"Yaxında mühüm layihələrin həyata keçirilməsinin şahidi olacağıq" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"Yaxında mühüm layihələrin həyata keçirilməsinin şahidi olacağıq" - SİYASİ ŞƏRHÇİ MÖVQE BİLDİRDİ

"İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Vlll Zirvə Görüşünün keçirilməsi mühüm əhəmiyyət daşıyır". Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

O, qeyd edib ki, məlum olduğu kimi bundan öncə Azərbaycanın təşəbbüsü ilə Covid-19 pandemiyasına qarşı mübarizə məqsədilə həmrəyliyin təşkil edilməsi üçün video konfrans formatında zirvə toplantısı keçirilmişdi. İndiki şəraitdə türk dövlətlərinin başçıları arasında zirvə toplantısı keçirilməsi bir neçə aspektdən əhəmiyyət daşıyır.

Elçin Mirzəbəyli bu barədə fikirlərini belə izah edib: "Bunlardan birincisi, şübhəsiz ki, Azərbaycanın əldə etdiyi qələbə nəticəsində bölgədə yaranmış yeni reallıqlar, bu reallıqların diqtə etdiyi şərtlər, həmçinin, Zəngəzur dəhlizinin reallaşması nəticəsində türk dünyası arasındakı qopmuş bağların yenidən bərpası ilə bağlıdır. Təbii ki, müzakirə edilən mövzuların tutumu genişdir. Amma bununla yanaşı bir mövzuya diqqət çəkmək istərdim ki, Azərbaycan ilə Türkiyənin yeritdiyi uzunmüddətli siyasət nəticəsində Türk Dövlətinin Əməkdaşlıq Şurasının cazibədarlığı kifayət qədər artıb. Bu prosesdə bütün türk dövlətləri və özünü ortaq mədəniyyətə aid edən dövlətlər iştirak etmək niyyətlərini açıq ifadə edirlər. Bu aspektdən düşünürəm ki, bu zirvə toplantısı müasir dövrdə türk dövlətlərinin həyatında ən önəmli qərarların qəbul edildiyi toplantı olacaq. Çünki faktiki olaraq türk dövlətlərinin təşkilatı yaradılır. Məlum olduğu kimi Əməkdaşlıq Şurası və təşkilat bunlar ayrı-ayrı hüquqi anlayışlardır. Əməkdaşlıq Şurası yalnız məşvərət yolu ilə müəyyən qərarların qəbul edilməsi və həyata keçirilməsini nəzərdə tutursa, təşkilat vahid mexanizmə malik bir strukturdur, bir modelidir. Bu da türk dövlətləri arasında əlaqələrin daha da genişləndirilməsinə öz töhfəsini verəcək. Çox güman ki, biz yaxın dövrlərdə Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının və Türk Dövlətləri Təşkilatının bilavasitə iştirakı ilə mühüm layihələrin həyata keçirilməsinin şahidi olacağıq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə