Fransa kiçik bacısı olan Ermənistandan maşa kimi istifadə edir - MÜNASİBƏT BİLDİRİLDİ

“Fransanın mövqeyi Azərbaycan üçün, Azərbaycanın ictimaiyyəti üçün yeni deyil. Çox yaxşı xatırlayırıq ki, Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxladığı dövrlərdə Fransa ilə separatçı Dağlıq Qarabağ rejimi arasında kifayət qədər sıx əlaqələr mövcud idi”. Bu sözləri SİA-ya aşıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, Fransa bələdiyyələri separatçı rejimlə qardaşlıq müqavilələri imzalayırdı: “Təbii ki, Azərbaycan bütün bunların nəticələrinin aradan qaldırılması üçün öz imkanlarını səfərbər edirdi və real nəticələrə nail olurdu. Amma eyni zamanda biz bilirdik ki, ATƏT-in Minsk qrupu bütünlükdə münaqişənin tənzimlənməsi istiqamətində nəinki səmərəli fəaliyyət göstərə bilmir, ümumiyyətlə belə bir istəyi yoxdur. Bu qrup sanki münaqişə vəziyyətinin qalması istiqamətində fəaliyyət göstərirdi. Biz ATƏT-in Minsk qrupunun münaqişə vəziyyəti ilə bağlı heç vaxt obyektiv mövqeyinə rast gəlməmişik. ATƏT-in Minsk qrupu münaqişəni tənzimləmək istəyirdisə hər şeydən öncə bu münaqişənin predmetinə obyektiv bucaqdan yanaşmalı idi, yəni mütləq şəkildə o nöqtədən çıxış etməli idi ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib və məhz münaqişənin tənzimlənməsi də bu konteksdə həyata keçirilməli idi. Yəni Ermənistanın işğalçılıq siyasətinin nəticələri aradan qaldırılmalı idi ki, münaqişənin tənzimlənməsinə nail olsun. Amma biz bunların heç birini görmürük. Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad edib.

Təəssüf doğuran məqamlardan biri də budur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa ən azından neytral mövqe sərgiləməli olduğu halda açıq-aşkar təcavüzkar, təxribatçı Ermənistanı özünün kiçik bacısı adlandıraraq onun tərəfini saxlamışdır. Fransa açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik etmişdir. Bu, əlbəttə ki, bütövlükdə Fransanın bir dövlət kimi nüfuzuna xələl gətirir. Fransa unudur ki, özünü doğrultmayan bir dövlət olan Ermənistan Fransanın Cənubi Qafqaz regionundakı hər hansı bir maraqlarının qorunmasına töhfə verə bilməz. Amma Azərbaycan kimi bir dövlətlə, yəni Fransa ilə yaxşı münasibətlərə malik olan bir dövlətlə münasibətləri korlamaq, əlaqələri zəiflətmək hər şeydən öncə Fransanın özünə zərər verəcəkdir. Azərbaycan Vətən müharibəsində inamlı qələbə qazandı, özünün güc mövqeyini müəyyən etdi və bu gün Azərbaycanın güc mövqeyi ilə dünya ölkələri barışıblar.

O ki qaldı Fransanın ölkəmizə hansısa təzyiqlər göstərmə cəhdlərinə hesab edirəm ki, Fransanın belə bir real imkanı mövcud deyil. Cənubi Qafqaz regionunda Fransanın təsir etmək imkanları minumuma endiyinə görə o bu gün kiçik bacısı olan Ermənistandan daha çox maşa kimi istifadə etməyə çalışır və ermənilər də görəcəklər ki, bir xalq, dövlət olaraq maşa statusundan kənara çıxa bilmirlər. Fransa Ermənistanı bir növ alət rolunda görür. Onlardan istifadə edərək Cənubi Qafqazda hansısa təsir imkanlarını təmin etməyə çalışır. Bu da baş tutmayacaq. Regionda artıq geo-siyasi konfiqurasiya formalaşıb. Təbii ki, Azərbaycan öz güc mövqeyində də möhkəmlənməkdədir. Digər tərəfdən isə Fransada seçkilər yaxınlaşır. Hər seçki öncəsi namizədlər erməni elektratının dəstəyindən istifadə etməyə çalışırlar və seçki öncəsi erməniləri müvəffəqiyyətlə aldatmağa nail olurlar. Amma bu proseslər bitdikdən sonra ermənilər ənənəvi olaraq heçnəsiz qalırlar. Düşünürəm ki, Fransa prezidenti Emmanuel Makronun siyasəti də bundan ibarətdir. Seçkilərdə qalib gəlmək üçün erməni lobbisindən istifadə edir. Cənubi Qafqaz regionundakı proseslər ölkəmizin haqlı və ədalətli mövqelərinə uyğun cərəyan etməlidir. Azərbaycan prosesləri məhz bu istiqamətdə yönləndirmək imkanlarına malikdir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...