"Jirinovskinin son bəyanatını təhlil etmək lazımdır" - POLİTOLOQ ŞƏRH ETDİ

"Rusiya liberal demokratlar partiyasının sədri Vladimir Jirinovskinin son sərsəm çıxışları regionda, xüsusilə Azərbaycanda ciddi narahatlıqla qarşılanıb". Bunu SİA-ya açıqlamasında politoloq Anar Əliyev deyib.

Onun sözlərinə görə, bu narahatlığın tamamilə haqlı səbəbləri və tərəfləri var: "Jirinovski növbəti dəfə öz ampulasında çıxış edərək, xalqımıza, dövlətimizə, siyasi rəhbərliyimizə qarşı siyasi etika çərçivəsindən kənar ifadələr işlədib. Uzun 10 illiklər ərzində Cənubi Qafqaza sahibi olması ilə əlaqədar olaraq hazırki müstəqil respublikalara qarşı Rusiyanın hansısa sahiblənmə hüququnun olması ilə bağlı xəyallar səsləndirməsi cəmiyyətimiz tərəfindən haqlı narazılıqla qarşılanıb.

Təəssüf ki, Azərbaycan cəmiyyətində müəyyən qüvvələr Jirinovskinin bu sərsəm, qorxulu və narahatedici çıxışını ört-basdır etməyə, bunu bir siyasi təlxəyin dilindən işlənmiş mənasız fikirlər, ifadələr kimi göstərməyə çalışırlar. Hesab edirəm ki, Jirinovskinin çıxışlarını siyasi təlxəyin fikirləri kimi qəbul etmək yalnışlıq olar. Uzun illər Rusiya Dövlət Dumasının sədr müavini işləmiş və hazırda Rusiyada siyasi hakimiyyətin müəyyən qollarına bağlı olduğu və onların sifarişi əsasında fəaliyyət göstərdiyi heç bir şübhə doğurmayan Jirinovskinin bu fikirlərini ciddiyə almaq lazımdır. Öncə nəzərə almaq lazımdır ki, Jirinovski 100 il bundan öncəki hadisələrə diqqət çəkərək həmin hadisələri 2020-2021-ci illərdəki hadisələrlə eyniləşdirməyə çalışır. Bunlar çox qorxulu ssenarilərdən və planlardan xəbər verir. Bu baxımdan belə çıxışları boş vermək olmaz, əksinə bu çıxışlara qarşı xalq-hakimiyyət birliyini bir daha nümayiş etdirməyə ehtiyac var. Bununla təbii ki, baş verə biləcək hər hansı bir təzyiqə və Azərbaycan dövlətinə qarşı hər hansı bir hücuma qarşı Azərbayan xalqı və hökuməti arasında milli birliyin olduğunu nümayiş etdirmək və bu təzyiqlərə qarşı hakimiyyət və xalq birliyinin dayanaqlı duruşunu göstərmək lazımdır.

Hesab edirəm ki, 2020-ci ilin sonlarında Azərbaycan dövlətinin, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun nail olduğu möhtəşəm qələbə və bu qələbənin yaratdığı reallıqlar Qərbi Avropa paytaxtlarında eyni zamanda, cənub və şimal qonşularımızın bəzi siyasi dairələrində çox ciddi narahatlıqla qarşılanır. Həmin qüvvələr bu reallıqların Qafqaz maraqlarının təmin olunmasına ciddi maneə kimi görürlər. Rusiyanın hərbi-siyasi elitasında Cənubi Qafqaz siyasətinə münasibətdə kifayət qədər ciddi fikir ayrılıqları mövcuddur. Təbii ki, Azərbaycan Prezidentinin apardığı uğurlu qonşuluq siyasəti nəticəsində Rusiya dövləti və Prezidenti Vladimir Putin Azərbaycana artıq dost, müttəfiq dövlət, Azərbaycan Prezidenti İlham Əliyevə dost lider münasibəti bəsləyir. Amma Rusiyada bəzi dairələr, xüsusilə hərbi sənaye kompleksi və generalitet regionda Azərbaycaın yaratdığı son reallıqları özlərinin maraqları üçün çox ciddi təhdid kimi qiymətləndirirlər. Buna görə də müxtəlif yollar və vasitələrlə Azərbaycan xalqına və dövlətinə özlərinin siyasi təzyiq alətlərini işə salmaq istəyindədirlər. Bu alətlərdən biri kimi daim müxtəlif sifarişlər əsasında fikirlər səsləndirən, məhz həmin siyasi qüvvələrin fikirlərini səsləndirən Jirinovskinin son bəyanatını təhlil etmək lazımdır.

Eyni zamanda, Azərbaycan dövlətinin Türkiyə ilə imzaladığı Şuşa bəyannaməsi bir çox qonşularımızda olduğu kimi Rusiyada da bəzi dairələri, Jirinovski kimilər başda olmaqla Türk birliyi ideyalarının reallaşmasını özlərinin qorxulu röyası kimi görən dairələri çox ciddi şəkildə narahat edir. Amma unutmaq lazım deyil ki, Azərbaycan dövlətinin məhz bu uğurlu fəaliyyətinin nəticəsi olaraq istənilən üçüncü qüvvə tərəfindən Azərbaycana hər hansı bir təzyiq olacaqsa, bu təzyiq qarşısnda Azərbaycan dövləti və Azərbaycan xalqının birliyi ilə yanaşı həm də türk dövlətinin gücü, ordusu dayanacaqdır. Bu artıq Şuşa bəyannaməsində bir mənalı şəkildə öz əksini tapıbdır.

Bütün bunlar deməyə imkan verir ki, Rusiyada bəzi dairələr Azərbaycanda baş verən proseslərə müdaxilə etmək, Azərbaycanda regionda baş verən proseslərin axarını dəyişmək, yeni reallıqlar yaratmaqla qrup və şəxsi maraqlarını həyata keçirməyə çalışırlar. Bir daha qeyd edim ki, Jirinovskinin belə bəyanatlarını bir siyasi təlxəyin çıxışından daha çox rus şovinist qüvvələrin region xalqlarına verdiyi mesajı kimi qəbul etməli və bu mesaja sərt reaksiya nümayiş etdirmək lazımdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...