"Azərbaycan qarşısına qoyduğu istənilən hədəfə çatır" - DEPUTAT AÇIQLADI

"Füzuli Hava Limanının işə salınması tarixi əhəmiyyətli bir hadisədir. Bu hadisə bir daha onu göstərdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi, xalqın onu birmənalı şəkildə dəstəkləməsi qarşımıza qoyduğumuz hədəflərə nail olmağımızı şərtləndirir. Artıq iki təyyarənin bir sərnişin, bir də yük təyyarəsinin Füzuli Beynəlxalq Hava Limanına uçuşu təmin olunub. Bu sınaq uçuşları uğurla başa çatıb. Bu, o deməkdir ki, digər iki hava limanı da çox sürətlə işə salınacaq. Söhbət Zəngilan, Laçın hava limanlarından gedir. Bu hadisənin ən böyük siyasi əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycan qarşısına qoyduğu istənilən hədəfə çatır". Bu sözləri SİA-ya açıqlamasında deputat Elman Nəsirov deyib.

Onun sözlərinə görə, cənab Prezident bəyan edib ki, Qarabağ cənnət diyarına çevrilməlidir. Deməli, məhz, bu belə də olacaq. Artıq minalardan təmizləmə sahəsində ciddi uğurlar əldə edilib və edilməkdədir. Azərbaycan dövləti Qarabağın bərpası işlərində çox ciddi nailiyyətlərə imza atmaqdadır. Bunu düşmən tərəfi də görür və çox böyük gərginlik içərisindədir.

Elman Nəsirov bu barədə fikirlərini belə izah edib: "Buna görə də düşmən tərəfi təxribatlara əl atır, atəşkəsi pozur, Şuşanı atəşə tutur. Bunlar hamısı onun nəticəsindədir ki, görürlər ki, Azərbaycan Qarabağda çox böyük nəhəng layihələri həyata keçirməkdədir və nəticələr də göz qabağındadır. Bütün bunları düşmən tərəfi həzm edə bilmir. Azərbaycan Prezidenti dedikdə ki, artıq müharibə başa çatıb və biz Qarabağın yenidənqurma və bərpası işini həyata keçiririk, amma düşmən tərəfi atəşkəsi tez-tez pozur ki, müharibə bitməyib, həllini gözləyən məqamlar var, yalanını beynəlxalq aləmə sırısın. Yenidən status məsələsəni ortaya atırlar. Füzuli Beynəlxalq Hava Limanı bir daha sübut etdi ki, müharibə bitib və Azərbaycan öz işləri ilə məşğuldur. Kimlər bunun əksini düşünürlərsə, onlar, sadəcə, öz böyük məğlubiyyətlərini etiraf etməkdən çəkinirlər. Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycan qarşısına qoyduğu məqsədləri həyata keçirir. Bunun üçün Azərbaycanın böyük siyasi-iqtisadi potensialı var. Ən başlıcası isə xalq-iqtidar birliyi var".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə