Amnistiya aktı böyük siyasi, hüquqi, mənəvi əhəmiyyətə malikdir - FOND RƏHBƏRİ AÇIQLADI

“Amnistiya aktının əhəmiyyəti ondan ibarətdir ki, bu akt 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər münasibətilə qəbul olunub. Ona görə də bu aktın bütövlükdə həm siyasi, həm hüquqi, həm də mənəvi əhəmiyyəti var". Bu sözləri SİA-ya açıqlamasında Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, digər bir tərəfdən isə bu akt Azərbaycan Prezidenti cənab İlham Əliyevin öz fəaliyyətində humanizm prinsiplərinə hər zaman söykəndiyinin növbəti ifadəsidir: "Bildiyimiz kimi cənab İlham Əliyev prezidentlik məqamına daxil olduğu vaxtdan bu günə qədər 37 əfv sərəncamı imzalayıb və 5 minə yaxın şəxs azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən və digər cəzalardan azad edilib.

Bildiyimiz kimi Amnistiya aktı nəticəsində 17 minə qədər şəxs cəzadan və yaxud da cinayət məsuliyyətindən azad ediləcək. Onların böyük bir hissəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin strukturları vasitəsilə azad edilib. 5800-ə qədər Penitensiar Xidmət müəssisələrindən azad ediləcək və yaxud da cəzası azaldılacaq. 8800 nəfəri isə Probasiya Xidmətindən, digərləri isə cinayət təqib orqanları tərəfindən azad olunacaq. 17 min məhkumun cinayətdən və cəzadan azad edilməsi bir çox ailəni, insanları sevindirdi. Bu baxımdan hesab edirəm ki, bütövlükdə Amnistiya aktı böyük siyasi, hüquqi, mənəvi əhəmiyyətə malikdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə