiləri Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəniyyət abidələrini məhv etməsini, məscidlərdə heyvanlar saxlamasını, böyük talançılıq törətməsini, şəhərlərdə daşı-daş üstündə qoymamasını nədənsə görməməzlikdən gəlib, 44 günlük haqq müharibəsi dövründə Gəncə, Bərdə, Ağcabədi və Tərtər şəhərlərində dinc əhalinin böyük dağıdıcı gücü olan bombalarla atəşə tutulmasına göz yumublar: "Ötən 30 il ərzində Azərbaycan irqi ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı Beynəlxalq Konvensiyanın tətbiqi və təfsiri ilə əlaqədar Ermənistana qarşı beynəlxalq ədalət məhkəməsinə müraciət etmiş, Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsindən zərər görmüş vətəndaşlarımız tərəfindən fərdi qaydada Avropa İnsan Haqları Məhkəməsinə müraciətlər olub.

Azərbaycan Respublikasının şanlı qələbəsi ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin ölkəmizin dinc sakinlərinə qarşı qeyri-insani, beynəlxalq humanitar hüquqa, xüsusən Cenevrə Konvensiyalarına zidd olan əməlləri, hərbi əməliyyatlar zonasından uzaq məsafədə yerləşən şəhər və kəndlərin, mülki infrastrukturun kasetli və fosforlu mərmilər, uzaqmənzilli ballistik raketlər ilə atəşə tutması, bunun nəticəsində çoxsaylı insan tələfatı, infrastrukturun dağıdılması ilə bağlı Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı iddialar qaldırıb. Ümid edirik ki, Avropa Məhkəməsi bu məsələdə öz prinsipiallığını nümayiş etdirərək Azərbaycanın haqlı müraciəti ilə bağlı ədalətli qərar verəcək və hüququn aliliyinin ayrı-ayrı dövlətlərin siyasi maraqlarından üstün olduğunu sübut edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə