"Qayıdış təkcə yeni evlərin tikintisi ilə məhdudlaşmır" - DEPUTAT ŞƏRH ETDİ

“Qarabağa "Böyük Qayıdış" planının ən birinci və vacib bəndi torpaqlarımızın işğaldan azad edilməsi idi. Bu, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı əsgərlərimiz tərəfindən uğurla həyata keçirildi. Bu gün Azərbaycan öz torpaqlarının sahibidir. Azərbaycan öz ərazi bütövlüyünü təsdiq edib və bütün dünya bununla razılaşır”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, ikinci vacib məsələ ərazilərin məcbur köçkünlərin qayıdışı üçün hazırlanmasıdır: “Ermənistan işğalda saxladığı 30 il ərzində torpaqları viran qoyub, kommunikasiya xətlərini dağıdıb, qəbiristanlıqlarda qəbir daşlarını oğurlayıb və bir çox əraziləri minalayıblar. Buna görə də, vətəndaşlarımızın geri qayıtmamışdan əvvəl təhlükəsizliyinin təmin edilməsi vacib məsələlərdən biridir. Ötən bir il ərzində bu istiqamətdə böyük işlər görülür. Ermənistan işğal altında saxladığı torpaqların xəritəsini verməkdən uzun müddət imtina edirdi. Ancaq Azərbaycanın qətiyyəti və davamlı siyasəti bir neçə rayonun mina xəritələrini almağa imkan verdi. Burada da xəritələrdə torpaqlarda basdırılan minaların 25%-i haqqında informasiya düzgün çıxdı”.

Deputat həmçinin qeyd edib ki, bu gün kommunikasiyaların bərpası əsas məsələlərdən biri hesab edilir: “Cənab Prezidentin göstərişi ilə ayrılan vəsaitlə işğaldan azad edilən torpaqlarda 700 km uzunluğunda birinci və ikinci kateqoriyalı yollar çəkilir. Füzulidən Şuşaya çəkilən "Zəfər yolu" artıq bu günlərdə istifadəyə veriləcək. Füzuli inşa edilən aeroport artıq iki təyyarəni qəbul etdi. Eyni zamanda, Laçın və Zəngilanda iki aeroportun açılması gözlənilir. Bu da regiona investisiyaların cəlb edilməsinə böyük imkan verəcəkdir. Həmçinin elektrik, su və qaz xətlərinin diqqətdə olan məsələlərdəndir. Artıq bütün işğaldan azad olunan ərazilər üzrə mobil rabitə bərpa edilmiş və orada işləyən şirkətlər, bərpa işləri ilə məşğul olan kollektivlər sərbəst şəkildə fəaliyyət göstərə bilirlər. Eyni zamanda, bəzi ərazilərdə artıq “Ağıllı kənd” konsepsiyası ilə yaşayış məskənlərinin salınması prosesi gedir. Ümid edirik ki, bu ilin axırı, gələn ilin əvvəllərində artıq bir sıra kəndlərimizə qayıdış mümkün olacaqdır. Qayıdış təkcə yeni evlərin sosial obyektlərin tikintisi ilə məhdudlaşmır. Həmçinin geri qayıdan insanların işlə təmin olunması məsələsi də "Böyük Qayıdış" planında yer tutur. Qarabağın tarixi məskənlərindən biri olan Ağdam şəhərinin bərpası üçün böyük işlər görülür. İşğaldan əvvəl 40 minə qədər əhalisi olan Ağdamda bu gün Baş plan əsasında 100 mindən çox əhali yaşayacaq. Burada möhtəşəm binalar, iş yerləri, sosial obyektlər tikilir. Ağdam özünün gözəlliyi, müasirliyi, tarixi obyektlərin qorunması ilə diqqəti cəlb edəcək. Eyni zamanda, planda Qarabağ universitetinin yaradılması da nəzərdə tutulur. Bu da regionun intellektual kateqoriyasını yüksək səviyyədə saxlamağa imkan verəcəkdir. Bərpa işlərində Şuşa şəhərinin xüsusi yeri var. Şuşanın cənab Prezidentin təklifi ilə parlament tərəfindən mədəniyyət paytaxtı elan edilməsi bütün diqqətin Şuşaya yönəlməsinə imkan vermişdir. Şuşa artıq dövlət qoruğu bir şəhərdir. Şuşada böyük quruculuq işləri görülür. Bunun nəticəsidir ki, bərpa işlərinin tam başa çatmamış Şuşada bir-birinin ardınca mədəniyyət və incəsənət tədbirləri keçirilir. Gələcəkdə isə Şuşanın beynəlxalq turizm mərkəzinə çevrilməsi, mədəniyyət paytaxtının bütün cəhətlərdə qabarıq şəkildə özünün göstərməsi Azərbaycan üçün böyük fəxarət olacaqdır. Bir sözlə, Azərbaycan xalqı öz torplaqlarına sahib çıxaraq bu torpaqları tarixi köklərə söykənərək müasir tələblərə uyğun şəkildə yenidən qurur. Yeni qurulan ərazilər, yeni salınan yaşayış məskənləri tək Azərbaycanın deyil, eyni zamanda, dünyanın da diqqəti cəlb edən yerlərindən biri olacaqdır”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...