"Məmurun öz məsuliyyətini dərk etməsi..." - DEPUTAT ŞƏRH ETDİ

"Prezident İlham Əliyev Cəlilabad və Şəmkir rayonlarına yeni təyin etdiyi icra başçılarını qəbul edərkən səsləndirdiyi fikir və tələblər dövlətin korrupsiya və rüşvətxorluqla mübarizədə prosesində, o cümlədən islahatların davamlılığında əzmli olduğunu göstərir. Dövlət başçısının yerli icra orqanları qarşısında qoyduğu tələblər sərt olduğu qədər də sadədir: rüşvət alma, korrupsiyaya qurşanma, talama, əhali ilə təmasları sıxlaşdır, insanların qayğıları ilə maraqlan və imkan daxilində kömək et. Açığı indiyədək bu tezislərlə uzlaşa bilməyən və nəticədə barələrində tədbir görülən icra başçılarının psixoloji durumu sorğulanmalıdır. Çünki bu şərtlər hər şeydən öncə özündə normal insani münasibətlərin, hüquqi əxlaq və tərbiyə sərhədlərini, eləcə də dövlət ədəbinin minimumlarını əhatə edir". Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, dövlət başçısının digər tələbi təyin olunan rayonun iqtisadi, sosial və mədəni həyatının canlanması üçün səylərin artırılması ilə bağlıdır: "Əslində indiki məqamda etiraf edək ki, bunu etmək çətin olmamalıdır. Hər şeydən öncə ona görə ki, demək olar ki, əksər rayonlarda köklü problemlər demək olar ki, dövlət büdcəsi hesabına və ya dövlət başçısının göstərişi ilə və yaxud cənab Prezident tərəfindən təsdiq edilmiş Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramları çərçivəsində görülüb. Yəni kifayət qədər möhkəm bünövrə var, dövlətin iradəsinin davamlılığını təmin etmək isə artıq təyin olunan məmurun birbaşa öhdəliyidir. Bir sözlə məmurun öz məsuliyyətini dərk etməsi proseslərin sonrakı gedişatı üçün çox vacibdir".

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident açıq şəkildə qeyd etdi ki, yerlərdə insanların dolanışığı, insanların rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır: "Bunun üçün isə hər şeydən öncə məmur nəfsinə hakim olmalı, qohumbazlıq, proteksiya kimi tendensiyalardan uzaq durmalı, yerli iqtisadi proseslərə şəxsi mənafeləri naminə xoşagəlməz müdaxilələrdən çəkinməlidir. Dövlət başçısının toxunduğu digər məqam ictimai nəzarət institutların gücləndirilməsi ilə bağlı oldu. Əlbəttə, istər idarəçilikdə şəffaflığın, istərsə də sosial ədalətin təmin olunmasında ictimai nəzarət vacib amildir. Lakin, burada da xüsusi ehtiyatla davranmaq, sui-istifadə hallarına yol verilməməsi zəruridir. Təəssüf ki, bu gün təcrübədə bəzən ictimai nəzarətçilərin korrupsionerlərlə əlbir olan dələduzlara, yaxud, müəssisələri qapı-qapı gəzən reketlərə çevrilməsi hallarını müşahidə edirik. Bu mənada dövlət başçısının nəzərdə tutduğu əsl ictimai nəzarətin təmin olunması üçün bu proseslərə daha çox nüfuzlu, gözütox və bölgəsində qəbuledilən şəxslərin cəlb edilməsi və digər profilaktik tədbirlər görülməsi vacibdir".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə