Onların hüquqlarının məhdudlaşdırılmasına yol verilə bilməz - ŞƏRH EDİLDİ
“Amnistiya aktı haqqında danışarkən mütləq amnistiyanın təsiri altına düşən şəxslərin dairəsinə diqqət yetirmək lazımdır. Diqqət etsək Amnistiya aktının nə dərəcədə böyük əhəmiyyət daşıdığının şahidi olarıq”. Bu sözləri SİA-ya açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov bildirib.
Onun sözlərinə görə, amnistiya tətbiq olunan şəxslərin dairəsi müəyyənləşdirilərkən xüsusilə Vətən müharibəsində iştirak etmiş şəxslər, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda aparılan digər döyüşlərdə iştirak etmiş şəxslər, habelə müharibədə və döyüş əməliyyatlarında həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları nəzərə alınır: “Əlavə olararaq həmin vətən müharibəsində iştirak edən habelə digər xüsusi xidmətlərə görə Azərbaycan Respublikasının orden və medalları ilə təltif olunmuş şəxslərə tətbiq edilir. Yəni bu akt vətən müharibəsinin həm iştirakçılarına, həm də onların yaxın qohumlarına şamil edilir. O cümlədən Xocalı soyqrımında iştirak edən şəxslərə və həlak olmuş, əlil olmuş, itkin düşmüş şəxslərin yaxın qohumlarına şamil edilir. 1948-1953, 1988-1992-ci illərdə Ermənistandan deportasiya olunmuş şəxslər, 1988-1993-cü illər Azərbaycan ərazisinin bir hissəsinin Ermənistan tərəfindən işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçkün düşmüş şəxslər yəni həm Ermənistan ərazisindən qaçqın düşən şəxslər, həm də ölkə daxilində məcburi köçkün düşən şəxslərə və 1990-cı il 20 yanvar faciəsində əlil olmuş şəxslərə, həmçinin şəhid olmuş şəxslərin yaxın qohumlarına şamil olunub.
Amnistiya aktına diqqət yetirsək görərik ki, bu qanun Çernobıl əlillərindən tutmuş Azərbaycan Respublikası qarşısında xidmətləri olan şəxslərin özlərinə və yaxın qohumlarına şamil edilir. Şübhəsiz ki, bütün Amnistiya aktlarında olduğu kimi burada da humanizm prinsipi əsas götürülür və buna baxmayaraq təbii ki, Amnistiya aktlarında müəyyən məhdudiyyətlər nəzərdə tutulur ki, bu da qanuna uyğundur. Biz Amnistiya aktının 10-cu və 11-ci maddələrinə diqqət yetirsək görərik ki, orada məhdudiyyətlərlə bağlı qanun qoyulub. Yəni zərərçəkmişin maddi ziyanını tam ödəməmiş şəxslərə Amnistiya aktı tətbiq olunmur və humanizm prinsipləri insanların hüquq bərabərliyi prinsipi ilə uzlaşmalıdır. Ona görə də bir sıra məhdudiyyətlərin qoyulması təbiidir, qanuna uyğundur. Bütün Amnistiya aktlarında belə bir hallar nəzərdə tutulur və nəzərə alsaq ki, törədilmiş ictimai təhlükəli əməllər nəticəsində zərərçəkmiş şəxslər də Azərbaycan Respublikasının vətəndaşlarıdır. Onların da hüquqlarının məhdudlaşdırılmasına yol verilə bilməz. Ona görə də tətbiq edilən məhdudiyyətlər qanuna uyğundur”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB