"G-20-yə üzv dövlətlər üzərlərinə düşdüyü öhdəlikləri yerinə yetirəcəklər" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

“Məlum olduğu kimi İtaliyanın paytaxtı Roma şəhərində keçirilən G-20 liderlərinin sammitində dünyanı narahat edən və gələcəkdə Yer kürəsi üçün təhlükə törədən bir sıra məsələlər müzakirə edilib. Liderlər Yer kürəsində iqlim dəyişikliyinin baş verməsi fonunda yaranmış təhlükəli vəziyyətlərdən çıxış yolları barədə təkliflər irəli sürüblər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.

Onun sözlərinə görə, bu gün inkişaf etmiş böyük dövlətlərdə inşa edilmiş sənaye müəssisələrindən havaya həddindən artıq zəhərli qazlar buraxılır, içməli və şirin sulara zəhərli maddələr axıdılır: “Bu səbəblərdən bu gün dünyada qlobal istiləşmə çox təhlükəli vəziyyətə çatmaqdadır. Dövlət başçıları bu istiqamətdə birgə müsbət addımlar atmaq haqqında razılığa gəldilər. Türkiyə Cümhuriyyətinin prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da bu sammitdə qeyd etdiyi kimi bir sıra dövlətlər miqrasiya ilə mübarizəyə xərclədiyi vəsait iqlim dəyişikliyi ilə mübarizəyə xərclədikləri vəsaitdən iki dəfə artıqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər zaman vaksin millətçiliyinə qarşı dünyada ədalətsizliyin hökm sürməsini bildirimişdi. Bu sammitdə vaksin millətçiliyi məsələsinə də toxunuldu. Dünyada ən çox vaksin sifariş verib, alan 10 dövlət G-20-nin üzvləridir. G-20-yə üzv dövlətlərin liderləri bu ilin sonunda və gələn ilin əvvəllərində yoxsul dövlətlərə vaksin göndərilməsi barədə də razılığa gəliblər. Almaniya kansleri Angela Merkel yoxsul dövlətlərə vaksin göndərilməsi barədə də razılığa gəliblər. Alman kansleri Merkel yoxsul, imkansız dövlətlərə yaxın vaxtlarda Almaniya dövlətinin pulsuz 150 milyon vaksin göndərəcəyini söyləyib. Eləcə də sammitdə qlobal minimum korporativ vergi müqavilələri də təsdiqlənib. Dünyadakı qlobal şirkətlərin 2023-cü ildən etibarən 15%-lik dərəcəsi də vergiyə cəlb olunması nəzərdə tutulub”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, G-20-yə üzv olan dövlətlər öz üzərinə düşdüyü öhdəlikləri yerinə yetirəcəklər və dünyada istər iqtisadi, istərsə də digər sahələrdə böyük irəliləyişlər olacaq: “Sammitdə maraq kəsb edən məsələlərdən biri də dövlət başçılarının ikitərəfli görüşlər keçirmələri oldu. Bunlarla yanaşı Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Co Bayden ilə görüşərək bir sıra məsələləri müzakirə etdi. Həmçinin cənab Rəcəb Tayyib Ərdoğan Fransa prezidenti Makron ilə də görüşdü. Makron ilə Azərbaycanın tutduğu haqlı mövqeyi barədə söhbət edib. Türkiyə prezidenti Makrona Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini və Cənubi Qafqazda bundan sonra sülhün bərqərar olması naminə işlərin görülməsinin vacib olduğunu da vurğulayıb. Eləcə də Türkiyə Cümhuriyyətinin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşdü. Bu görüşdə “3+3” formatının reallaşmasının mümkünlüyü də müzakirə olunub. Beynəlxalq tədbirlərdə Azərbaycan olmadıqda Türkiyə hər zaman Azərbaycanı, Türkiyə olmadıqda isə Azərbaycan həmişə Türkiyəni təmsil edir. Bu da əsl dostluğun və qardaşlığın bir nümunəsidir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə