44 günlük Vətən müharibəsi qəhrəmanlıq dastanımızdır TƏHLİL

Prezident İlham Əliyev: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq"

"Düz bir il bundan əvvəl Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Mənim əmrimlə Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq genişmiqyaslı əks-hücum əməliyyatına başlamış və 44 gün davam edən İkinci Qarabağ müharibəsində tam Qələbə qazanmışdır". Bu fikirləri Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirib. Bildiyimiz kimi, ölkəmizdə 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən Vətən müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 2-də imzaladığı "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən qeyd edilir. Sentyabrın 27-də xalqımız müharibənin başlanmasının birinci ildönümünü, Anım gününü qeyd etdi.

"BİZ BİRİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏKİ MƏĞLUBİYYƏTLƏ BARIŞMADIQ, GÜC TOPLADIQ, BÜTÜN GÜCLƏRİ SƏFƏRBƏR ETDİK"

"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişdim ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Dəfələrlə demişdim ki, nəyin bahasına olursa-olsun biz öz torpaqlarımızı geri qaytaracağıq. Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu torpaqlarımızdan qovacağıq və belə də oldu"- deyə Prezident bildirib. Ötən əsrin 90-cı illərində baş verən hadisələr Ermənistanın Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları və etnik zəmində təxribatları, terror əməlləri Azərbaycana qarşı hərbi təcavüzlə nəticələndi. 1990-cı illərin əvvəlində Azərbaycan olduqca mürəkkəb vəziyyətlə qarşı-qarşıya idi və siyasi, iqtisadi böhran dərin tənəzzülə yol açmışdı. Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir Liderə ehtiyac olduğunu şərtləndirirdi. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 15 iyununda Azərbaycanda siyasi hakimiyyətə xilaskar missiyalı qayıdışı bizi milli müstəqilliyimizi itirmək təhlükəsindən xilas etdi. Ulu Öndər Heydər Əliyev milli dövlətçiliyimizin mükəmməl konsepsiyasını yaratdı. Dahi Şəxsiyyətin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoydu. Ümummilli Liderin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün müasir dövrün tələbləri və reallıqlarına müvafiq Azərbaycan inkişaf edir. 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin qısa müddət ərzində Ermənistanın 30 il ərzində havadarlarının dəstəyi ilə qurduğu ordusunu darmadağın etdi. "Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkə iqtisadiyyatını gücləndirdik, ölkəmizin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik"- deyən Cənab Prezident bildirib ki, biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik: "Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq. Ermənistan döyüş meydanında məğlub olarkən yenə də ən çirkin əməllərə əl atdı, mülki şəxslərə qarşı hərbi təxribat törətdi. Yüzdən çox mülki şəxs erməni faşizminin qurbanı oldu… Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün bu təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi".

"44 GÜN ƏRZİNDƏ BİR GÜN DƏ OLMAYIB Kİ, BİZ GERİYƏ ADDIM ATAQ"

Öz torpaqlarında Vətən müharibəsinə qalxan Azərbaycanın gücünü təkcə məğlub, işğalçı Ermənistan deyil, bütün dünya gördü. Cənab Prezident bildirib ki, müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq: "Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq".

Müharibə dövründə hər bir azərbaycanlı Azərbaycan Prezidentinin ətrafında daha sıx birləşdi. Və hər kəs Ali Baş Komandanın əmrini gözləyirdi. Xalq-iqtidar birliyi ən çətin anda belə özünü göstərdi. Dövlət başçısının bildirdiyi kimi, Azərbaycan xalqı Azərbaycan Ordusunun arxasında möhkəm dayanaraq ordumuza əlavə güc verirdi: "Günahsız insanların həlak olması, şəhər və kəndlərimizin dağıdılması Azərbaycan xalqının iradəsini qıra bilmədi. Biz hər gün irəli gedirdik, hər gün qələbə qazanırdıq, hər gün yeni uğurlar haqqında məlumatlar daxil olurdu. 44 gün ərzində bir gün də olmayıb ki, biz geriyə addım ataq".

Müharibə dövründə ermənlər fərarilik göstərdi. Azərbaycan xalqı isə məğlubedilməzliyini ortaya qoydu. Statistik məlumatlara əsasən, Ermənistan ordusunda 10 mindən çox fərari olub. "Biz şəhidlərimizlə, qazilərimizlə fəxr edirik, eyni zamanda, Vətən müharibəsində qəhrəmanlıq göstərmiş hərbçilərimizlə, əsgər-zabitlərimizlə fəxr edirik", - deyə Cənab Prezident bildirib.

XALQIN BİRLİYİNİN VƏ SARSILMAZLIĞININ NÜMUNƏSİ

Bu gün Azərbaycan xalqı şəhidlərimizi böyük ehtiramla yad edir. Anım Günündə Bakı şəhərində keçirilən yürüş Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlarımıza və itkin düşmüş soydaşlarımıza böyük ehtiramın nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev, Birinci Xanım Mehriban Əliyeva, gənc kursantlar və hərbçilər Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan igidlərimiz, itkin düşən hərbçilərimiz və Ermənistan dövləti tərəfindən törədilən insanlıq əleyhinə və müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki əhalimizin hər birinin fotolarından ibarət plakatlarla yürüş edərək xalqın birliyinin daimi və sarsılmaz olduğunu, Vətənə olan böyük sevgini bu yürüşlə bir daha ifadə ediblər.

44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də, ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər. Xalqımız mərd, məğrur insanları ilə qürur duyur və illər, əsrlər boyu bu xatirələrdə, əsərlərdə yaşanılacaq. Bir dastana, eposa çevriləcək. Hər bir vətən oğlu qəhrəman övlad kimi gələcək nəsillərə nümunə olaraq təqdim ediləcəkdir.

Neftçilər prospektindən başlayan yürüş Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təməli qoyulan Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinədək davam edib. Xatırladaq ki, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılmışdı. Artıq Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Muzeyinin layihəsi hazırlanıb. Muzey kompleksində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq, burada toplanacaq eksponatlar ərazilərimizin azadlığı uğrunda mübarizə aparan əsgər və zabitlərin igidliyini, xalqın əzmini bir daha nümayiş etdirəcək.

"QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!"

Bəli, Azərbaycan xalqı "dəmir yumruq" əməliyyatı ilə torpaqlarını işğaldan azad etdi. Xalqımız Vətənin müdafiəsi və torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda birliyini, gücünü bütün dünyaya nümayiş etdirdi. Qeyd edək ki, ötən il noyabrın 8-də Şəhidlər Xiyabanını ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Şuşa şəhərini işğaldan azad etdiyini elan edərək: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! ... Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq... Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!" deməsi hər bir azərbaycanlının qəlbində böyük bir sevinc yaşatdı. Əvəzsiz və əbədi sevinc hissini. "Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi, Ordumuzun peşəkarlığını, hərbçilərimizin cəsarətini, qəhrəmanlığını göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaqdır. Çünki bu əməliyyatı yalnız yüngül silahlarla silahlanmış bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək icra ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı Qələbəmizdir", - deyə Prezident bildirib.

Vətən müharibəsi Azərbaycan tarixinə silinməz bir tarixi həkk etdi. Şəhidlərimizin, qəhrəman oğulların vətənpərvərliyi, şücaəti sayəsində Azərbaycan böyük bir qələbəyə imza atdı. Dövlət başçısı müraciətində bildirib ki, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm: "Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq!"

Bu gün Azərbaycan xalqı böyük qələbədən sonra işğaldan azad olunmuş torpaqlara BÖYÜK QAYIDIŞA başlayıb: "Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik. O torpaqlara artıq həyat qayıdır, insanlar qayıdır. Bu qayıdışı ən qısa müddət ərzində təmin etmək bu gün bizim başlıca vəzifəmizdir. Öz müraciətimi Qələbəmizin ayrılmaz hissəsi olan sözlərlə tamamlamaq istəyirəm: Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!", - deyə Cənab Prezident bildirib.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə