Yevgeni Mixaylov: İrəvan Moskvaya güvənirdi, Moskva isə “Qarabağ Azərbaycandır” dedi - MÜSAHİBƏ

“Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiyadan silah tədarükü üçün şərt olacaq”

Xəbər verdiyimiz kimi, Ermənistan hər gün Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdə atəşə tutur. Qarabağ məsələsində keçən ilin payızında bu qədər çətin əldə edilən tarixi sülh çatlamağa başlayır. Ermənistan tərəfi Azərbaycana qarşı güc tətbiq etməyin mümkünlüyünü birbaşa bəyan edir. Ermənistan rəhbərləri ötən ilin payızında Azərbaycanla müharibədə ağır məğlubiyyətə uğrayaraq, öz ölkələrinə, iqtisadiyyatlarına, sosial həyatlarına zərbə vurmalarından dərs almayıb, diplomatik yollarla problemin qarşısını almaq mümkün olduğu halda öz hərbçilərinin həyatını qurban verməyə çalışır.

Politoloq, etnik münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov Ermənistanın yenidən niyə təxribat törətdiyinə və keçən ilin noyabrında Moskva, Bakı və İrəvanın imzaladığı üçtərəfli bəyanatı pozmağa çalışaraq vəziyyəti yeni bir müharibəyə niyə yaxınlaşdırdığına dair fikirlərini açıqlayıb:

- Ermənistan Fransa və ABŞ-ı Qarabağ münaqişəsinin son həllinə cəlb etmək üçün növbəti təxribatlara getdi. Bu, əlbəttə ki, Moskvanı məmnun etmir. Bu təxribatların mütəmadi olaraq həyata keçirildiyi Azərbaycana da sərf eləmir.

Çox vaxt Azərbaycana zərbələr Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdən təşkil olunur. Yəni, erməni tərəfi Azərbaycanı cavab verməyə təhrik etməyə çalışır və bununla da Moskvanın sülhməramlı təşəbbüslərinə ləkə salır. Ermənistan Rusiya sülhməramlılarının arxasından təxribatlarını Moskvanın ağır sözünü eşidənədək davam etdirəcək.

Bunun fonunda Paşinyanın Azərbaycanla danışıqlara hazır olduğu barədə "sülhsevər" ifadələrinin olması təsadüfi deyil. O, Azərbaycanın sayıqlığını susdurmağa və daha ciddi şəkildə Bakıya qarşı yeni təxribatlar hazırlamağa çalışır. Təəssüf ki, Qarabağ problemi ətrafında informasiya fonunun gərginləşdiyini görürük.

Hesab edirəm ki, bu baxımdan Moskva və Bakı təcili olaraq sülh nizamlanmasını sona çatdırmalı, sülh müqaviləsi bağlamalı və bu anı ələ keçirməlidir. Azərbaycan Rusiya ilə danışıqlar aparmalı, başqa rıçaqlardan istifadə etməlidir ki, Ermənistan öz “xoş” niyyətini bəyan edərkən onun bu sözündən tutsun. Başqa çıxış yolu görmürəm. İndi İrəvan vəziyyəti elə çəkir ki, Amerika, Fransa yeni təşəbbüslər göstərməyə çalışsın və ATƏT-in Minsk Qrupunun həmsədrləri adı altında öz qoşunlarını Qarabağ sülhməramlı prosesinə salmağa cəhd etsin. Ermənistan noyabrda əldə olunan razılaşmalara əməl etmir. Noyabr müqavilələrini imzalayaraq, Rusiyanı da təxribata çəkmək istəyir.

Paşinyan nə desə desin, yenə də Sorosçu olaraq qalır. Eyni insanlarla əhatə olunur. Şoyqunun Moskvanın Ermənistana silah satmağa hazır olduğunu bəyan etməsi, Rusiya ilə Ermənistan arasında müttəfiq münasibətlərin olması, KTMT çərçivəsində müəyyən razılaşmaların olması ilə bağlıdır. Rusiya Ermənistana hər zaman silah satıb və bu yeni bir şey deyil. Moskva yalnız öz razılaşmalarını yerinə yetirir və hesab etmirəm ki, Rusiyanın yenidən Azərbaycana hücum etməsi üçün Ermənistanı silahlandırdığını düşünmək olar.

Ermənistanın bu mövzunu şişirdərək istifadə etməsi normal deyil. Moskva super texniki silahların Ermənistana ötürülməsində maraqlı deyil. Ermənistanın sadəcə onu idarə edəcək mütəxəssisləri yoxdur və olmayacaq da. Sual budur ki, böyük ehtimalla Rusiya bu məsələdə Ermənistanı Qarabağ məsələsində bir növ öhdəliklərlə bağlayacaq.

Rusiya, Moskvanı başqası ilə əvəz edən Ermənistandan fərqli olaraq, razılaşmalarını yerinə yetirir. Ola bilsin ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi, nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin delimitasiyası və demarkasiyası Rusiyadan silah tədarükü və erməni ordusunun islahatı üçün şərt olacaq. Bu arada Rusiya tərəfinin Ermənistanı silahla təmin etmək vədinə yalnız müttəfiq münasibətləri çərçivəsində ritorika kimi baxmaq olar.

Ermənistan düşünmür ki, təxribatları və mərmiləri ilə vəziyyəti keçən payızdakı vəziyyətə gətirə bilər? Sual budur ki, 2020-ci ildə dəfələrlə Azərbaycanı təhrik edəndə bunu düşünürdü? Azərbaycan Qarabağ ətrafındakı bölgələri özünə qaytarmaq şərtilə, müharibədən yayınmaq və sonra diplomatik yollarla daha çox danışıqlar aparmaq üçün Ermənistanı çox təhrik etdi. Lakin Ermənistan məsələnin sülh yolu ilə həllinə razı olmadı və sonra payını aldı. Moskvanın köməyinə güvənirdi və Moskva isə “Qarabağ Azərbaycandır” dedi. Ermənistan yenə də Rusiyadan istifadə edə biləcəyinə ümid edir.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə