Prezident İlham Əliyevin müsahibələri Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırır...
Bəşər tarixinin son onillikləri müharibələrlə doludur. Lakin heç bir dövlət başçısı həmin müharibə zamanı çoxlu sayda aparıcı KİV-in maraq dairəsinə düşməyib. Qətiyyətli, nüfuzlu siyasi rəhbərə və dövlət başçısına beynəlxalq marağın yüksək olması təbiidir. Bu marağın müharibə zamanı xüsusilə yüksək olması tam məntiqlidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevə müsahibə üçün dünyanın bir çox tanınmış media qurumlarının müraciət etməsi, məhz ilk növbədə, Azərbaycan Prezidentinin nüfuzlu lider olmasından irəli gəlir.
Elə bu günlərdə Prezident İlham Əliyevin İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində dövlət başçısı bir sox məsələlər aydınlıq gətirərək ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olduğunu bir daha nümayiş etdirdi.
“Status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”
Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə “Ermənistan üçün hələ Dağlıq Qarabağın statusu məsələsi var və keçmişdə Siz onlara qismən muxtariyyət kimi imkanlar təklif etmişdiniz. Bu, hələ də qüvvədədirmi, yoxsa artıq müzakirə predmeti deyil” sualına cavabında bildirib ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur: “Səmimi desəm, son dövrdə biz Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Əfsuslar olsun ki, bu fikirlər bəzi digər ölkələr, onların yüksək səviyyəli nümayəndələri tərəfindən səslənir. Bizim mövqeyimizə gəldikdə, mən bunu dəfələrlə bildirmişəm. Demək olar ki, 30 illik danışıqlar prosesi ərzində Azərbaycanın mövqeyi çox konstruktiv olub”.
Dövlət başçısı onu da bildirib ki, Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə verməyə hazır idik. Lakin bu mövqeyi Ermənistan tərəfi həmişə rədd etmişdir və onlar həmişə “Dağlıq Qarabağ” adlandırdıqları ərazi üçün müstəqillik tələb edirdilər: “Bu gün, müharibə bitəndən və münaqişə öz həllini tapdıqdan sonra bu, təkcə mənim mövqeyim deyil, bu, dünyanın, beynəlxalq ictimaiyyətin əksər hissəsinin mövqeyidir ki, artıq mövcud olmayan “qurumun” statusu haqqında danışmağın yeri yoxdur. Çünki Dağlıq Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur”.
Azərbaycanın iqtisadi zonalarının yeni konfiqurasiyası ilə bağlı Fərman imzaladığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: “Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir. Bu gün Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı ərazidə - Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacaq. Qısaca desək, status məsələsinə qayıtmaq mümkün deyil, status yoxdur və hər kəs bu məsələni unutmalıdır”.
“3+3" regional əməkdaşlıq platforması yaradılsa, bu, yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq”
“Biz “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifini dəstəklədik. Ermənistan hələ ki, cavab verməyib. Görürsünüz, Ermənistan yenə də qeyri-konstruktiv mövqe sərgiləyir”. Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib.
Dövlətimizin başçısı Türkiyənin təklif etdiyi əməkdaşlıq platformasının əhəmiyyətini şərh edərək deyib ki, bu, nəinki müharibədən sonrakı məsələlərə, eləcə də ümumiyyətlə, bizim bölgədə regional inkişafa xidmət edəcək: «Çünki əgər biz regionun altı ölkəsi arasında bu cür əməkdaşlıq formatını yaratmağa müvəffəq olsaq, bu, hər hansı yeni düşmənçilik hərəkətlərinə qarşı əsas zəmanət olacaq. Bu, regional əməkdaşlığın mühüm amilinə çevriləcək və çox fayda gətirəcək”.
Prezident İlham Əliyev qeyd edib ki, təkcə kommunikasiyaların açılması sayəsində biz region ölkələri arasında dərhal ticarət dövriyyəsini artıra, on minlərlə iş yeri aça bilərik. “Bu, yalnız kommunikasiyaların açılması sayəsində olacaq. Bununla belə, qarşılıqlı ticarəti gücləndirsək, müsbət dinamikaya diqqət yetirsək, regionumuz gərginlik məkanından sabitlik və sülh regionuna çevriləcək”.
“Biz Türkiyə və Rusiyanın rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk”
Dövlət başçısı müsahibəsində müharibə zamanı qardaş Türkiyə dövlətinin lap başlanğıcdan dəstək verdiyini, müharibədən sonra da bu dəstəyi davam etdirdiklərini bildirib: “İndi isə, müharibə bitdikdən sonra Türkiyə, o cümlədən Rusiya gələcək regional inkişafda və sabitlikdə çox mühüm rol oynayırlar. Bildiyiniz kimi, Rusiya və Türkiyə Qarabağ bölgəsinin Ağdam rayonunda birgə monitorinq mərkəzini yaradıblar. Eyni zamanda, Rusiyanın sülhməramlıları erməni əhalinin yaşadığı yerlərdə sülhün mühafizəsi tədbirlərini görürlər. Beləliklə, artıq yeni reallıqlar yaranıb. Hər bir ölkə həmin reallıqları nəzərə almalıdır”.
Azərbaycan ilə Ermənistan arasında güclər balansının hələ xeyli müddət əvvəl dəyişdiyini qeyd edən dövlətimizin başçısı deyib ki, biz öz potensialımızı, Ermənistanın potensialını bilirdik: «Ola bilsin, erməni hökuməti Azərbaycan qarşısında şanssız olduğunu, əraziləri dinc yolla boşaltmadığı təqdirdə ciddi çətinliklərlə üzləşəcəyini real şəkildə qiymətləndirə bilmədi”.
Azərbaycan Prezidenti onu da söyləyib ki, bu gün Türkiyə və Rusiya Azərbaycanın və Ermənistanın iki qonşusu kimi sabitlik, təhlükəsizlik və gələcək inkişaf sahəsində çox mühüm rol oynayırlar: “Yəqin bilirsiniz, bu yaxınlarda iki ölkə prezidentlərinin görüşü oldu. Digər məsələlərlə yanaşı, onlar Ermənistanla Azərbaycan arasında vəziyyəti müzakirə etdilər. Biz hər iki ölkənin rolunu çox müsbət, sabitləşdirici rol kimi dəyərləndiririk. Fikrimcə, bu, yeni regional əməkdaşlıq düsturunun özəyini təşkil edir”. “Sizə keçən dəfə dediyim kimi baş nazir Paşinyanla birbaşa bir araya gəlməyə hazırıq. Əslində, danışıqlar və təmaslar başlayıb. Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlığın formatı mövcuddur və bu format kommunikasiyaların açılması məsələsinə həsr olunub».
Prezident İlham Əliyev bu barədə İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində bildirib və deyib ki, həmçinin bu yaxınlarda BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub: “Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə, hesab edirəm ki, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik”.
Dövlətimizin başçısı deyib ki, Azərbaycan dərhal sərhədlərin delimitasiyasına və bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırdır: “Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib. Beləliklə, bizim mövqeyimiz dəyişməz olaraq qalır və bəzi addımlar var, lakin hesab edirəm ki, biz bu il ərzində daha çox irəliləyişə nail ola bilərdik».
“Ermənistan bizə minaların dəqiq xəritələrini təqdim etsə, xoş niyyət nümayiş etdirsə, biz buna adekvat cavab verəcəyik”
Ermənistan və bəziləri tərəfindən “müharibə əsirləri” adlandırılan bu adamların işğaldan azad olunmuş ərazilərə noyabrın sonunda - müharibənin başa çatmasından və Ermənistanın kapitulyasiya aktını imzalamasından iki həftə sonra göndərildiyini qeyd edən dövlətimizin başçısı onların törətdiyi cinayətlər barədə məlumat verib və deyib: “Buna baxmayaraq, biz bu müddət ərzində onların bəzilərini geri qaytardıq ki, bu da xoş məramın göstəricisi idi”.
Prezident İlham Əliyev müsahibəsində Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərdə basdırılmış minaların xəritələri məsələsindən də danışaraq bildirib ki, ilkin olaraq, minalanmış ərazilərin xəritələri tərəfimizdən tələb edildikdə, Ermənistan hökuməti ən yüksək səviyyədə bəyan edirdi ki, onlarda belə xəritələr yoxdur: «Müharibə bitdiyi bir ilə yaxın dövrdə Ermənistanın xəritələri bizə verməməsi nəticəsində mülki vətəndaş və hərbçilərimiz arasında 150 nəfər həlak olmuş və ya ağır yaralanmışdır. Bu yaxınlarda bəzi xəritələr təqdim edilib, lakin həmin xəritələrin dəqiqliyi yalnız 25 faizdir. Beləliklə, bizim tələbimiz ondan ibarətdir ki, Ermənistan bizə dəqiq xəritələr təqdim etsin”.
“Bunu etsələr, xoş niyyət nümayiş etdirsələr, biz buna adekvat cavab verəcəyik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
“Pilot layihə olan kənd bu ilin sonuna və ya gələn ilin əvvəlinə ilk sakinləri qəbul edə biləcək”
“Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasında ilk maneə minalardır. Ərazilər minalardan təmizlənməyincə biz insanları geri qaytara, həyatlarını təhlükə altında qoya bilmərik. Biz minalardan təmizləmə işini özümüz həyata keçiririk. Biz Minatəmizləmə Agentliyimizin heyətini artırmışıq. Bu prosesdə iştirak edən hərbçilərimizin də sayı artırılıb. Lakin bu, vaxt tələb edir”, - deyən Azərbaycan Prezidenti onu da vurğulayıb ki, minaların təmizləndiyi yerlərdə qəsəbələrin, şəhərlərin və kəndlərin tikintisinə başlanılmışdır: “Birinci gördüyümüz iş tələbatların və infrastrukturun tam nəzərdən keçirilməsi oldu. Elektrik enerjisi infrastrukturu bu ilin sonuna, yəni bir neçə aydan sonra tam hazır olacaq. Eyni zamanda, yollara və su təchizatına aid olan məsələlər də vacibdir. Biz artıq bir neçə ay əvvəl pilot layihə olaraq kəndlərdən birinə sərmayə qoymağa başlamışıq və ola bilsin, bu ilin sonuna və ya gələn ilin əvvəlinə həmin kənd ilk sakinləri qəbul edə biləcək. Bu proses artıq gedir. Bütün şəhərlər üçün baş planlar hazırlayırıq. Sonra isə kəndlər üçün bunu edəcəyik. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayırmışıq”.
Mülki əhalinin işğaldan azad olunan ərazilərə qayıtmasının dəqiq vaxtını söyləməyin çətin olduğunu vurğulayan Prezident qeyd edib ki, proses mərhələli şəkildə başlayacaq.
Bir sözlə, dövlət başçımızın həm hərb meydanında, həm də informasiya savaşında bu nüfuzun qazanılması qalib ölkənin informasiya savaşının sərkərdəsi - Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Ən əsası isə, informasiyalarda diqqətə çatdırılır ki, sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycan mehriban qonşuluq münasibətləri üçün bütün səylərini israrla davam etdirir.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə