Azərbaycan regionun lider ölkəsi rolunu inkişaf etdirir - MÜNASİBƏT BİLDİRİLDİ

“Ölkə Prezidenti cənab İlham Əliyevin noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə toplantısındakı çıxışı çox önəmli xarakter daşıyırdı” Bu sözləri SİA-ya açıqlamasında deputat Tural Gəncəliyev bildirib.

Onun sözlərinə görə, cənab Prezident Azərbaycanın regionda həyata keçirdiyi layihələr, xüsusilə Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlar və torpaqlarımızın, Qarabağın azad olunmasından sonra qurulması, bərpası, infrastrukturun yaradılması haqqında çox vacib məsələlərə toxundu: “Həmçinin çıxışında Zəngəzur dəhlizi ilə bağlı məsələni xüsusi qeyd etməsi təqdirə layiqdir. Çünki Zəngəzur dəhlizi cənab Prezidentin təbirincə desək artıq reallığa çevirilir və Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın Şərq-Qərb, Şimal-Cənub arasında əvvəlcədən mövcud olan birləşdirici rolunu, regionda coğrafi ərazi olaraq çox mühüm əhəmiyyətli bir ölkə potensialını biraz da gücləndirəcək. Həqiqətən də Zəngəzur dəhlizinin fəaliyyətə başlaması ilə Azərbaycanın iqtisadi potensialı daha da güclənəcək və biz iqtisadi potensialı güclü olan ölkənin vətəndaşları olaraq bundan qürur hissi keçiririk və keçirəcəyik. Ümumiyyətlə Zəngəzur dəhlizi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən eyni zamada region ölkələrinə də çox xeyir gətirən yeni əməkdaşlıq platformasıdır. Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın əsas hissəsinin birləşməsi həm tarixi, əzəli torpaqlarımıza iqtisadi cəhətdən Zəngəzur dəhlizi vasitəsi ilə çıxış deməkdir, həm də ümumiyyətlə regionda mövcud olan bütün kommunikasiya xətlərin, əlaqələrin qurulması və yenidən bərpası kimi məsələləri əhatə edir. Hesab edirəm ki, Azərbaycan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda olduğu kimi İqtisadi Əməkdaşlıq Təşkilatında da praqmatik və rasional siyasəti ilə öz sözünü deyir və Azərbaycan regionun lider ölkəsi rolunu daha da inkişaf etdirir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə