Dağıdıcı müxalifətin faciəsi

Yeni dönəmlə ayaqlaşa bilməyən müxalifət siyasi proseslərdən silinməyə məhkumdur

Dağıdıcı müxalifət daxilində anormal vəziyyət və aparılan səhv siyasət onsuz da ağır olan durumu daha da gərginləşdirib. Xüsusilə də, 44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbəyə kölgə salmaq və cəmiyyətdəki yüksək qələbə sevincinə xələl gətirilməsinə cəhdlərin göstərilməsi müxalifəti ictimai rəyin gözündən tamamilə salıb. Hər kəsi bu mənada bir sual düşündürür, müxalifət nədən ermənipərəst mövqe sərgiləyir? Təbii cavabı sadədir, müxalifəti erməni maraqlarından çıxış etməyə, xarici ağaları təhrik edir. Hansı ki, xarici maraqlı dairələr onlara maliyyə yardımları göstərirlər. Yəni məslək və əqidələrini, milli və dövlətçilik maraqlarını xarici dairələrin ayırdığı pula satırlar. Belə satılan müxalif isimlər sırasında AXCP sədri Əli Kərimli, Müsavat başqanı Arif Hacılı, “Milli Şura”nın rəhbəri Cəmil Həsənli daha çox tanınır və seçilirlər. Bu üzdəniraq məxluqlar hakimiyyətə qarayaxmaq, iqtidar-xalq birliyinə kölgə salmaq üçün hər cür vasitələrdən istifadə edirlər. Onlar sosial şəbəkələrin insanların həyatına aktiv şəkildə daxil olmasından istifadə edərək milli maraqların əleyhinə antitəbliğat kampaniyası aparır, hakimiyyətə qarşı əsassız ittihamlar irəli sürürlər. Bu baxımdan, dağıdıcı müxalifətin cəmiyyətdə, həm də “sosial şəbəkə müxalifəti” kimi ad çıxarıblar.

AXCP və Müsavat hələ də mehriban düşmən obrazında çıxış edirlər

AXCP və Müsavat funksionerləri Azərbaycanın dövlətçilik maraqlarına qarşı şər və böhtan kampaniyasında birlik nümayiş etdirsələr də, əslində, bir-birlərinə qarşı qatı düşməndirlər. Hər fürsətdə, biri digərini gözdən salmaq, sıradan çıxarmaq ənənələrini davam etdirirlər. Bir ara onlar bir araya gələrək, “Milli Şura” deyilən qondarma qurumun yaradılmasında da iştirak etmişdirlər. 129 nəfərin təsisçiliyi ilə yaradılan "Milli Şura" qısa müddət sonra cəmi 16 əski təsisçisi ilə qalmaq zorunda qaldı. Qurumdaxili çəkişmələr o dərəcədə kritik xarakter aldı ki, əksər təhlilçilər "Milli Şura"nı rəqiblərin "razborka" meydanına bənzədirdilər. Burada söz və kompromat savaşı, çəkişmələr və didişmələr hər gün yeni mərhələyə qədəm qoyurdu.

Müsavatın qurumda təşəbbüsü ələ almaq cəhdinin iflasa uğramasından sonra "Milli Şura"nı tərk etməsi digər partiyalar, eləcə də, fərdlər üçün qurumun sıralarını tərk etməkdə bir bəhanə rolunu oynadı. Az sonra ACP, ALP, KXCP, "El" hərəkatı "Milli Şura"dan istefa verdi. Beləliklə, "Milli Şura" daxilində cərəyan edən proseslər bu qurumun faktiki olaraq iflasını reallaşdırdı. Artıq demək olar ki, “Milli Şura” deyilən qurum mövcud deyil. Sadəcə, Ə.Kərimli hikkəsinin və iddiasının əsasında “Milli Şura”nın mövcudluğunu kağız üzərində də olsa saxlamaqdadır. Ümumiyyətlə, bugünkü reallıqlar onu deməyə əsas verir ki, müxalifətin əsas hissəsi dağılmağa məhkumdur. Çünki partiya sədrləri özəl maraqlardan çıxış edir, xalqa fayda vermək, ölkədə demokratik proseslərin sürətlənməsinə dəstək olmaq siyasətindən uzaqdırlar. Vəhdət partiyasının sədri, Milli Məclisin deputatı o fikirdədir ki, müxalifətin dağıdıcı qanadının sıradan çıxması qaçılmazdır.

O, "Səs" qəzetinə açıqlamasında bildirdi ki, müxalifətin dağılması real görünür, çünki partiya sədrləri müstəqil deyillər, hansısa xarici fondların təmsilçilərindən asılıdırlar: "Ümumiyyətlə, bu gün insanlar nəyə inanırlar: ideologiyaya, təşkilata, yoxsa liderə? Amma müxalifətdə bu gün bu sadalananların heç biri yoxdur. Belə olan halda da, müxalif partiyalarda vaxtaşırı istefalar baş verir. Bu gün, demək olar ki, müxalifət partiyaları təşkilat kimi aşınıblar, yəni zəifləyərək, lazımsız quruma çevriliblər".

T.Kərimlinin sözlərinə görə, sıravi üzvlər lazımsız quruma çevrilən təşkilatlarda qalmaq istəmirlər: "Belə olan halda da, müxalifət düşərgəsində olan şəxslər istefa verərək, oradan uzaqlaşırlar. Çünki bu cür təşkilatla, liderlə və ideologiya ilə ortaq olmaq və talelərini bağlamaq istəmirlər". Vəhdət sədri onu da bildirdi ki, bu gün müxalifət partiya sədrləri özlərinin apardıqları yanlış olan siyasətlərindən heç bir nəticə çıxarmaq istəmirlər: "Partiyaların formalaşmasında və güclənməsində lider birbaşa məsuliyyət daşıyır. Yəni partiyanın adından danışır və onu təmsil edir. Ümumiyyətlə, demək olar ki, lider partiyanın fəaliyyətini koordinasiya etməlidir, liderin qurşağı gen olmalıdır, hətta müxalifət düşərgəsini təmsil edən həmin lider partiya daxilində bir-biri ilə münaqişə aparan partiya üzvlərini ortaq məxrəcə gətirərək, mehribanlıq yaratmalıdır. Amma təəssüflər olsun ki, müxalifətdə sadaladıqlarımın heç biri yoxdur. Əksinə, həmin müxalifət partiya sədrləri ancaq özlərinin şəxsi ambisiyalarını düşünürlər. Özlərini bir lider kimi apara bilmirlər. Ona görə də, belə bir vəziyyət yaranır. Eyni zamanda, müxalifət liderlərinin yanlış siyasətlərindən nəticə çıxarmaq istəməmələrinin əsas səbəbi də, o postu daimi tutmaq imkanını hər zaman götür-qoy etmələridir. Yəni düşüncələri, nə olursa-olsun, bu post əldən çıxmasın. Bu baxımdan, onların əsas niyyətləri və fəaliyyətləri zəbt etdikləri sədrlik kreslolarını əldən verməməkdir".

İ.ƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə