"Prezidentin Zəfər bayramını Şuşada qeyd etməsinin böyük əhəmiyyəti var” - ŞƏRH EDİLDİ

“Cənab Prezidentin 8 noyabr Zəfər bayramını Şuşada qeyd etməsinin çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Şuşanın azad edilməsi prosesində əsas təşkilatçımız Ali Baş Komandan cənab İlham Əliyevin özüdür: “Şəhərin azad olunması günü şəhər ictimaiyyətinin ordu rəhbərliyi ilə birlikdə Şuşada olması Azərbaycanın öz torpaqlarına sahib çıxması, Azərbaycanın ərazi bütövlüyünü heç vaxt heç kəsə güzəştə getməyəcəyinə dair verdiyi növbəti bəyanat idi. Digər tərəfdən isə cənab Prezident Şuşada çıxışında bir çox vacib məsələlərə toxundu. Ermənistan ilə sülh müqaviləsinin bağlanması, işğaldan azad olunmuş torpaqların abadlaşdırılması, Azərbaycanın bu günü və sabahı ilə bağlı çox ciddi məsələlərdir. Bunların hər birində Azərbaycan dövlətinin qətiyyəti, rəhbərin öz işinə məsuliyyətlə yanaşması hiss edilir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident bu bir il ərzində çox sayda işğaldan azad edilmiş regionlara səfər etdi: “Həmin bölgələrin mərkəzində həmin bölgələrin görkəmli nümayəndələri ilə görüşdü. Məcburi köçkünlərin geri qayıtması planlarından danışdı. Eyni zamanda görülən işlərlə bağlı ictimaiyyəti məlumatlandırdı. İctimaiyyət görür ki, bu çətin və mürəkkəb məsələ dövlət tərəfindən addım-addım həll edilir. Ümumən götürdükdə Azərbaycan həm öz vətəndaşlarına, həm də dünyaya müstəqil dövlət quruculuğunun uğurla həyata keçirilməsinin nümunəsini ortaya qoyur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə