Biz ən qısa zamanda Laçına böyük qayıdışın şahidi olacağıq - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycanın rəşadətli ordusu cənab prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qələbə qazanmaqla erməni faşist və terrorçularını Qarabağ torpağından qovaraq çıxardı və torpaqlarımızı işğaldan azad etdi. Döyüş meydanında əldə etdiyimiz uğurlar bizim siyasi uğurlarımız üçün zəmin yaratdı. Üçtərəfli bəyanatla əldə edilmiş razılığa əsasən bizim digər 3 rayonumuz Ağdam, Kəlbəcər və Laçın bir güllə belə atmadan Azərbaycana təhvil verildi. Sonuncu olaraq dekabrın 1-də Laçın işğaldan tam olaraq azad edildi. Bununla da bu proses yekunlaşdı". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Deputatın sözlərinə görə, bir il kimi qısa zaman kəsiyi olmasına baxmayaraq cənab Prezidentin tapşırıqlarına əsasən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində quruculuq-abadlıq işləri sürətlə davam etdirilməkdədir: "Bu müddət ərzində bütün işğaldan azad olunmuş ərazilərin elektriklə təchizatı məsələsi öz həllini tapıb. Burada yarımstansiyalar, SES-lər bərpa olunub və ya yeniləri qurulub. Yol infrastrukturu yenidən və sıfırdan qurularaq təmir-bərpa işləri həyata keçirilir. Ən sevindirici hal ondan ibarətdir ki, Zəfər yolu artıq istifadəyə verilib. Bununla yanaşı dəmir yolları yenidən qurulur, tunellər çəkilir və s. Çətin və ağır relyef olmasına baxmayaraq bu işlər peşəkarlıqla həyata keçirilir. Laçın çox böyük strateji əhəmiyyətə malik bir rayondur və bu rayon ərazisində böyük meşələr yerləşir. Buranın kənd təsərrüfatı potensialı yüksəkdir və həmçinin burada turizm potensialı işlənməklə gələcəkdə Azərbaycana çox böyük gəlir gətirə biləcək sahədir".

N.Həmzəyev vurğulayıb ki, cənab prezident İlham Əliyevin göstərişi ilə işğaldan azad edilmiş rayonlarda 3 beynəlxalq havan limanı tikilməsi nəzərdə tutulurdu ki, artıq bunlardan ilki olan Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu və bu aeroport istifadə edilməkdir: "Cənab Prezidentin Laçına səfəri zamanı da burada tikiləcək hava limanının təməli qoyuldu. Laçına yeni yolların çəkilməsi, buranın mövcud potensialının işlənərək öyrənilməsi və ən qısa zamanda keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına qaytarılması üçün dövlətimiz tərəfindən xüsusi proqramlar həyata keçirilməkdədir. Biz sevinirik ki, torpaq uğrunda canından keçən şəhidlərimiz və qazilərimizi əziyyəti yerdə qalmır. Dövlətimiz də öz növbəsində bu qəbildən olan insanlara və onların ailələrinə dəstəyini göstərir. Biz ən qısa zamanda böyük qayıdışın şahidi olacağıq. Tezliklə Laçında bütün evlərdən uşaq səsləri gələcək, toy-büsat qurulacaq və Laçın əvvəlki görkəmini geri qaytaracaq. Qarabağ Azərbaycandır!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə