YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüş keçirib - FOTOLAR

YAP Ağdaş rayon təşkilatı şəhid ailələri ilə görüş keçirib - FOTOLAR

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, millət vəkili, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Cavid Osmanov Vətən müharibəsində rayonun Pirəzə kəndinin şəhidi Əhmədov Elnur Ehtibar oğlunun, Ağzıbir kəndinin şəhidi İbrahimxəlilov Soyxan Eldəniz oğlunun, Ərəbocağı kəndinin şəhidləri İdrisov Xəyal İbrahim oğlunun və Kərimli Nihad Teymur oğlunun ailə üzvləri ilə görüşub. Eyni zamanda, Qaradeyin kəndinin şəhidi Abbasov Nemət Elçin oğlunun Xırdalan şəhərində yaşayan ailə üzvləri də ziyarət olunub. Onların qayğı və problemləri ilə maraqlanan millət vəkili qaldırılan məsələlərin diqqət mərkəzində saxlanılacağını, həlli ilə bağlı müvafiq tədbirlərin görüləcəyini bildirib.

Şəhid ailələri ilə söhbət zamanı 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu söylənilib. Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyi vurğulanaraq, belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə və övladlarının şəhadətə yüksəlmə xəbərini qürur hissi ilə qarşıladıqlarına görə, şəhid ailələrinə təşəkkür bildirilib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağı və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.

Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş igidlərimizin ailə üzvləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə