Azərbaycan-Türkiyə – hər sahədə iki dövlət, bir millət olduğunu nümayiş etdirir TƏHLİL
Azəbaycanda keçirilən hərbi təlimlərdən Ermənistan niyə təşvişə düşür?
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıb. Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən məşqlərin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı iki ölkə ordularının bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi, komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə vərdişlərinin inkişaf etdirilməsidir. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək. İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.
Qeyd edək ki, Azərbaycan ordusunun 44 günlük müharibədən sonra Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, martın 15-dən Azərbaycan Ordusunda qoşun (qüvvə) növlərinin cəlb edilməsi ilə əməliyyat-taktiki təlimləri başlayıb keçirdiyi ilk irimiqyaslı hərbi təlimlər keçirib. Bu təlimlərin keçirilməsi Azərbaycan ordusunun daha da gücləndirilməsi, müasir silahlarla təchizatının davam etdirilməsi barədə Ali Baş komandanın müharibədən sonra elan etdiyi hərbi-siyasi vəzifəyə uyğundur.
Bəs təlimlərdə qarşıya qoyulan bu döyüş vəzifələri nə deməkdir, nədən xəbər verir?
Məsələ burasındadır ki, ordumuzun müharibədən əvvəl vaxtaşırı olaraq keçirdiyi irimiqyaslı hərbi təlimlərdə qarşıya qoyulan döyüş tapşırıqları və ssenari hücum əməliyyatları üzərində qurulmuşdu, torpaqların işğaldan azad edilməsi vəzifəsinin yerinə yetirilməsinə hesablanmışdı. İndi isə ssenari dəyişib-Azərbaycan ordusunun qarşısında dayanan başlıca vəzifə bölgədə müharibənin nəticələrindən sonra yaranmış status-kvonu qoruyub saxlamaqdan ibarətdir. Çünki Ermənistan işğalçı qüvvələri torpaqlarımızdan qovulub və düşmən ölkə kapitulyasiya ilə razılaşıb. Ordu ölkənin qarşısında onillərdir dayanan bir nömrəli vəzifəni-torpaqların işğaldan azad edilməsi vəzifəsini həll edib. Lakin Azərbaycan ərazilərinin hazırda Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına daxil olan ərazilərində-Dağlıq Qarabağın ermənilər yaşayan hissəsində özünü «dqr müdafiə ordusu» adlandıran və 44 günlük müharibədə darmadağın edilmiş qanunsuz silahlı birləşmələrin qalıqları mövcudluğunu saxlamaqdadır. Qondarma rejimin nümayəndələri bu silahlı birləşmələrin əsasında hansısa «peşəkar ordu» qurmaq barədə planlardan danışırlar. Eləcə də Ermənistanda və Dağlıq Qarabağda revanşit qüvvələrin olduğu da bəllidir, doğrudur, müharibədə aldığı zərbələr nəticəsində Ermənistanın nəinki yaxın, eləcə də orta və uzunmüddətli perspektivdə revanşa cəhd etmək potensialı mövcud deyil. Amma həmin qanunsuz silahlı birləşmələrin nəzəri olaraq hansısa diversiya-terror əməllərinə cəhd etməsi istisna edilməməlidir. Eləcə də həmin qanunsuz birləşmələrin dinc yolla tərksilah edilməsi baş verməsə, onların güc yolu ilə tərksilahı vəzifəsi qarşıya çıxa bilər.
Məhz bu kimi ehtimalları nəzərə alaraq Azərbaycan ordusu elə güc sahibinə çevriləcək ki, düşmən indi və gələcəkdə hər hansı revanş cəhdinə, terrora və ya diversiya əməllərinə əl atmağa cəsarət etməsin. Deməli, indiki təlimlərin ssenarisi də təsadüfi seçilməyib və Azərbaycan ordusu məhz postmüharibə dövründə yarana biləcək hərbi təhdidlərə indidən hazırlaşmağa başlayıb. Bu da «sülh istəyirsənsə müharibəyə həmişə hazır ol» fəlsəfəsindən irəli gəlir. Azərbaycan ordusu müharibədən əvvəl torpaqları düşməndən azad edəcək güc amili olaraq mövcud idisə indi bölgədə sülhə təminat yaradan qüvvədir. Bu baxımdan hazırda başı daxili didişmələrə qarışan Ermənistanın hərbi-siyasi dairələri üçün Azərbaycan Müdafiə Nazirliyinin təlimlər barədə yaydığı məlumatı oxumaq və təlimlərin gedişini izləmək, bunlardan dərs çıxarmaq pis olmazdı.
Cəlil Xəlilov: “Hərbi təlimlər Azərbaycan Ordusunun peşəkarlığının daha da artırılması baxımından mühüm əhəmiyyətə malikdir”
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuzda keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. O, belə hərbi təlimlərin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından önəminə toxunub: «Belə hərbi təlimlərin Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından önəmlidir».
Polkovnik qeyd edib ki, 44 günlük Vətən müharibəsinə qədərki dövrdə də Azərbaycan Ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirib. Bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyefdə hərəkətinin təmini, şərti hədəflərin dəqiqliklə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsidir. Bütün bunların bəhrəsini Vətən müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə qısa zamanda işğal altındakı torpaqları azad edərək düşməni darmadağına məruz qoyub.
Cəlil Xəlilov bildirib ki, keçiriləcək təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb: «Bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artilleriyanın birgə iştirakı ilə əməliyyatın təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və səmərəli şəkildə təmini diqqət mərkəzində saxlanılan əsas məsələlər olacaq. Odur ki, bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək dəyərləndirirəm».
Rusiya XİN-in sözçüsü: «Azərbaycanın hərbi təlimləri heç bir təhlükə yaratmır»
“Azərbaycanın hərbi təlimləri planlaşdırılmış xarakterlidir, regionda sabitlik və təhlükəsizlik üçün heç bir risk yaratmır”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi həftəlik brifinqdə bildirib.
Bir sözlə, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Şanlı Azərbaycan ordusu Azərbaycan tarixini yenidən yazır. Bu, qələbələr tarixidir, bu, işğal altında olan torpaqlarımızın azad olunduğu tarixdir, bu, bütöv Azərbaycanın bərpa olunması tarixidir, Birliyimizdir, Bütövlüyümüzdür.
Və bir vaxtlar Ermənistan rəsmilərinin ağızdolusu danışdığı hərbi texnikalar Vətən müharibəsindən sonra onların məğlubiyyət simvoluna çevrildi. Bu gün işğaldan azad edilmiş ərazilərdə ermənilərdən «xatirə» qalan yüzlərlə dağılmış, külə dönmüş döyüş texnikalarını, silah-sursatları görmək olar. Bütün bunlar düşmən ordusunun hansı vəziyyətdə olduğunu aşkar şəkildə göstərir. İndi sual yaranır, ordusunun yarıdan çoxunu itirən Ermənistan nə ilə revanş edəcək? Erməniləri havadarları silahlandırsa belə, bu, heç nəyi dəyişməyəcək. Müzəffər Azərbaycan Ordusu 44 gündə olduğu kimi, yenə düşmənə döyüş meydanında layiqli dərs keçməyə tam hazırdır. Bu isə Ermənistanın bir dövlət kimi məhvinə səbəb ola bilər. Yəqin ki, revanş eşqi ilə yaşayanlar aqibətlərinin necə olacağını düşünməmiş deyillər.
Bir sözlə, hərbi təlimləri keçirməklə cənab Ali Baş Komandan bir neçə istiqamətlərə, dövlətlərə mesaj göndərir. İlk olaraq bununla Ermənistandakı revanşist qüvvəllərə bildirir ki, ordumuz döyüş qabiliyyətini artırır və ağıllı olsunlar. Əks halda dəmir yumruğumuzu əzəli torpaqlarımızda hiss edəcəklər.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB