"44 günlük müharibə Ermənistan üçün yetərli dərs olmayıb" POLİTOLOQ AÇIQLADI

"Əvvəla onu qeyd etmək lazımdır ki, son vaxtlar daha da intensivləşən erməni təxribatlarının arxasında bir sıra səbəblər dayanır. İlk ehtimal odur ki, Ermənistan rəhbərliyi hələ də aktiv münaqişə fazasının olduğu görüntüsünü yaratmaqla beynəlxalq birliyi guya münaqişənin hələ də həll olunmadığı istiqamətində aldatmağa çalışır. Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın Moskvada verdiyi təxribatçı bəyanatlar da onu göstərir ki, Ermənistan 44 günlük müharibənin nəticəsində cəhənnəmə vasil olan status məsələsini qabartmaqla münaqişə vəziyyətinin qalmasında maraqlıdır. Görünür, 44 günlük müharibə Ermənistan üçün yetərli dərs olmayıb". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ceyhun Əhmədli deyib.

Onun sözlərinə görə, başqa bir ehtimal xaricdəki havadarlarının Ermənistanı təxribatçı addımlar atmağa sövq etməsi ilə bağlıdır. Politoloq bu barədə düşüncələrini belə izah edib: "Aydın məsələdir ki, münaqişənin başa çatması imperialist güc mərkəzlərini qane edə bilməz. Münaqişə faktoru ilə regionda təsir imkanları qazanmaq üçün istifadə edən bu mərkəzlər Qarabağ ətrafında qarşıdurma və ziddiyyətlərin artmasında maraqlıdırlar. Bu baxımdan, onsuzda müstəqil olmayan Ermənistan dövlətinin xaricdən gələn sifarişlər əsasında təxribatlar törətdiyini söyləyə bilərik".

Bu təxribatlar heç bir nəticə verməyəcək. Ceyhun Əhmədli bu barədə deyib: "Azərbaycan istənilən şəraitdə öz milli təhlükəsizliyini ən yüksək səviyyədə qorumaq iqtidarındadır. Ən müasir silahların ordumuzun arsenalına daxil edilməsi prosesi davam etdirilir. Ölkəmizdə həmişə olduğu kimi möhkəm həmrəylik mövcuddur. Cənab Prezidentimizin də ifadə etdiyi kimi dəmir yumruğumuz yerindədir. Milli təhlükəsizliyimizə qarşı yönəlmiş istənilən təhdidi dərhal neytrallaşdıra bilərik".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə