Görüşün nəticəsini gələcək zamanlarda hiss edəcəyik - MÜNASİBƏT BİLDİRİLDİ

“Məlum olduğu kimi noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabaq şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı keçirilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu toplantıda iştirak edib” Bu sözləri SİA-ya açıqlamasında politoloq Əlimusa İbrahimov bildirib.

Onun sözlərinə görə, adından da göründüyü kimi bu Zirvə toplantısı idi və burada iştirak edən dövlətlərin dövlət başçıları və prezidentləri çıxış ediblər: “Məlum olduğu kimi İƏT əvvəldən Azərbaycanın mənafelərini müdafiə edən bir təşkilatdır. Bu təşkilatın üzvləri arasında yer tutan dövlətlərin hamısı Azərbaycanla çox yüksək səviyyədə münasibətləri olan dövlətlərdir. İƏT-in tərkibinə hazırda 10 dövlət üzvdür və bu dövlətlərin hamısı Azərbaycanla yaxın dostluq münasibətindədirlər. Hesab edirəm ki, bu İlham Əliyevin son bir ildə iştirak etdiyi ən məhsuldar görüşlərdən biridir. Ona görə ki, Azərbaycan artıq bir ildir öz torpaqlarını düşmən işğalından xilas edib və bu bir il ərzində cənab Prezident mütəmadi görüşlər keçirmişdir. Bu görüşlər Azərbaycan tarixinə yazılacaq qədər önəmli görüşlərdir. Ona görə ki, orada iştirak edən bütün dövlətlər qeyd etdiyim kimi Azərbaycana dost münasibətində olan dövlətlərdir və dövlət başçıları bir-bir yaxınlaşaraq torpaqları işğaldan azad etdiyinə görə cənab Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik etmişdilər. Bu təbriklər Ermənistanda rezonans doğurmuşdur. Təbii ki, qeyd etdiyim kimi İƏT-ə üzv dövlətlər bu vaxta qədər də Azərbaycanın yanında olmuşdurlar, bəziləri isə neytral mövqe tutmuşlar. Amma bu görüşdən sonra sadaladığımız bu dövlətlərin hamısı birmənalı olaraq öz xarici siyasətlərində Ermənistanla müqayisədə Azərbaycana üstünlük verdiklərini sübut etdilər. Bu cənab Prezidentin regionda qazandığı uğurlardan biridir.

Preziden İlham Əliyevin İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Seyid İbrahim Rəisi ilə görüşünü xüsusi vurğulamaq lazımdır. Son bir neçə ay əvvəl İranla Azərbaycan arasında münasibətlər müəyyən qədər gərginləşmişdir. Düşünürəm ki, İran yeritdiyi siyasətin müəyyən qədər yanlış olduğunu anladı və bu siyasətdən əl çəkməyə məcbur oldu. İranın yüksək səviyyəli şəxsləri, diplomatları və dövlət rəhbəri Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu ifadə ediblər. Bu görüşdə də iki dövlətin prezidentləri münasibətlərin inkişaf etdirilməsinə maraqlı olduqlarını bildiriblər.

Düşünürəm ki, İbrahim Rəisi ilə keçirilən ikitərəfli görüş İƏT-in gətirdiyi faydalardan biridir. Həmçinin digər ölkə rəhbərləri ilə keçirilən görüşlər də ikitərəfli əlaqələrin inkişaf etdirilməsi yönündə irəliləmişdir. Eyni zamanda İƏT-ə üzv olan dövlətlər Azərbaycanın haqq işinə tərəfdaşlıq etdilər. Düşünürəm ki, biz bu görüşün nəticəsini gələcək zamanlarda hiss edəcəyik”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə