ATƏT nə edir? Bəs, əslində, nə etməlidir?

ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri dəyişib. Bu proses göstərir ki, Rusiya tərəfi ATƏT-in vasitəsi ilə yenidən aktiv siyasət yürütmək və nələrəsə nail olmaq istəyir. Belə ki, dərhal verilən bəyannamə də buna işarə ola bilər. Digər tərəfdən bəyənnamədə tez-tez himayə sözünün işlənməsi hesablanmış məqsədlərin mənasına gətirib çıxarır.

Moskvanın verdiyi məlumata görə, İqor Anatoliyeviç Xovayev Rusiyadan olan həmsədr təyin olunub. O, bu vəzifədə İqor Valentinoviç Popovu əvəz edib. Fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsində olan 59 yaşlı İqor Xovayev 2015-2020-ci illərdə Rusiya Federasiyasının Filippindəki səfiri vəzifəsində də çalışıb.

Qeyd edək ki, İqor Popov 2010-cu ildən Rusiyanın Minsk Qrupundakı həmsədri olub. Bu yerdə digər bir maraqlı məqam yaranır ki, 10 ildən çoxdur ki, bu vəzifədən çalışan adam niyə belə bir qəliz məqamda dəyişdirilir? Hər halda İqor Popov Rusiyanın və ATƏT-in yeni planlarına uyğun olan standartlara cavab vermir. Çox keçmədən biz bu dəyişikliklərin də mənasını dəqiqliklə anlayacağıq.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupu, Ermənistan Azərbaycan sərhədindəki gərginliklə bağlı bəyanat da yayıb. Bəyanat, Fransa-Stefani Viskonti, ABŞ- Endryu Şofer və Rusiyadan olan həmsədr İqor Xovayevin adından yayılıb. Bəyanatda bildirilir ki, “Həmsədrlər, Fransa -Stefani Viskonti, ABŞ-Endryu Şofer, Rusiya-İqor Kovayev Ermənistan-Azərbaycan sərhədində baş verən son hadisələri, o cümlədən itkilər və insan tələfatı ilə bağlı məlumatları narahatlıqla izləyir. Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır”.

"Həmsədrlər münaqişənin bütün qalan əsas məsələlərinin danışıqlar yolu ilə, hərtərəfli və dayanıqlı həllinə ehtiyac olduğunu bir daha təkrar edir və tərəfləri mümkün qədər tez onların himayəsi altında danışıqlara qayıtmağa çağırır. Tərəflərin prioritetlərini əks etdirən, heç bir şərt qoymadan, formalaşan gündəliyi birlikdə nəzərdən keçirmək və razılığa gəlmək üçün, ATƏT-in Minsk Qrupunun himayəsi altında birbaşa ikitərəfli məsləhətləşmələr təşkil etmək təkliflərini bir daha təkrar edirlər. Həmsədrlər ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin və onun komandasının davamlı səylərini dəstəklədiklərini bir daha təsdiqləyirlər"

ATƏT-in yaydığı bu bəyanatı konkret olaraq qərəzli adlandırmaq olmasa da bir çox cəhətdən Azərbaycanın atdığı siyasi addımlara ləkədir. Belə ki, bu bəyanatda, “Həmsədrlər Ermənistanı və Azərbaycanı vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və 9 Noyabr bəyanatı və digər razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırır” cümləsi birabaşa olaraq bizim mövqeyimizə ziddir. Çünki Azərbaycan ordusu heç vaxt təxribatçı olmayıb. Digər tərəfdən Azərbaycan ordusunun bölgədəki işi, sabitliyi və sülh bəyannaməsinin şərtlərini bərpa etməkdir.

Belə bir məqamda, sadəcə, Ermənistan öz imza atdığı şərtlərlə razı deyil deyə müqavilə şərtlərinə yenidən baxmaq və ya hansısa güzəştlər, yeni müqavilələr imzalamaq tamamilə yanlışdır. ATƏT-in və onun timsalında Rusiyanın görə biləcəyi tək iş Ermənistanı təxribatçı addımlardan çəkindirməkdir. Bölgədə sabitliyə yalnız bu yolla çatmaq olar.

Amma görünən odur ki, onlar Ermənistana düzgün yolu göstərmək yerinə nazı ilə oynayırlar. Bu proses isə erməniləri daha aqressiv təxribatlar törətməyə sövq edir. Belə görünür ki, ATƏT bu cür siyasətə davam edərsə, bölgədə mümkün müharibə ehtimalı çoxalacaq. Proqnoz vermək olar ki, Azərbaycan bir daha öz ədalətini özü bərpa edəcək. Hər halda bizim ordumuz və imkanlarımız buna imkan verir.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə