"Ermənistan işğalçılıq siyasətindən, təxribatlarından geri çəkilməyib" - DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizə yeni təyin olunmuş BMT-nin yeni rezident əlaqələndiricisini qəbul edərkən həm də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyindən danışdı". Bu sözləri SİA-ya açıqlamasında deputat Elşad Mirbəşiroğlu deyib.

Onun sözlərinə görə, həqiqətən də ATƏT-in Minsk qrupu 1992-ci ildə məhz Azərbaycan Ermənistan münaqişəsinin dinc vasitələrlə tənzimləmələri üçün yaradıldı: "Lakin ötən 28 il ərzində ATƏT-in Minsk qrupu münaqişənin tənzimlənməsi istiqamətində nəticəyə yönəldilmiş bir addım ata bilmədi. Yaradıldığı gündən bu yana ATƏT-in Minsk qrupu münaqişə vəziyyətinə obyektiv şəkildə yanaşmadı. Minsk qrupu tərəfindən bir dəfə də olsun Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan öz adı ilə işğalçı dövlət adlandırılmadı. Məsələ ilə bağlı cənab Prezident İlham Əliyev vurğuladı ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələri həm də BMT-nin daimi üzvləridirlər. Bildiyiniz kimi, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının intensiv işğal olunduğu bir vəziyyətdə 4 qətnamə qəbul olundu və həmin qətnamələrdə Ermənistan silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması tələb olunurdu. Lakin bu qətnamələr kağız üzərində qaldı və bu qətnamələrin qəbul olunmasının lehinə səs verən ölkələr içərisində həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də var idi. Yəni onlar qətnamələrin icrası istiqamətində təsirli addım atmaq imkanları malik olduğu halda bunu etmədilər. Bu da təbii ki, məsələyə qeyri-obyektiv, ikili standartlardan yanaşmanın təzahürü idi. Ayrıca olaraq bir məqamı da vurğulamaq istəyirəm ki, 2008-ci ilin mart ayında BMT Baş Assambleyasında Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair qətnamə müzakirə olunurdu və həmin qətnamənin lehinə səs verən ölkələrin içərisində Minsk qrupunun həmsədr ölkələri də var idi. Təbii ki, həmin qətnamə qəbul olundu və bu, Azərbaycanın tarixi diplomatik qələbəsi idi. O qətnamədə göstərilirdi ki, Ermənistan silahlı birləşmələri Azərbaycanın işğal altında olan torpaqlarını qeyri-şərtsiz, hər hansı bir şərt irəli sürmədən azad etməlidirlər. Lakin təəssüflə qeyd etmək lazımdır ki, Minsk qrupunun həmsədr ölkələri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Fransa və Rusiya bu qətnamələrin əleyhinə səs verdilər. Bu da bir daha göstərir ki, Minsk qrupu münaqişənin dinc vasitələrlə tənzimlənməsi istiqamətində təsirli addımlar atmaq fikirindən uzaqdır. Minsk qrupunun həyata keçirdiyi fəaliyyət yalnız dekorativ xarakter daşıyırdı. Məhz cənab Prezident bunları nəzərə alaraq Minsk qrupunun 28 il ərzində çox imkanları əldən verdiyini bildirdi. Ölkə Prezidenti həmçinin bildirdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi bu 4 qətnamədə Azərbaycan öz gücü hesabına icra etdi. Cənab Prezident həmçinin vurğuladı ki, Azərbaycan bu addımları atarkən beynəlxalq hüquq normalarına, BMT nizamnaməsinə istinad edib, yəni BMT nizamnaməsinin 51-ci maddəsinə müvafiq olaraq Azərbaycan özünü müdafiə hüququndan istifadə edib. Azərbaycanın hərbi yolla öz torpaqlarını işğaldan azad etməyə vadar edən elə ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi oldu. Biz münaqişənin dinc vasitələrlə tənzimlənməsinə hər zaman hazır olmuşuq. Bu istiqamətdə üzərimizə düşən bütün addımları atmışıq. Lakin Ermənistan işğalçılıq siyasətindən, təxribatlarından geri çəkilməyib və Minsk qrupunun həmsədr ölkələri də təcavüzkar Ermənistana qarşı heç bir zaman təzyiq göstərməyiblər. Bütün bunlar göstərir ki, ATƏT-in Minsk qrupunun fəaliyyəti münaqişənin tənzimlənməsinə deyil, münaqişə vəziyyətinin saxlanılmasına xidmət edir. Belə olan halda Azərbaycan öz hərbi və milli bərabərliyin gücü ilə torpaqlarını işğaldan azad etdi və tarixi ədaləti bərpa etdi".

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə