"Türkiyə Azərbaycanın bütün vəziyyətlərində yanında oldu" - ŞƏRH EDİLDİ

“Bildiyimiz kimi 44 günlük Vətən müharibəsi dövründə Türkiyə hər zaman Azərbaycana yaxından siyasi, mənəvi dəstək nümayiş etdirdi. Ümumiyyətlə Ermənistan tərəfindən torpaqlarımızın işğal altında saxlanıldığı 30 ilə yaxın müddətdə Türkiyə hər zaman haqlı mövqeyini dəstəklədi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, beynəlxalq tribunalardan Azərbaycanın ərazilərinin işğaldan azad olunmasının, ərazi bütövlüyünün təmin olunmasının vacibliyini bildirdi və bu istiqamətdə yaxından siyasi dəstək nümayiş etdirdi: “44 günlük Vətən müharibəsi torpaqlarımızın erməni işğalından azad edilməsi ilə nəticələndi. Ötən ilin noyabr ayının 10-da imzalanmış birgə bəyanat Ermənistan üçün kapitulyasiya sənədi idi. Azərbaycan birgə bəyanatda yer alan maddələrə uyğun olaraq öz ərazilərində kommunikasiyaları bərpa etməkdədir, tikinti və quruculuq işlərini həyata keçirməkdədir. Cənab Prezidentin vurğuladığı kimi keçmiş münaqişə vəziyyətində Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən dost ölkələr işğal altında olan ərazilərdə həyata keçirilən tikinti quruculuq işlərində iştirak etmək imkanına malik olacaqlar. Qardaş Türkiyə şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində aktiv şəkildə quruculuq işlərində iştirak edirlər. Azərbaycan Prezidentinin işğaldan azad olunmuş ərazilərimizlə bağlı atdığı bütün addımlar özünün proqmatikliyi ilə seçilir. Bunların içərisində həmin ərazilərdə hava limanlarının tikilməsi ilə bağlı verilmiş qərarı xüsusilə qeyd etmək lazımdır. Bu mənada təxminən 8 ay müddətində inşası başa çatdırılan Füzuli aereportu dünya ictimaiyyətinin yaxından izlədiyi infrastruktur layihəsidir. Ölkə Prezidentinin də vurğuladığı kimi dünya təcrübəsində bu dərəcədə minalanmış bir ərazidə təxminən 8 ay müddətində bütün beynəlxalq standartlara, tələblərə cavab verən beynəlxalq bir aereportun inşasına rast gəlinməyib. Bunu Azərbaycan bacardı. Azərbaycan Prezidentinin iradəsi, qətiyyəti, proqmatik siyasəti sayəsində həyata keçirməsi mümkün oldu”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Türkiyə prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın 26 oktyabrda Azərbaycana bir günlük səfəri çox gümanki Füzuli aereportunun açılış mərasimi ilə əlaqəli ola bilər: “Füzuli aeroportunun açılış mərasiminin keçirilməsi bütövlükdə işğaldan azad olunmuş ərazilərimizin dünyaya bir qapı kimi təqdim olunması baxımından çox önəmlidir. Füzuli aeroportu işğaldan azad olunmuş ərazilərimizdə istifadəyə verilən ilk aereportdur. Bu aeroportun ilk olaraq olduqca strateji, coğrafi mövqeyə malik olan Füzuli şəhərində inşa olunması təsadüfi deyil. Bildiyimiz kimi Füzulidən çox vacib istiqamətlərdə Füzuli-Hadrut, Füzuli-Ağdam, Füzuli-Zəngilan, Füzuli-Cəbrayıl istiqamətlərində avtomobil yolları inşa olunmaqdadır. Füzuli hava limanının istifadəyə verilməsi qeyd etdiyim istiqamətlərdə kommunikasiyanı əhəmiyyətli dərəcədə səmərəli edəcəkdir və işğaldan azad olunmuş ərazilərimizi beynəlxalq hava limanı vasitəsilə dünyaya açmış olacaq. Düşünürəm ki, Ərdoğanın səfəri bununla ola bilər. Çünki Türkiyə Azərbaycanın bütün vəziyyətlərində yanında oldu. Hesab edirəm ki, həm cənab Prezident İlham Əliyevin, həm də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli hava limanının açılış mərasiminin baş tutması dünya miqyasında olduqca pozitiv bir təsir gücünə malik olacaq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə