Qarabağ, Xankəndi: proseslər Bakının istədiyi kimi gedir ANALİTİK+AKTUAL

Bu gün Qarabağda separatçıların əmrləri altında yaşamaq istəməyən kifayət qədər erməni mövcuddur və onlara qalsa dərhal Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin qanunları altında həyatlarını davam etməyə hazırdırlar

Son günlər Qarabağda, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətləri altındakı ərazilərdə baş verən və bir-birini tez-tez əvəzləyən hadisələr belə nəticəyə gəlməyə zəmin yaradır ki, artıq quldur və separatçı rejimin Ermənistanla əlaqələri tədricən azalır. Düzdür, ara-sıra müəyyən təxribatlar baş verir və həmin təxribatların qarşısını alan da məhz Azərbaycan Silahlı Qüvvələridir. Yəni Rusiya sülhməramlı kontingentinin (RSK) tam nəzarət edə bilmədiyi ərazilər də var ki, həmin ərazilərə məhz Azərbaycan əsgəri nəzarət etməkdədirlər. Bu səbəbdəndir ki, hazırkı dövrə qədər bir neçə silahlı təxribat cəhdlərinin, yaxud terror hadisələrinin qarşısı alınıb.

Lakin bugünlərdə separatçılar tərəfindən “çoban” kimi təqdim edilən, ancaq diversiya qəsdi məlum olduqdan sonra məhv edilən erməni qulduru ilə bağlı hadisədən sonra baş verən daha bir hadisə maraqlı nüasnları üzə çıxarır. Məsələn, məlum olur ki, bu gün Qarabağda separatçıların əmrləri altında yaşamaq istəməyən kifayət qədər erməni mövcuddur və onlara qalsa dərhal Azərbaycan vətəndaşlığını qəbul edərək ölkəmizin qanunları altında həyatlarını davam etməyə hazırdırlar.

Qor Martorisyan üçüncü şəxs tərəfindən Azərbaycan tərəfi ilə əlaqə qurmağa çalışıb

Digər tərəfdən xatırlatmaq olar ki, bir neçə gün əvvəl separatçıların əmrində olan erməni əsgəri Qor Martirosyanın RSK-nın müvəqqəti nəzarətində olan ərazidə aldığı ölümcül güllə yarasından sonra əldə edilən daha bir məlumat da bu səpkidəndir. Dəqiqləşdirmələrdən sonra aşkar olub ki, insident Şuşanın Qeybalı kəndi istiqamətində baş verib və hadisəyə bir gün qalmışa qədər Qor Martirosyan üçüncü şəxs tərəfindən Azərbaycan tərəfi ilə əlaqə qurmağa çalışıb. Səbəb kimi isə onun xidmət keçdiyi qanunsuz hərbi hissədə əsgər yoldaşları və komandirləri tərəfindən təzyiqlərə məruz qalması göstərilir. Mümkündür ki, onun Azərbaycan tərəfi ilə əlaqə yaratmaq planında separatçılar məlumatlı olublar, çünki Qor açıq telefon rabitəsi ilə danışıb. Dekabrın 6-da, təxminən saat 21:20 radələrində isə avtomat silahdan açılan ardıcıl atəş səsləri eşidilib. Hadisə yerinə gedən RSK təmsilçiləri Qorun güllələnmiş cansız bədəni ilə rastlaşıblar. Bu olaydan isə belə nəticə hasil etmək olar. Bu, separatçıların təsirləri altında yaşamaq istəməyən ermənilərə xəbərdarlıq atəşi idi ki, kimsə Azərbaycanın qanuni hakimiyyəti ilə əlaqə qurmağa cəhd edərsə, onu da Qor Martirosyanın məlum aqibəti gözləyəcək. Onlar ya öldürüləcəklər, ya da qondarma rejimin “milli təhlükəsizlik xidmətinə” təhvil veriləcəklər.

İzaura Balasanyan dörd uşağı ilə birlikdə Azərbaycanın yuridiksiyası altında yaşamaq istədiyini demişdi...

Yeri gəlmişkən, belə hadisə bir neçə ay əvvəl də yaşanmışdı. Qarabağ ermənisi İzaura Balasanyan dörd uşağı ilə birlikdə Azərbaycanın yuridiksiyası altında yaşamaq istədiyini bildirərək RSK-nın nəzarət məntəqəsindən Şuşaya keçməyə çalışsa da, rus sülhməramlıları onu geri qaytararaq quldur rejimin təmsilçilərinə təhvil vermişdilər. İzaura ac olduğunu, işsız qaldığını və Azərbaycan vətəndaşlığını qəbul edərək burada yaşamasını istəyirdi, amma o, tutularaq separatçıların ixtiyarına verildi.

Göründüyü kimi, artıq bu kimi hadisələr zaman-zaman artmağa başlayır və Azərbaycanın Qarabağın separatçılar olduqları ərazilərdə antiterror əməliyyatlarına başlaması necə deyərlər, zəruri tələbə çevrilməyə başlayır. Təbii ki, suveren Azərbaycan torpaqlarında heç bir qanunsuz, saxta və quldur rejimin qalması mümkün deyil, amma həmin prosesin də sürətlənməsi şərtə çevrilib. Xankəndidə və s. ərazilərdə separatçı rejimin əsarəti altında yaşamaq istəməyən ermənilərin də bu buxovdan azad edilmələri, Azərbaycan cəmiyyətinə reinteqrasiyaları qeyd edilən faktorlardandır.

Antiterror əməliyyatları qapıdadır, qaz və elektrik qıtlığı isə separatçıları dalana söykəyib

Qarabağda yaşayan ermənilərin növbəti problemləri həm də ondan ibarətdir ki, artıq Ermənistandan Xankəndiyə çəkilmiş qaz xətti də demək olar ki, sıradan çıxıb. Belə ki, həmin kəmərin keçdiyi ərazilərin böyük hissəsi Ordumuz tərəfindən işğaldan azad edilib və bu xətlər də bilavasitə Azərbaycanın nəzarəti altındadırlar. İşğaldan azad edilmiş ərazilərimizdə infrastrukturların yaradılması prsoesi isə sürətlə həyata keçirilir və bu xüsusda yeni təhlükəsiz, eləcə də dünya standartlarına cavab verən qaz kəməri də çəkilməkdədir.

Qaz qıtlığı ilə yanaşı, elektrik enerjisi problemi ilə də qarşı-qarşıya qalan separatçılar isə müharibədən sonra təbii qaza olan təlabatlarını nəinki ödəyə bilmirlər, eyni zamanda bir sıra yaşayış mntəqələrində tamamilə qazsız və işıqsız qalırlar. Misal üçün, Qafan-Gorus yolu üzərindəki ərazilərimizdə Azərbaycan nəzarət-buraxılış məntəqəsi qurmamışdan öncə İrandan Xankəndinə qanunsuz yollarla maye qaz, yanacaq və s. enerji vasitələri daşınsa da, artıq xeyli müddətdir bu proses də dayanıb və bu faktın özü də belə nəticəyə gəlkməyə zəmin yaradır ki, Bakı RSK-nın nəzarəti altında olan Qarabağ ərazilərində də öz diktəsini müvafiq siyasəti ilə reallaşdırır. Son vaxtlar separatçıların Qarabağın müxtəlif yerlərində əski parçalarını qaldırmaq cəhdlərinə Azərbaycan əsgərinin qəti və layiqli cavab verməsi isə bu parçaların endirilməsi ilə nəticəsini tapır. Proseslər isə əlbəttə ki, Bakının istədiyi kimi gedir və çox yəqin ki, yaxınlarda yeni və uğurlu hadisələrin şahidləri olacağıq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...