“Bakı Bəyannaməsi Prezidentin diplomatik siyasətinin reallığıdır” - Eldar Quliyev

“Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin, dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin, qonşu dövlətlər - Rusiya, İran, Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldar Quliyev deyib.

Eldar Quliyev vurğulayıb ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edərək tarix yazdı: “Bu tarixi zəfəri təmin edən çox mühüm amillərdən biri dost və tərəfdaş dövlətlərin ölkəmizə mənəvi-siyasi dəstəyi oldu. Çünki Türkiyə və Pakistan hər zaman Azərbaycanın haqlı mövqeyini qətiyyətlə müdafiə edib, hər zaman ədalətli və qətiyyətli olub. Həmçinin, hər üç dövlət əməkdaşlığın dərinləşdirilməsində güclü siyasi iradə nümayiş etdirir. İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Pakistan İslam Respublikası Milli Assambleyasının sədrləri arasında imzalanan Üçtərəfli Bakı Bəyannaməsi bu üç dövlətlər arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olmasının göstəricisidir. Və bu gün bu münasibətlərin daha da genişləndirilməsinin göstəricisidir ki, Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürərək, üçtərəfli tarixi Bakı Bəyannaməsi imzalanıb. Üçtərəfli parlamentlərarası əməkdaşlıq formatının ölkələrimiz arasında tarixi qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etdirilməsinə, xalqlarımızın ortaq maraqlarına yüksək səviyyədə xidmət etməyə mühüm töhfə verəcək».

Bu gün imzalanan üçtərəfli Bakı Bəyannaməsinin dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət" tezisinə əsaslanan reallığın təcəssümü oldkğknk deyən millət vəkili Eldar Quliyev onu da vurğulayıb ki, Türkiyə və Pakistan 44 günlük Vətən müharibəsi dönəmində və ondan sonrakı dönəmdə də daima Azərbaycanın yanında olub, Azərbaycan xalqı bu dəstəyi yüksək qiymətləndirir və heç zaman unutmayacaqdır: «Bəyannamənin ilk bəndində Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq, tarixi və mədəni əlaqələr, qarşılıqlı hörmət və əməkdaşlığı gücləndirməyin lazımlılığının qəbulu vurğulanır. Bildirilir ki, dövlətlərimiz və millətlərimiz arasında mövcud olan əlaqələrin daha da dərinləşdirilməsi üçün üç ölkə arasındakı parlamentar dialoq və əməkdaşlığın gücləndirilməsi vacibdir. Həmçinin, bəyannamənin digər bəndlərində parlament sədrlərinin müstəqillik, suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq sərhədlərinin toxunulmazlığı üçün güclü dəstəklərini və qarşılıqlı hörmətlərini yenidən təsdiq etdikləri qeyd olunub. Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə-Pakistan arasında imzalana üçtərəfli tarixi Bakı Bəyannamə Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Eyni zamanda, bu Bəyannamə ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri dayanmadan inkişaf edəcəyinə müsbət təsir göstərəcək, bundan sonra da ölkələrimiz müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə