"Xarici dairələr Paşinyanı kənardan təlimatlandırır" - POLİTOLOQ AÇIQLADI

"Ermənistan hakimiyyəti hər vəchlə münaqişənin bitmədiyi görüntüsünü yaratmağa çalışır. İstər kommunikasiyaların açılması ilə bağlı sərgilənən qeyri-adekvat yanaşmalar, istərsə də sərhəddə və sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərdə törədilən hərbi təxribatlar bu amildən qaynaqlanır. İsterika içərisində olan Ermənistan regionda sülh və əməkdaşlığın bərqərar olmasını özü üçün qorxunc ssenari kimi dəyərləndirir. Rəsmi İrəvan onun fərqindədir ki, yeni reallıqlara uyğun addım atmaq Qarabağın "statusu" məsələsindən birdəfəlik imtinanı tələb edir. Buna görə də Emrənistan münaqişənin hələ bitmədiyini bəyan edir, Minsk qrupunun prosesə cəlb olunmasının zəruriliyini ön plana çəkir, mövcüd olmayan “status” məsələsini gündəmə gətirir və s. Bir sözlə, Paşinyan və onun komandası hər konstruktiv açıqlamanın əvvəlində, yaxud sonunda müəyyən şərtlər irəli sürməyə çalışır. Beləliklə, İrəvanın mövqeyində aşkar paradoks görünməkdədir. Təəssüf ki, münaqişənin sanki davam etdiyi təəssüratını yaradaraq, məsələnin müzakirəsini ATƏT-in Minsk qrupu platformasına qaytarmağa çalışan xarici dairələr də mövcuddur. Həmin qüvvələr bir sıra hallarda Paşinyanı kənardan təlimatlandırır, İrəvanı hərbi təxribatlara sövq edirlər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, ümumən, Paşinyanın kommunikasiyaların açılması və sərhədlərin delimitasiyası ilə bağlı son açıqlamaları pozitiv qarşılana bilər. Lakin təəssüf ki, əksər hallarda bu kimi açıqlamalardan sonra ənənəvi konyuktur davranış sərgilənir. Buna görə də İrəvanın səmimiyyətinə inanmaq olmur. Ermənistan tərəfi indiki reallığı nəzərə almalıdır. Paşinyan hökuməti mövcud durumu dəyişdirmək imkanına sahib olmadığını və reallıqla ayaqlaşmaq məcburiyyətində olduğunu dərk etməlidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Ermənistanın alternativ seçim şansı yoxdur. İrəvanın yeganə yolu ondan ibarətdir ki, Azərbaycanla danışıqlara gəlsin, əməkdaşlığa qoşulsun və sülh sazişini imzalasın.

İrəvan ona verilən ciddi mesajları anlamalıdır. Bu haqda Ceyhun Əhmədli fikirlərini belə izah edib: "Azərbaycan Prezidentinin Ermənistan tərəfi istəsə də istəməsə də Zəngəzur dəhlizi açılacaq ifadəsi İrəvan üçün ciddi siqnal olmalıdır. Yəni, biz hər bir halda o dəhlizin açılmasına nail olacağıq. Ya dinc yolla, ya da güc yolu ilə. Bütün bunların fonunda işğaldan azad edilmiş torpaqlarımızda abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Nəqliyyat kommunikasiyaları qurulmaqdadır. 3 hava limanının tikilməsi haqqında qərar verilib. Sentyabrın 5-də Füzuli hava limanında ilk sınaq uçuşu həyata keçirildi. Təbii ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində baş verənlər Ermənistan və onun havadarları tərəfindən diqqətlə izlənilir. İrəvan anlayır ki, bütün bunlar iqtisadi layihələrlə yanaşı, həm də Azərbaycanın müdafiə qabiliyyətini, təhlükəsizliyini artıran əsas faktorlardır. Ona görə də zaman Ermənistanın əleyhinə işləyir. Paşinyan hakimiyyəti Azərbaycan Prezidentinin sülh və əməkdaşlıq çağırışlarına nə qədər tez müsbət cavab versə, bir o qədər onların özü üçün faydalı olacaq. Əks halda Azərbaycan bütün parametrlər üzrə öz gücünə güc qatır, müdafiə potensialını daha da təkmilləşdirir və təbii ki, "Dəmir yumruğumuz" da yerindədir".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə