"Zəngəzur dəhlizinin açılmasının böyük əhəmiyyəti var" - ŞƏRH EDİLDİ
“Zəngəzur dəhlizinin açılmasının bir neçə istiqamətdə böyük əhəmiyyəti var. Bu dəhlizin siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan zəfər qələbəsindən sonra öz maraqlarını diqtə etməyi gündəmə gətirir. Eyni zamanda Azərbaycanın anklavı olan Naxçıvanla birbaşa əlaqəyə girir”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Cümşüd Nuriyev deyib.
Onun sözlərinə görə, ikinci bir məsələ Azərbaycan ilə Türkiyə arasında birbaşa əlaqə yaranır: “Zəngəzur dəhlizinin Azərbaycan üçün iqtisadi əhəmiyyəti çox böyükdür. Çünki Zəngəzur dəhlizi Azərbaycan üçün yeni bir tranzit şansını gündəmə gətirir. Yəni Azərbaycan şimal-cənub axınının əsas açar dövlətindən birinə çevrilir. Azərbaycan öz ərazisindən birmənalı şəkildə Türkiyə üzərindən Avropaya və Aralıq dənizinə çıxışını əldə edir. Yəni Azərbaycan təkcə Atlantik okeanına yox, həmçinin Hind okeanına da çıxış əldə edir və bu çox mühüm məsələdir. Bu Azərbaycanın logistikası böyüyəcək deməkdir. Eyni zamanda Azərbaycan ilə Naxçıvan arasında iqtisadi əlaqələr möhkəmlənəcək. Birmənalı şəkildə Naxçıvanın iqtisadi cəhətdən gücləndirilməsinə daha çox imkan yaranacaq”.
Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin əhəmiyyətinin üçüncü istiqaməti mənəvi məsələdir: “Azərbaycan uzun müddətdir ki, həm Naxçıvandan, həm də Türkiyədən ayrı düşüb. Birbaşa əlaqələr olmadığına görə, Azərbaycanın mədəni əlaqələri Naxçıvan və Türkiyə ilə kəsilmişdi. Zəngəzur dəhlizinin açılması nəticəsində bu əlaqələr bərpa olunacaq. Yəni mənəvi birlik, yekdillik vəhdət gündəmə gələcək. Bu çox önəmlidir. Yəni Zəngəzur dəhlizinin mədəni, mənəvi əhəmiyyəti çox böyükdür. Bunlarla yanaşı hərbi cəhətdən Zəngəzur dəhlizinin açılması Azərbaycan üçün çox vacib məsələdir. Yəni Zəngəzur dəhlizi açıldıqdan sonra Azərbaycan təkcə iqtisadi-siyasi cəhətdən deyil, həm də hərbi cəhətdən də Naxçıvanın yanında olacaq. 100 ildən çoxdur ki, Naxçıvan Azərbaycandan ayrı düşüb. Bu müddət ərzində də Azərbaycan Naxçıvana kifayət qədər yardım etsə də amma bir növ müəyyən cəhətdən “əksiklik” yaranıb.
Bundan əlavə Zəngəzur dəhlizinin həmçinin qlobal əhəmiyyəti var. Çünki təkcə burada yerləşən dövlətlər üçün deyil, eyni zamanda Gürcüstan və İran faktorunu da nəzərə alsaq, Zəngəzur dəhlizi Asiya ilə Avropa arasında yeni bir logistikanın qurulmasına səbəb olacaq. Digər qlobal əhəmiyyəti ondan ibarətdir ki, türk dünyası bir-biri ilə əlaqə saxlaya biləcək. Bu günə qədər bəzi qərb dövlətlərinin gizli siyasəti nəticəsində həmişə türk dövlətləri bir-birindən ayrı salınmağa çalışıb. Düşünürəm ki, Zəngəzur dəhlizi açıldıqdan sonra bu problem də aradan qalxacaq”.
Arzu Qurbanzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB