“8 noyabr Zəfəri xalqımızın yenilməz, dəmir iradəli xalq olduğunu sübut etdi” ÖZƏL-MÜNASİBƏT

“Artıq bir neçə gündən sonra böyük Zəfər günümüzün ildönümünü qeyd edəcəyik. Ötən bir il ərzində hər gün biz bu qürurverici günlə yaşadıq. Hər günümüz Zəfər günü oldu. Ali Baş Komandanımızın işğaldan azad edilmiş torpaqlara quruculuq-bərpa işləri ilə bağlı çoxsaylı səfərləri bizə 2020-ci ilin 8 noyabr Zəfərini təkrar-təkrar yaşatdı. Ermənistan təslim Aktına 10 noyabrda imza atsa da, biz Zəfər günümüzü uca Qalamız Şuşanın azad olunduğu gün olaraq qeyd edirik”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, Şuşanın azad olunmağı ilə mənfur düşmən tam olaraq darmadağın edildi: “Şuşaya qalxan yolların üzərinə səpələnmiş saysız-hesabsız erməni əsgərlərinin leşləri bu ordunun biyabırçı məğlubiyyət səhnəsi idi. Tarix boyu daim bütün xainlərin sonu bu cür bitmişdi. Xain qonşularımızın da bizə qarşı xəyanətinin sonu bu məntiqi sonluqla bitməliydi. SSRİ-nin dağılma prosesinin vintləri olan xain erməni siyasətinin sonu bu olmalı idi. Ermənilər Azərbaycanın müstəqilliyinin ilk günlərindən, dövlətçiliyimizin hələ də tam formalaşmamasından, hakimiyyət uğrunda gedən mübarizədən istifadə edərək, havadarlarının yaxından iştirakı ilə torpaqlarımızı işğal etmişdi. Yüz minlərlə soydaşımızı öz vətənlərindən didərgin salan, yedikləri çörəyə xəyanət edən bu mənfurların dərsi, nəhayət, Ali Baş komandanımızın apardığı siyasət və misilsiz rəhbərliyi ilə xalqımızın birliyi, rəşadəti sayəsində layiqincə verildi. Ordumuzun dəmir yumruğu ermənilərin xain başını əzdi. 8 noyabr Zəfəri Azərbaycan xalqının həm də dünyaya bir daha yenilməz, səbirli, dəmir iradəli xalq olduğunu sübut etdi. Dahi rəhbərinin komandanlığı ilə Azərbaycan ordusu düşmənin 27 sentyabr növbəti hücumunun qarşısını alaraq əks hücumla 44 günlük Vətən müharibəsinə başladı. Xalq öz müdrik Prezidentinin ətrafında birləşərək bu Tarixi savaşa başladı”.

A.Xəlilov onu da bildirdi ki, Azərbaycan oğulları 30 illik erməni lovğalığının sonunu gətirdi. Bu yolda canından keçərək şəhid oldu: “Onlara tarixi bir dərs verildi. Əminəm ki, bu dərsi onlar heç vaxt yaddan çıxarmazlar. Son iki əsrdə Azərbaycan xalqının başına gətirilənlər dünyada az sayda xalqların taleyinə yazılıb. Torpaqları zəbt olunub, dəfələrlə soyqırım yaşayıb, tarixi ərazisində saxta erməni dövləti yaradılıb. Uzun illər repressiyalar yaşayıb. Amma bu xalq sınmayıb mübarizə aparıb. Bir əsrdə iki dəfə müstəqillik əldə edib. Şərqdə ilk demokratik dövlət yaradıb. Nəhayət, XX əsrin sonunda növbəti və daimi olaraq öz müstəqilliyinə qovuşub. Vətəndaş müharibəsi yaşayıb. Torpaqları xaincəsinə işğal olub. Amma bu xalq öz mübarizliyinə, oğullarına güvənib ümidli olub. Məhz Ümummilli Lider Heydər Əliyev kimi tarixi şəxsiyyət bu xalqın fəxri olaraq onun çətin dönəmində məsuliyyəti öz üzərinə götürərək xalqımızı baş verəcək faciələrdən xilas edib. Erməni işğalı dayandırılıb. Möhkəm təməllər üzərində dövlətçiliyimiz qurulub. Ordu quruculuğu başladılaraq ölkənin müdafiə qabiliyyəti artırılıb. Ən əsası iqtisadiyyat bərpa edilərək gücləndirilməyə başladılıb. Ümummilli Liderin layiqli davamçısı cənab İlham Əliyevin Prezidentliyi dönəmində başladılan bütün islahatlar uğurla davam etdirilib. Xüsusilə, güclü dövlət və ordu yaradılıb. Ən əsası xalqın birliyi möhkəm təməllər üzərində yaradılıb. Məhz bunun sayəsində biz 8 noyabr Zəfərinə qovuşduq. 8 noyabr Zəfər Günü ilə bağlı çox müsbət ifadələr işlətmək olar. Zamanla daha çox Zəfər günümüzlə bağlı müsbət fikirlər səslənəcək. Fikrimin sonunda mən 8 noyabr günü Ali Baş Komandanımızın Şuşanın azad olunmasını xalqımıza müjdə ilə xəbər verdiyi çıxışı zamanı səsləndirdiyi bir ifadə ilə bitirmək istəyirəm. "Şuşa, sən Azadsan! Biz sənə qayıtdıq!" Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayıram. Qarabağ Azərbaycandır!!!”

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə