Ayətullah Xomeyninin amerikalılarla gizli sövdələşmələri üzə çıxıb ŞOK İDDİALAR

Ayətullah Xomeyninin amerikalılarla gizli sövdələşmələri üzə çıxıb ŞOK İDDİALAR

Riçard Folk: “Biz bilmirik ki, o nəyə görə öz planlarını dəyişdi”

1979-cu ilin 1 fevral tarixində Tehran hava limanına Parisdən çarter reysi ilə qalxan təyyarə endi. Təyyarənin içində ciddi görkəmli və gülümsəməyən bir qocanı 120 jurnalist müşahidə edirdi. Onun adı Ruhulla Xomeyni idi. O öz evinə 15 illik sürgündən geri dönürdü. Belə ki, Xomeyni tanınmış ilahiyyatçı kimi 1964-cü ildə o zamankı hakimiyyəti ən sərt tənqidlərə məruz qoyduğuna, qiyam çağırışlarına görə sürgünə uğramışdı.

1 fevral tarixindən bir neçə gün sonra isə o vaxtkı hökumət süquta uğrayacaq, Xomeyni isə İranı – şəriət qanunları ilə idarə ediləcək İslam respublikasına çevirəcək, qanunların da hakimi özü olacaqdı. Bu dəfə narazıların yanında olan ayətullah statusunda...

Məhz hakimiyyətə gələr-gəlməz yeni yaradılmış İran İslam Respublikasının (İİR) rəhbəri ABŞ-ı ölkənin əsas düşməni, eləcə də “böyük şeytan” adlandırır. Halbuki, Xomeyni həmin vaxtlarda onun özü və ətrafı zamanında “əsas düşmən” adlandırdığı dairələrlə rabitədə olub, əlbəttə ki, özlərinə sərf edəndə...

Xomeyni Fransada gizlənərkən onun mesajları Ağ evə göndərilirdi

SİA xəbər verir ki, həmin olaylarla bağlı Rusiyanın NTV kanalının araşdırmaçı jurnalisti İvan Truşkin bəzi detalları aşkar edərək analitik material hazırlayıb. Həmin materialda isə bir çox maraqlı məqamlar diqqəti cəlb etməklə yanaşı, həm də düşünməyə vadar edir.

Beləliklə, amerikalılarının açılan gizli arxivlərində saxlanılmış sənədlər BBC-nin əlinə keçib və həmin sənədlər sübut edir ki, Xomeyni Fransada gizlənərkən onun mesajları Ağ evə göndərilirdi.

Paris yaxınlığında Nofel-le-Şato. Bizim zamanımızda sakit bir şəhərcik. Ötən əsrin 70-ci illərinin sonlarında burada Xomeyniyə məxsus iki ev olub – birində dəftərxana və inqilab qərargahı yerləşib, digərində isə Xomeyninin özü yaşayıb, qonaqlarını qəbul edib. Tehrana geri dönməsinə bir neçə gün qalmış isə ayətullah Riçard Folkla görüşüb-Prinstonun professoru indiyə qədər həmin görüşü bütün detalları ilə xatırlayır.

ABŞ prezidenti Karter administrasiyası tərəfindən göndərilən məktub şahidlik edir – ayətullahın yaxın çevrəsi amerikalıları belə bir modelə razı olmağa inandırdı və icazə aldı

Xomeyni ilə görüşündən sonra Folk heyrətdə qalmışdı, yəni onu qəddar fanatik adlandırmağın tərəfdarı deyildi. Onun sözlərinə görə, o öz ölkəsinin çiçəklənməsi üçün düşünən tərəqqipərvər düşüncəli şəxsdir, eyni zamanda, hakimiyyətə də iddialı deyil və s.

Riçard Folk Xomeyni haqqında əvvəlcə düşündüklərinin nəyə görə dəyişdiyini belə izah edib: “Xomeyni dedi ki, siyasətdən çəkilməyi planlayıb və dini həyata geri dönməyi düşünür. O, Tehranda qalmağı düşünmürdü və özünü siyasi lider kimi görmürdü, ruhani kimi görürdü. Biz bilmirik ki, o nəyə görə öz planlarını dəyişdi”.

Xomeyni hər halda hiyləgərlik edirdi. Onun “İslam dövləti” (hazırkı terrorçu İŞİD-lə heç bir əlaqəsi yoxdur-R.R.) adlı proqram kitabı birbaşa deyirdi – İrandakı hakimiyyət bilavasitə ruhanilərin əlinə keçməlidir. Təxminən həmin vaxt ABŞ prezidenti Karter administrasiyası tərəfindən göndərilən məktub isə şahidlik edir – ayətullahın yaxın çevrəsi amerikalıları belə bir modelə razı olmağa inandırdı və icazə aldı.

Abbas Milani, Srenford universitetinin professoru: “Amerikalılar biləndə ki, şah hakimiyyətdə qala bilməyəcək, onlar alternativ axtarmağa başladılar və tapdılar – bu, ayətullah Xomeyni idi”

Həmin zaman İranı şah Pəhləvi idarə edirdi. İstənilən Qərb standartlarına qarşı isə etirazlar yüksəlir, onlara qarşı repressiyalar tətbiq olunurdu.

Abbas Milani, Srenford universitetinin professoru: “Sənədlər göstərir: amerikalılar biləndə ki, şah hakimiyyətdə qala bilməyəcək, onlar alternativ axtarmağa başladılar və tapdılar – bu ayətullah Xomeyni idi. Məhz həmin vaxt onlar İran hərbçilərinə qarşı güclü təzyiqlər etməyə başladılar ki, Xomeyni ilə xoşməramlı razılaşmalar əldə etsinlər”.

Beləliklə, özünü ən güclü müttəfiqini itirəndən sonra Pəhləvi şəxsi təyyarəsinin sükanı arxasında oturaraq İranı tərk edir. Hakimiyyətdə yeganə yüksək çinli şəxs olan baş nazir əvvəlcə hava limanlarının bloka salınmaları və Xomeyninin geri dönməsinin qarşısının alınması üçün əmr verir. Bunun cavabında küçələrə yüzminlərlə insan kütləsi axın edir. Hakimiyyət hava məkanını açmaq məcburiyətində qalır.

ABŞ qərbə loyal olan komandirlərə toxunulmayacağına inanıb ayətullahın geri dönməsinə razılıq verərkən, ayətullah hamını öz oyununa gətirir

Xomeyninin geri dönməsinə icazə vermək məcburiyyətinə qalan hökumət onda inanırdı ki, ayətullahı ölkənin ruhanilər mərkəzi olan Qum şəhərinə göndərə biləcək və o da həmin şəhərdə oturarkən heç bir təhlükə yarada bilməyəcək. Lakin bu da bir illüziya idi: Xomeyni təyyarədən enər-enməz 20 dəqiqəlik nitq söyləyir və baş naziri həbs edilməklə hədələyir.

Hakimiyyəti ələ almaq imkanında olan ordu isə sakit dayanır. İran komandanlığı ilə işi amerikalı general Hayzer aparıb və izah edib ki, Vaşinqton dövlət çevrilişini dəstəkləmir. Xomeyni isə kiçik rütbəli zabitlər tərəfinən dəstək gördükdən sonra şaha yaxın generalları amansızcasına təmizləməyə başlayır.

Karter aldadılır - ABŞ qərbə loyal olan komandirlərə toxunulmayacağına inanıb ayətullahın geri dönməsinə razılıq verərkən, ayətullah hamını öz oyununa gətirir.

Xomeyninin Vaşinqtonla rabitəsini sübut edən sensasiyalı sənədlər ictimailəşəndən sonra Tehranda hiddət ab-havası yaranıb: guya sənədlər saxtalaşdırılıb. Lakin ruhani liderin şəxsi məqsədləri üçün “böyük şeytanla” anlaşmalarının üzə çıxması faktı istər birbaşa, istərsə də dolayısı ilə artıq bir çoxlarını düşündürməyə başladıb...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə