Baydenin sınıq “demokratiya” arabası - ANALİZ

Amerika Birləşmiş Ştatları prezidenti Co Baydenin şəxsi təşəbbüsü ilə dekabrın 9-da video-çat formatında keçirilməsi nəzərdə tutulan "Demokratiya sammiti" dünyada iki yox, beştirəlik yaradıb. Ağ Evin indiki sahibinin ağlının məhsulu olan bu siyahıda o qədər naşılıq, subyektivlik, ikiüzlülük, qərəz, dini-irqi ayrıseçkilik, ikili standart, ksenofobiya, qütbləşmə, soyuq müharibədən qalan şırımlar var ki, Baydenin bu məngənədən necə çıxacağını söyləmək bir az çətin görünür. Axı bu işin sabahı da var, nə qədər güclü olsan da, nə qədər superdövlət olsan da, “öz gözündə tiri görməyib, başqasının gözündə tir axtarsan da”, kiçik dövlətləri qapazaltı etsən də, dövlətləri “titullandırıb” onların zəif damarlarını ələ keçirsən də əlahəzrət həqiqəti inkar edə bilməzsən. Ağ Evin nəzərində, ölçü cihaznda, tərəzisində demokratiyanın bütün hərfləri təhqir olunub. Heç bir mənbə Baydenin seçiminə vəsilə olmayıb, Co müəllim heç bir mənbədən istifadə etməyib. Yalnız bir ölçü vahidindən savayı…

Əslində bəzi dairələr var ki, dekabrın 9-da keçiriləcək sammiti sanki ölüm-dirim savaşı kimi, qiyamət günü kimi təqdim edir. Sanki bu siyahıdan kənarda qalanlar üçün hər şey bitib, tədbirə qatılanlar isə bundan sonar cənnət-məkan olacaqlar. Bəs Co-nun siyahısında olanların bundan sonrakı taleyi necə olacaq, bunu düşünən varmı? Əslində, tarixən qərəzli, obyektivlikdən kənar tutulan bütün işlərin ömrü çox qısa olur. Hər şey unudulur, vədlər qulaqardına vurulur, ümidlər puça çıxır.

Baydenin siyahısı, deyilənə görə, ölkələrin demokratiya dərəcəsi nəzərə alınmaqla tərtib edilib. Yəni burada bir nəfərin, bir qrupun fikirləri nəzərə alınmayıb, bütün dünyanın qəbul etdiyi meyarlar əsas götürülüb, ən azından beynəlxalq təşkilatların hazırladığı reytinq cədvəllərindən istifadə edilib. Yox, beynəlxalq təşkilatların hazırladığı demokratiya reytinqi ilə Co Baydenin “icad” etdiyi cədvəl arasında xeyli ziddiyyətlər var. Həmin reytinqdə 166-cı yerdə qərarlaşan dövlət sammitə dəvət edilib, amma ilk yüzlükdə olan dövlətlərin adı orada yoxdur. Bütün seçkilərdə norma və prinsiplərin pozulduğu, siyasi rəqiblərinə qarşı güc tətbiq olunmasının adi hala çevrildiyi, prezidentliyə namizədin cismani olaraq məhv edildiyi, parlamentində deputatların, baş nazirin, spikerin gülləbaran edildiyi Ermənistan adlı qondarma dövlət Baydenin gözündə demokratik ölkədir, hər gün terrorun adi hala çevrildiyi, siyasi və dini baxışlarına görə minlərlə insanın öldürüldüyü, milyonlarla sakinin öz doğma yurdunu tərk etdiyi, isti ocağını itirdiyi Nigeriya demokratik dəyərlərə cavab verir, amma Cənubi Qafqazda sabitlik adası sayılan Azərbaycan qeyri-demokratik damğası vurularaq həmin sammitə dəvət edilmir. Bu, əslində Amerikanın ikili standartlarının məhsuludur. Amerika demokratiyaya belə yanaşır. Həmin sammitə İraq və Suriya kimi ölkələr də dəvət alıb. Hansı ki, bu ölkələrdə nəinki demokratiya, heç normal dövlət quruluşu da yoxdur. Amma Türkiyə kimi demokratik ənənələri olan demokratiyanın tam oturuşduğu ölkəni, o cümlədən də bizim ölkəni həmin sammitə dəvət etməyiblər.

Bu yanaşma yanlışdır. Demokratiyanın özünü hörmətdən salmaq deməkdir. Yəni Türkiyədə çoxpartiyalı sistem çoxdan yaranmışdır, seçkilər tam şəffaf şəkildə həyata keçirilir və hakimiyyət seçki yolu ilə dəyişilir. Yəni klassik demoktatik quruluşu olan dövləti bu sammitə dəvət etməmək sırf Türkiyə ilə münasibətlərin normal olmaması idi. Bu, ABŞ prezidenti Co Baydenin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana xoş olmayan münasibətindən irəli gəlir. Eyni münasibəti Azərbaycana da göstərirlər. Bizdə çoxpartiyalı siyasi system mövcuddur. Həmin partiyaların qəzet və saytları fəaliyyət göstərir. Yəni fikirlərini azad və sərbəst şəkildə bildirmək üçün dövlət onlar üçün lazım olan imkanları yaradıb. Onları rəsmi sürətdə qeydiyyata alıb, dövlətin mülkiyyətində olan binalarda işləmək üçün ofislər verilib. Eyni zamanda çoxpartiyalı siyasi sistemin iştirakı üçün seçkilərdə iştirak hüququ yaradılıb, hansı ki, onlar prezident seçkilərində, parlament seçkilərində, bələdiyyə seçkilərində iştirak edirlər. Demokrativ dövlət quruculuğunu qarşısına məqsəd kimi qoyub və bu yolda xeyli yol qət edib. Amerika normal demokratiyaya gəlib çatmaq üçün 200 ildən çox vaxt sərf edib. Buradan belə nəticə çıxarmaq olar ki, Baydenin demokratiya tərəzisi sınıb, işləmir.

Bəs demokratiya nədir? Demokratiya, yunanca. demos - xalq və kratos - hakimiyyət, yəni xalq hakimiyyəti deməkdir. Cəmiyyətin siyasi təşkili forması, xalqın hakimiyyət mənbəyi kimi tanınmasına, dövlət işlərinin həllində iştirak etmək hüququ olmasına və vətəndaşlara geniş hüquq və azadlıqlar verilməsinə əsaslanır. Demokratiya azadlıqlar arasında vətəndaşların nümayəndəli dövlət orqanlarına seçmə və seçilməyi, söz, mətbuat, yığıncaq, mitinq və nümayişlər azadlıqları, vətəndaşların hüquq bərabərliyi, şəxsiyyət və mənzil toxunulmazlığıdır. Bu, oxuduğumuz sətirlərdə bizə yad olan bircə söz varmı? Yox. Seçkili orqanlara bütün vətəndaşlarımızın seçmək və seçilmək hüququ var və tanınır. Söz və mətbuat azadlığının olmadığını kimsə deyə bilməz, çünki ölkədə dərc olunan çıxa qəzet və jurnalların sayı onlarladır, saytları sayı isə yüzlərlə. Mitinqlərin keçirilməsində heç bir məhdudiyyət yoxdur, hüquq bərabərliyi və şəxsiyyətin toxunulmazlığı isə əksər dövlətlərdən daha çox qorunur və deməli demokratik norma və prinsiplərə cavab verir.

Demokratiya dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, ictimai vəziyyətindən, mülki vəziyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabərliyini nəzərdə tutur. Amma ABŞ kimi kapitalizmin ən yüksək dəyərlərini mənimsəmiş ölkələrdə sosiallaşma, insanlar arasında normal münasibətlər, dərin təbəqələşmə demək olar ki, sıradan çıxarılıb. Yalnız güclülər yaşaya bilir. SEçən və seçilənlər yalnız ən üst qatda olanlar arasında aparılır. ABŞ seçki sisteminə fikir versəniz bunu açıq şəkildə görə bilərsiniz. Heç təsadüfi deyil ki, Bil Klinton president olduğu dönəmdə çalışırdı ki, mövcud qaydaları dəyişsin. Onun fikrincə, seçkilərdə iştirak edən hər bir vətəndaşın savadlılığı müəyyən testlər vasitəsilə yoxlanılmalıdır. ABŞ strateji maraqları üçün bütün vasitələri məqbul sayıb, dünya siyasətində öz maraqlarını təmin etmək üçün demokratiyadan sui-istifadə edir. Hətta bu vasitələr beynəlxalq qanunları tapdalamaq hesabına olsa belə, ABŞ bunun həyata keçirilməsindən çəkinmir. Bu strategiya isə ABŞ-ın pul vahidi olan dolları dünya valyutası kimi qoruyub saxlamaqdan ibarətdir.

ABŞ-ın “Demokratiya” sammitini keçirməsi də səbəbsiz deyil. Öncə onu demək lazımdır ki, Trampın zamanında ABŞ demokratik imicini həddindən artıq xərcləmişdi. Co Bayden bu sammiti keçirməklə “demokradiyanın atası” və “beşiyi” olduğunu düşüncələrdə bərpa edə bilsin. Bundan başqa Bayden administrasiyası çalışır ki, “Demokratiya” sammitini keçirməklə dəvət etdiyi ölkələrin üzvü olduğu koalisiya yaratsın və yeni yaradılan bu “demokratiya” blokunu Rusiya və Çinə qarşı qoysun. Çünki Çinin yüksəlişi, Rusiyanın əsasən Ukrayna və Yaxın Şərqdəki mövqeləri müəyyən mənada ABŞ-ın maraqlarına toxunmağa başlayıb. Burada Azərbaycan və Türkiyənin iştirak etməməsinin səbəbi də ABŞ-ın istəklərinin Azərbaycan və Türkiyə tərəfindən qəbul edilməməsidir. Amerika Türkiyə və Azərbaycanı öz yanında görmək istəyir. Türkiyənin S-400-dən imtina etməməsi, Rusiya-Türkiyə yaxınlaşması, hər ikisinin Qafqazda, Suruyada əməkdaşlıq etməsi, digər tərəfdən daxildəki müəyyən siyasi proseslər ABŞ-ın istəkləri ilə uyğun gəlmir.

Demokratiyanın bir üsulunu da vaxtilə Liviyada Qəddafi qurmuşdu - Cəmahiriyyə. Ərəbcə "kütlələrin dövləti" kimi tərcümə edilir. Bu termin Muammər Qəddafinin 1975-ci ildə nəşr olunan "Yaşıl Kitab"ında da qeyd edilib. 1977-ci ildən 2011-ci ilə qədər Liviyada əsl xalq hakimiyyəti quran Qəddafinin başqa günahı nə idi ki, onu bəhanə edib biabırcasına devirdilər. Bayden hökumətinə bir sual, demokratiya istəmirdin, bu da sənə xalq hakimiyyəti – demokratik cəmiyyət, demokratik dövlət. Bəs niyə devirdiniz, çünki sizing tərtib etdiyiniz, ayı xidməti göstərən, banan ölkə deyildi. O “ərəb baharı”nın nə olduğunu, mahiyyətini BMT tribunasından açıq şəkildə demişdi. O Makron Fransasının Afrika qitəsindəki koloniyaları yenidən yaratmaq istəyini faş etmişdi.

Bir sözlə Qərbə demokratiya yox, bu ad altında tərtib olunmuş, gizlədilmiş siyasi oyunlar lazımdır…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə