Azad edilmiş ərazilərdə bütün infrastrukturun fəal şəkildə bərpası aparılır
Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu. 44 günlük müharibədə Ordumuz düşməni diz çökdürdü, onun hərbi birləşmələrini və canlı qüvvəsini darmadağın edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şanlı qələbə dövlətimizin gücünü, qüdrətini, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan dövləti Böyük Qayıdış proqramına başlayıb və bir sıra ölkələr işğaldan azad olmuş ərazilərin bərpasına xüsusi maraq göstərirlər.
Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən dövlətimizin başçısı vurğulayıb: “Mən demişəm, biz bu bölgəni - Qarabağı cənnətə çevirəcəyik. Artıq bütün göstərişlər verilib. Bütün işlər görülür, planlı şəkildə görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə bilməz”.
İşğaldan azad edilən ərazilərdə Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına da start verilib. Məlumat üçün bildirək ki, bəhs olunan qoruq 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Erməni qəsbkarlar işğal altında saxladıqları dövrdə digər ərazilərdə olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror törədiblər. Burada illərlə formalaşmış təbii ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində ciddi zərbə vurulub. Bəhs olunan səfər çərçivəsində dövlətimizin başçısı, birinci xanım və qızları Leyla Əliyeva Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisinə gələrək burada çinar ağacları əkiblər. Sonra dövlətimizin başçısı, birinci xanım və qızları Bəsitçaya balıq buraxıblar.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən yolları bərpa edilir, Əhmədbəyli - Füzuli - Şuşa, Toğana - Kəlbəcər istiqamətində avtomobil yollarında son tamamlama işləri aparılır, Ağdam, Füzuli-Şuşa dəmir yolunun tikintisi də planlaşdırılır, qısa zaman ərzində Füzuli Beynəlxalq Hava Limanı da istifadəyə verildi.
Eyni zamanda, regionda su elektrik stansiyaları fəal şəkildə bərpa edilir, uzunluğu 400 kilometrdən çox olan qaz kəmərinin çəkilişi planlaşdırılır.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları əsasında şəhər və kəndləri də salınır. Bu layihə ərazilərin potensialından səmərəli istifadəyə, sabit iqtisadi inkişafı və texnoloji innovasiyalar vasitəsilə dövlət xidmətlərini təmin etməyə imkan verəcək.
Azərbaycan işğaldan azad edilmiş torpaqlarını Cənubi Qafqazın ən inkişaf etmiş regionuna çevirməyə çalışır və bu, yalnız Azərbaycanın inkişafı üçün deyil, qonşu ölkələrin də iqtisadi tərəqqisinə imkanlar yaradacaq.
Prezident İlham Əliyevin əzmi və qətiyyəti, uzaqgörən siyasəti sayəsində erməni faşistləri tərəfindən, viran qoyulmuş şəhər və kəndlərimiz, tarixi, mədəni, dini abidələrimiz tez bir zamanda bərpa olunacaq, insanlar öz ata-baba yurdlarına qayıdacaq. Yerli əhali öz doğma yurdlarına qayıtdıqdan sonra onların dayanıqlı məskunlaşmasını təmin etmək, bu əraziləri cəmiyyətin sağlam, müasir və abad yaşayış mühitinə çevirmək üçün artıq genişmiqyaslı işlərə başlanılıb. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin bərpası və yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların və mədəni-tarixi abidələrin bərpası və yenidənqurulması, yaşayış evlərinin tikintisi və s. məqsədilə azad olunmuş ərazilərin bərpası proqramına 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 4 yanvar 2021-ci il tarixli Fərmanı ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılan “Qarabağ Dirçəliş Fondu” Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyi göstərilməsi və sərmayələrin cəlb edilməsində əhəmiyyətli rol oynayır.
Xəyalə Eminova
Xəzər rayonu, 124 nömrəli tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB