“YAP qalib ölkənin hakim partiyasıdır” - Gülayə Səfərova

“YAP qalib ölkənin hakim partiyasıdır” - Gülayə Səfərova

Məlum olduğu kimi, avqustun 4-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında partiyanın VII Qurultayında YAP-a birləşən siyasi partiyaların bir qrup nümayəndəsinə üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov mərasimdəki çıxışı zamanı vurğulayıb ki, bu il martın 5-də keçirilən YAP-ın VII Qurultayında mühüm qərarlar qəbul olunub və bu qərarlar sırasında 6 siyasi partiyanın YAP-a qoşulması da xüsusi vurğulanmalıdır. Bununla bağlı SİA-ya Yurddaş Partiyasının sabiq sədri, artıq Yeni Azərbaycan Partiyasında təmsil olunan Gülayə Səfərova açıqlama verərək bildirib ki, belə bir mötəbər qərarın verilməsi ilk növbədə ona görə qürurlu hadisədir ki, YAP qalib ölkənin hakim partiyasıdır: “Məhz 44 günlük Vətən müharibəsində qələbəmizi şərtləndirən əsas amilərdən biri Xalq-İqtidar birliyi və sarsılmaz vətəndaş həmrəyliyi oldu. Müharibə başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların birgə bəyanat verərək Ali Baş Komandana və Ordumuza dəstək nümayiş etdirməsi bu gerçəkliyi bir daha sübuta yetirdi.

Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması da Azərbaycanda milli həmrəyliyin növbəti təcəssümü olaraq dəyərləndirilir. Çox hörmətli Tahir müəllim partiyaya keçidimizin təşkil olunduğu mərasimdə qarşıda dayanan vəzifələr, planlar barədə geniş nitq söylədi, vurğuladı ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatlarından olan Yeni Azərbaycan Partiyası ölkəmizin, dövlətimizin daha böyük uğurlara, qələbələrə imza atması yönündə qətiyyətli addımlarını atmaqda davam edəcək”.

“Biz fəxr edirik ki, təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan nüfuzlu, çoxminlik üzvü olan partiyanın sıralarına qatılmışıq və bundan sonra siyasi fəaliyyətimizi cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə davam etdirəcəyik”, deyə qeyd edən Gülayə Səfərova əlavə edib ki, qarşıda çox önəmli fəaliyyət istiqamətləri dayanır: “Söz yox ki, qarşımızda böyük vəzifələr dayanır və eyni zamanda, YAP üçün müəyyən olunmuş yeni prioritetlərin həyata keçirilməsində öz səmərələrimizi, töhfələrimizi verəcəyik. Bu baxımdan, mən Prezident İlham Əliyev cənablarına təşəkkür edir, bundan sonra YAP üzvü olaraq üzərimə düşən vəzifələri layiqincə doğrultmağa çalışacağam. Fürsətdən istifadə edərək, YAP-a üzv olan digər siyasi həmfikirlərimi də təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə