Ötən ilin bu günlərində Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu düşmən üzərində öz qələbələri ilə xalqımıza qürurlu, sevincli anlar yaşatmaqda davam edirdi və hər birimizin, hər bir azərbaycanlının keçirdiyi sonsuz fərəh hissini yaxşı xatırlayırıq. Əlbəttə ki, belə sonsuz qürur hissi keçirməyə, fərəhlənməyə hər birimizin haqqı var idi və bu haqqı biz, Azərbaycan Ordusunun rəşadəti, bu ordunun Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təcrübəsi və ümumilikdə desək, liderlik keyfiyyətləri ilə qazanmışdıq. Bəli, bundan sonra bizim qalib Prezidentimiz, qalib ordumuz, qalib xalqımız var deməyə hər birimizin, hər bir azərbaycanlının haqqı çatır və qələbə salnaməsi nəinki Azərbaycan tarixinə, eləcə də dünya tarixinə öz möhtəşəmliyi ilə qızıl hərflərlə yazıldı.
Bir-birinin ardınca əldə olunan qələbələrdən, xüsusən də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı idi və bunu yaxşı başa düşən, həm də qorxuya düşən işğalçı Ermənistan silahlı qruplaşmaları həmin ərazilərdə güclü istehkamlar qurmuşdular. Bəli, Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklərin götürülməsi lazım gəlirdi, çünki, həmin yüksəkliklər düşmənin nəzarətində idi və düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Məhz buna görə də Qubadlı əməliyyatının xüsusi peşəkarlıq və fədakarlıq tələb etdiyini hər kəs bilirdi və qürurverici məqamlardan biri də budur ki, Azərbaycan Ordusu belə bir peşəkarlıq, belə bir fədakarlıq nümayiş etdirdi, ən vacib yüksəklikləri, strateji yüksəklikləri götürdü və ardınca da şəhəri düşməndən, erməni işğalından azad etdi.
Biz artıq Qubadlının işğal tarixini deyil, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti, xalqımızın dəstəyi sayəsində onun azadlıq tarixini, işğaldan azad olunduğu tarixi qeyd edirik, çünki bu səhifələr qızıl hərflərlə tarixə yazılıb. Qubadlı şəhərinin, eləcə də rayonun bir sıra kəndlərinin, yaşayış məntəqələrinin düşməndən təmizlənməsi Azərbaycan Ordusunun Ermənistanla sərhəddə doğru sürətlə irəlilədiyini təsdiqləyirdi. Bu isə qarşı tərəfi durmadan sarsıdır, əsgərlərimizin isə qələbə əzmini daha da artırırdı. Məhz bu baxımdan da qələbələrimizin əldə edilməsində Qubadlının azad edilməsi xüsusi əhəmiyyət kəsb edirdi.
Erməni silahlı qüvvələrinin darmadağın edilməsini məhz Qubadlının işğadan azad edilməsi bir az da sürətləndirdi deməkdə hər kəs haqlıdır. Bu zaman Ermənistan tərəfi də bunun fərqində idi. Elə ona görə də Ermənistan tərəfi həmişə olduğu kimi Rusiyadan yardım istəmək, daha doğrusu silah almaq üçün yalvarmaq məcburiyyətində qaldı. Buna baxmayaraq, İran üzərindən Rusiyanın Ermənistana silah göndərməsi də erməni işğalçılarını xilas edə bilmədi. Artıq bu silahların da əvvəlkilər kimi Ermənistan üçün heç bir əhəmiyyəti, məğlubiyyətdən boyun qaçırmaq üçün rolu olmadı. Bəli, erməni cəmiyyətindən məğlubiyyətlərini gizlədənlər artıq fərqində idilər ki, Azərbaycanın, Azərbaycan Ordusunun qarşısını almaq mümkün olmayacaq və belə bir qənaətə gəlinməsində məhz Qubadlının işğaldan azad olunmasının, bu zaman aparılan əməliyyatların, mübarizənin, savaşın əhəmiyyəti danılmazdır.
Onu da xüsusilə diqqətə çatdıraq ki, Qubadlını azad etməklə, Azərbaycan tərəfi Qarabağla Ermənistanı bağlayan yeganə əlaqə yolunu, Laçın dəhlizini asanlıqla geri qaytarmaq, ələ keçirmək imkanı qazandı. Doğrudur, Qarabağı tərk etmək məcburiyyətində olan mülki əhalini nəzərə alaraq, həmin dəhliz tutulmadı, amma bu vəziyyət də erməniləri sarsıdırdı. Yəni istənilən anda dəhlizin bağlanması ilə bütün əlaqələrinin kəsiləcəyindən ermənilərin qorxuya düşdükləri anlaşılan idi və bütün bunlar məhz Qubadlının işğaldan azad edilməsi ilə reallaşırdı.
Qubadlının işğaldan azad edilməsində diqqət çəkən digər bir məqam ondan ibarətdir ki, Azərbaycan Ordusunun bu rayonu işğaldan azad etməsi ilə müharibədə ilk dəfə Azərbaycanla Ermənistanın dövlət sərhəddi bərpa edildi. Çünki, Qubadlı rayonu Ermənistanla bizim aramızda sərhəddə yerləşirdi. Yəni Qubadlının işğaldan azad edilməsi coğrafi nöqteyi-nəzərdən bu imkanı təmin etdi.
Nəzərdən qaçırmaq olmaz ki, Qubadlı rayonunun işğaldan azad edilməsi Laçın istiqamətində mühüm əməliyyatların keçirilməsi üçün platsdarm qazandırdı. Bunun ardınca isə Azərbaycan Ordusunun Hadrut-Şuşa istiqamətində irəliləmək imkanları genişləndi. Bəli, Qubadlının işğaldan azad edilməsi ilə Azərbaycan Ordusunun nəzarətinə keçəm Laçın dəhlizi tutulmasa da belə, düşmənin manevrlərini məhdudlaşdırdı. Çünki, başda silah-sursat və ərzaq olmaqla Ermənistan tərəfinin bütün ehtiyatları yalnız məhz Laçın dəhlizindən daşına bilərdi və bu dəhlizin ordumuzun nəzarətində olması belə bir məhdudiyyət yaratdı.
Təbii ki, döyüşlərin son nöqtəsini qoyan Şuşa əməliyyatları hesab olunur. Məhz Şuşanın azad edilməsi ilə düşmən diz çokdü və düşmənin təslim olmaqdan başqa çarəsi qalmadı. Bununla belə nəzərə almaq lazımdır ki, Şuşa istiqamətində əməliyyatlara başlanılması üçün də bu rayonun, Qubadlının azad edilməsi xüsusi əhəmiyyət kəsb etmiş oldu. Deməli, Qubadlının işğaldan azad edilməsi torpaqlarımızın, Azərbaycan torpaqlarının, Qarabağın işğaldan azad edilməsi istiqamətində Azərbaycan Ordusunun apardığı haqlı, ədalətli mübarizənin məntiqi sonluğunu daha da yaxınlaşdırdı və bunun üçün daha böyük zəmin yaratdı. Bir sözlə, Qubadlının azad edilməsi çox mühüm, vacib mərhələ oldu.
Bəli, Azərbaycan Ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi, qətiyyəti, iradəsi, liderlik keyfiyyətləri, xalqın birliyi, həmrəyliyi ilə böyük şücaət göstərdi, torpaqlarımızı işğaldan azad etdi. Tarixi ədalətin bərpası təmin edildi. Bunu Azərbaycan öz Prezidentinin rəhbərliyi ilə, öz hesabına, öz gücü, öz qüdrəti ilə edə bildi. Doğrudur, bu tarixi ədalətin bərpa edilməsi bundan sonra hər zaman xalqın qəlbində əbədi olaraq yaşayacaq, hörmət və ehtiramla yad ediləcək əsgər və zabitlərimizin canı, qanı bahasına başa gəldi, amma himnimizin sözlərində deyildiyi kimi, bu yolda can verməyə, qan tökməyə hazır olduğumuzu bütün dünya gördü. Bütün dünya bizim qəhrəman, qalib, müzəffər, öz haqlarını kimsəyə güzəştə getməyən, torpaqlarının bir qarışını belə güzəşt etməyən, sərhədlərini, ərazi bütövlüyünü, suverenliyini, təhlükəsizliyini qorumaq iqtidarında olan bir xalq olduğumuzu yaxşı bildi. Bildi ki, ərazi bütövlüyünü qorumaq iqtidarında olan müzıffır Ali Baş Komandan, cəsur, fədakar Azərbaycan Ordusu, birlik, həmrəylik nümayiş etdirən, hər zaman öz liderinin yanında olan Azərbaycan xalqı bu ölkənin, bu dövlətin haqlarının tapdalanmasına, torpaqlarının işğal edilməsinə, suverenliyinin təhdid edilməsinə imkan verməz.
Bütün xəbərlər Facebook səhifəmizdə